Aysel Teymurzadə: “Şayiələrə qarşı artıq məndə immunitet yaranıb” - MÜSAHİBƏ
12 noyabr 2009 11:00 (UTC +04:00)

Aysel Teymurzadə: “Şayiələrə qarşı artıq məndə immunitet yaranıb” - MÜSAHİBƏ

““Eurovision”dakı qələbəm indiyə kimi də bəzilərinə rahatlıq vermir”


“Eurovision-2009” müsabiqəsində Azərbaycanı layiqincə təmsil edən və ölkəmizə üçüncülük qazandıran Aysel Teymurzadə son zamanlar haqqında danışılan söz-söhbətlərə ilk dəfə olaraq APA-ya verdiyi müsahibəsində aydınlıq gətirib.


- Son günlərdə yerli kütləvi informasiya vasitələrində klubda Aysel Teymurzadə ilə baş vermiş insident barədə məlumatlar yayılır. Bu məsələyə aydınlıq gətirə bilərsiniz?

- Mən dezinformasiyaya şərh verməkdən imtina edirəm. İnanın ki, mən bu insidentlərin belə şeyləri reallığa çevirmək istəyənlərin qorxulu yuxusu olması üçün hər şey edə bilərəm. Bilirəm ki, “Eurovision”dakı qələbəm indiyə kimi də bəzilərinə rahatlıq vermir, bəziləri heç bu qısqanclığı gizlətmir də. Mən isə onlara sadəcə olaraq hər şeyin yaxşı olmasını, elə məndəki kimi yaxşı olmasını arzulayıram. Barəmdə söz-söhbət məni “Eurovision”da iştirak edəcəyim məlum olduqdan sonra başlayıb və hələ də davam edir. Adımın nahaqdan qalmaqal xronikaya düşməsi mənim üçün xoşagəlməzdir. “Gecə klubunda insident” kəlməsi mənim imicimə uyğun deyil və bunu heç kim edə də bilməz. Əgər mən əvvəllər müxtəlif şayiələrlə, mediada dərc olunan yazılarla bağlı narahatlıq keçirirdimsə, hazırda məndə belə hallara qarşı immunitet yaranıb. Mən “Eurovision” məktəbini keçmişəm. Bu, mənim həyatımda maraqlı və çətin bir dövr olub. Onun nəticəsi isə bürünc yer qazanmaq olub. Mən güclü və cəsarətli qızam, məni sarsıtmaq kifayət qədər çətin işdir.

- Müsabiqədən sonra yaradıcılığınızda yeniliklərinin olmamağı nə ilə bağlıdır?

- Heç bir yerə itməmişəm. Mənin “Warner Music” şirkəti ilə işbirliyim var və bununla bağlı İsveçdə albom yazdırıram. Prodüserim Henrikin rəhbərliyi ilə peşəkarlarla işləyirəm və disk yazıram. İnşallah, yaxın vaxtlarda yeni mahnılarımı eşidəcəksiniz. Bakıda az-az oluram, çünki disk üzərində iş çox vaxt aparır. Amma Bakıya gələndə mənə mütəmadi olaraq televiziyalardan, bu və digər verilişlərdə iştirak barədə dəvətlər gəlir. Efirə isə elə-belə çıxmaq istəmirəm, bu, mənə lazım deyil. Elə ki, yeni musiqi məhsulum hazır olacaq, məhz ondan sonra televiziyalara çıxacağam.

- Bir müddət əvvəl İraklinin konsertində göründünüz.

- İraklinin konsertində olmuşam, konsertdən sonra da keçirilən “after-party”də iştirak etmişəm. O vaxtacan mən İrakli ilə tanış deyildim. Onun insanlarla ünsiyyətdə sadəliyi məni valeh elədi. Məlum oldu ki, ona da, mənə də vokaldan eyni müəllim – Mziya Qambaşidze dərs deyib. İrakli ilə hər şey barədə danışmışıq. Onunla danışmaq mənim üçün maraqlı idi. Bütün tədbirlərdə mən - mənim yaxınlarımın, valideynlərimin inandığı, sınaqdan keçmiş dostlarım kampaniyasında oluram. Mənim çox yaxşı dost kampaniyam var və kənar şəxslərin o kampaniyaya daxil olması məhduddur. Mənim yanımda həyatımın həm yaxşı, həm pis məqamlarında yanımda olan insanlar var. Şadam ki, belə dostlarım var, onları sevirəm və hörmət edirəm.

- Şəxsi həyatınız barədə nə deyə bilərsiniz. Ürəyinizdə kimsə var?

- Bizim ölkədə belə bir təfəkkür var ki, əgər sən hər hansısa bir tədbirə cavan oğlanla gəldinsə, onu dərhal sənin nişanlın elan edirlər, dostluq məfhumunu unudurlar. İnanın ki, oğlanla qız arasında dostluq olur, mən və dostlarım buna sübutdur. Sizin sualınıza gəldikdə, onu bir az başqa cür qurardım - “ürəyində kim yox, ürəyindəki nədir”. Mənim cavabım çoxlarını bir az adi görünər – mənim ürəyimdəki yaradıcılıqdır. Məhəbbətdən söz açsaq, sizə deyim ki, hisslər hər vaxt işə neqativ təsir göstərir. Bu isə indi mənə lazım deyil. Çünki qarşıda məni çox böyük iş gözləyir və mənim üçün ön planda yalnız karyeradır. Əlbəttə bütün qızlar kimi mən də toy, çox gözəl ağ gəlinlik paltarı, maraqlı toy mərasimi haqqında düşünürəm, amma bunlar hamısı sonranın işidir. Bu yalnız özümü təsdiq etmiş müğənni olduqdan sonra ola bilər. Bax, o zaman şəxsi həyat barədə fikirləşmək olar.

- Araşla barənizdə gəzən söz-söhbətlər indiyə qədər də bitməyib...

- Mən elə bilirdim söz-söhbətlər daha aktual deyil. Hər halda mən bu haqda daha eşitmirəm. Araşın bu yaxınlarda toyu olacaq, bu toya o və onun nişanlısı çoxdan hazırlaşırlar. Dekabrda isə mənim prodüserim Henrikin də toyudur. O toyda mən də iştirak edəcəyəm.

- Yeri gəlmişkən İsveçli prodüseriniz Henriklə müqaviləniz barədə daha ətraflı nə deyə bilərsiniz?

- Bütün xırdalıqları açıqlamaq istəmirəm, bircə onu deyə bilərəm ki, bu müqavilə həm məni, həm onu qane edir. Bütün mənim işlərimlə o məşğul olur, o mənim prodüserimdir. Qarşıda bizi böyük işlər gözləyir. Odur ki, maraqlı xəbərlər və yeni mahnılar gözləyin.

- Bu yaxınlarda çəkildiyiniz “Danone” reklamı haqqında nə deyə bilərsiniz? Ötən müsahibələrdən birində çox reklam təklifi aldığını, ancaq o təkliflərdəki şərtlərin Sizi qane etmədiyini bildirmişdiniz.

- “Danone”dan təklif Henrikə gəlib, biz ikimiz bu təklifi dəyərləndirib razılıq verdik. Qonorar haqqında soruşmayın, bu sirdir. Deyə bilərəm ki, qonorardan razıyam. Müqavilənin şərtlərinə gəldikdə isə, “Danone” ilə müqavilə bir illikdir və mən bu müddət ərzində “Aktivia”nın siması olacağam. Bir il ərzində üç reklam çarxı çıxacaq və müqavilənin şərtlərindən biri də odur ki, mənim qida məhsullarını reklam etməyə ixtiyarım yoxdur. Amma mən böyük zövqlə dünya şöhrətli moda brendinin və yaxud zinət əşyalarının reklamında çəkilərdim. “Danone”nin reklamı üzərində beynəlxalq çəkiliş qrupu işləyib, çəkilişlər çox maraqlı keçib və çəkiliş qrupunun nümayəndələri mənə bildirdilər ki, “kamera səni çox sevir” və mən mütləq özümü kinoda sınamalıyam. Bu haqda mən indi fikirləşirəm. Aktyor ustalığı ilə bağlı çox ədəbiyyat əldə etmişəm, indi onları oxuyuram. Qərbdə aktyorluq sənəti kurslarına yazılmağı planlaşdırıram, ancaq ön planda mənim üçün yenə də müğənni karyerasıdır. Amma kim bilir, bəlkə məni Hollivudda da tanıdılar.

- “Eurovision” yaradıcılığınızda yeganə beynəlxalq müsabiqə olacaq, yoxsa bu siyahıda başqa beynəlxalq musiqi yarışmaları da olacaq?

- Hər şey ola bilər. Mənim üçün ən əsas məqsəd Vətənimi, sevimli Azərbaycanımı harada olsa layiqincə təmsil etməkdir. “Eurovision”da yüksək zirvəni, bürünc mükafatı götürə bildim və mən bu səviyyəni saxlamaq yox, daha yüksək zirvələri əldə etməliyəm.

- Məlumdur ki, “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli seçimlər aparılır. Təmsilçilər arasında adları çəkilən iştirakçılar sırasında “Eurovsiion-2010” müsabiqəsində Azərbaycan təmsilçisi olaraq kimi görürsünüz?

- Ölkəmizi gələn ilki müsabiqədə təmsil edəcək sənətçinin kimliyi vacib deyil, əsas odur ki, iştirakçı bunu yüksək səviyyədə təqdim etsin və öz istedadını layiqincə göstərə bilsin. Kimliyindən asılı olmayaraq mən də öz tərəfimdən xoş sözlə, məsləhətlə bizim ölkəni bu müsabiqədə təmsil edən şəxsi dəstəkləyəcəyəm. Onu da qeyd etmək istərdim ki, 2010-cu ildə bu müsabiqədə bizim ölkəni təmsil edən iştirakçı onun üzərinə düşən böyük məsuliyyəti düşünməlidir, çünki o ölkəni beynəlxalq arenada təmsil edir. “Eurovision”da iştirak böyük komanda zəhmətidir və iştirakçı yaxşı nəticə əldə etmək üçün çox zəhmətkeş və iradəli olmalıdır. Hələ ki, Azərbaycanın növbəti ildə təmsilçinin adı məlum deyil, amma mən ona indidən müvəffəqiyyətlər arzu edirəm.

- “Eurovision-2009” müsabiqəsində Türkiyəni təmsil edən Hadisə Açıqgözün erməni təmsilçilərini Türkiyəyə dəvət etmək istəyi və onlarla bir səhnəni bölüşmək təklifinə münasibətiniz necədir?

- Mən həm Türkiyəni, həm türk xalqını çox sevirəm. Onlar bizə tək “Eurovision”da yox, Azərbaycanın ağır tarixi günlərində dəstək olublar. Bu xəbər mənim üçün xoşagəlməz oldu. Düzünü desəm, Hadisədən bunu gözləmirdim, amma həmin konsert baş tutmadı.

- Türkiyə mətbuatından onu da oxumuşuq ki, ilk solo konsertinizi məhz Türkiyədə vermək istəyindəsiniz...

- Mənə tez-tez bu sualı verirlər. Bir dəfə mətbuatda bu haqda məlumat getdi, amma mətbuat nümayəndələri bunu düz təqdim etməyiblər. Çox güman ki, albomum işıq üzü gördükdən sonra Türkiyə solo-konsertlə çıxış edəcəyim birinci ölkələr sırasında olacaq. Sözsüz ki, Azərbaycanda da solo-konsertim olacaq. Gələcəkdə Heydər Əliyev Sarayında mütləq solo konsertlə çıxış edəcəyəm və gözlərdə sevinc, gurultulu alqışlarla
“Aysel! Aysel!” deyə qışqıracaqlar. Mənim konsertimə gələn insanlara mahnılarımı hədiyyə edəcəyəm və o mahnıları mənimlə birlikdə ifa edəcəklər. Mənim arzum dünya səhnəsini fəth etməkdir. Arzularım hər zaman həyata keçir və əminəm ki, bu istəklərim mütləq gerçəkləşəcək. Çünki bunun üçün mən çox aktiv işləyirəm və əldə etdiyimlə kifayətlənmirəm, ancaq irəliliyə gedirəm...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2674

Oxşar yazılar

Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46