“Mənzurə Musayeva  Aygün Kazımovadan yaxşı geyinir”
29 oktyabr 2009 19:00 (UTC +04:00)

“Mənzurə Musayeva Aygün Kazımovadan yaxşı geyinir”

Sənət dünyasının ətli qollarını göstərən, tənqiddən qorxan, zövqlü və zövqsüz xanımları stilist Samir Əliyevin gözü ilə...



Moda və sənət aləmində baş verənlər, zövqlü və zövqsüz müğənnilərlə tanış olmaq istəyənlərə geniş materialı təqdim edirik. Stilist Samir Əliyev bütün təəssüratların və fikirlərini Lent.az-la bölüşüb.

“Mənzurə Musayeva Aygün Kazımovadan yaxşı geyinir”

Samir Əliyevi sənət aləmində tanınmış xanımların geyimi qane etmir: “Heç kimin geyimi məni qane etmir. Mən tamaşaçı kimi deyirəm, hələ stilist kimi danışmıram. Əvvəl həsrətlə Samir Bağırovu, Faiq Ağayevi, Zülfiyyə Xanbabyevanı gözləyirdim ki, səhnədə nə geyinəcək. İndi heç kim geyinmir, çalışır ki, “açıb-töksün”. Təəccübləndirən yoxdur. Vaxtilə Zülfiyyə Xanbabayevada olan imic yox idi. İndi çox sadə, səhnəyə aidiyyəti olmayan geyimlər geyinir.


Aygün Kazımovanı misal götürək. Kənddən gələn müğənnilər ondan yaxşı görünür. Misal üçün, keçən dəfə ekrana baxıram, Mənzurə Musayeva Aygün Kazımovadan yaxşı geyinir. Mənim geyimlərdən yaxşı başım çıxır və geyimlərin hansı markaya məxsus olduğunu da yaxşı bilirəm. Makiyajlar eynidir, saç düzümü eynidir, amma geyimlər tamam fərqlidir”.


“Elza Seyidcahanın cavabı məni şoka saldı”


Stilist müğənni Elza Seyidcahanla bağlı bir əhvalatı danışdı: “Bu yaxınlarda bir verilişdə oldum, Elza Seyidcahanla ikimiz qonaq idik. Mən o qadını zövqlü xanım hesab edirdim. Onun geyimlərinə fikir verməyə başladım. Rənglər bir-birilə uzlaşmırdı. Mən ona peşəmdən irəli gələrək irad tutdum ki, moruğu rəngli paltarla qara ayaqqabı uzlaşmır. Elza Seyidcahanın cavabı məni şoka saldı. Mənə nə cavab versə yaxşıdır? “Ayaqqabımın altı moruğu rəngdədir”. Müğənnilər heç vaxt tənqidlə barışa bilmirlər. Tənqid olmasa, irəliləyiş də olmur axı”.


“Həmin müğənni tənqid etdiyim görüb efirə getməsinə əngəl etdi”


Stilistin qənaətincə, xanım müğənnilər tənqidə nə qədər radikal yanaşsalar da, nəticə çıxarmağı bacarırlar.

“Adını çəkməyəcəyəm, bir müğənni verilişlərin birində hələ çəkiliş vaxtı ona irad tutduğumu eşidib aləmi bir-birinə qatdı. Halbuki mən olduqca real fikir səsləndirib demişdim ki, bu müğənni öz tamaşaçılarına qarşı hörmətsizlik edir. Evdə necə gəzirsə, səhnəyə də o cür çıxır. O, hardansa xəbər tutub bu fikirlərin efirə getməsinə əngəl törətdi. O fikir efirə getməsə belə, həqiqət həqiqətdir...

İndi isə o xanım müğənni artıq səhnədə səliqəli görünməyə başlayıb, bəzənir-düzənir. Deməli, onun tənqidə ehtiyacı varmış”.


“Bizim müğənnilər ətli qollarını göstərirlər”

Samir Əliyevin fikrincə, ən açıq geyinən müğənnilər səhnənin çəkili xanımlarıdır: “Mən heç vaxt sənətçilərə açıq-saçıq geyinməyi, yaxasını-başını açıq qoymağı tövsiyə etmirəm. Nəyə görə, Sofi Loren o vaxt açıq-saçıq geyinirdi? Çünki ideal bədəni var idi. Yaşlandıqdan sonra geyinmədi. Çünki o ideallıq artıq özünü doğrultmurdu. Bizimkilər isə ətli qollarını efirdə göstərməkdən zövq alırlar. Efir adamı 5 kiloqram kök göstərir. Fikrinizə gətirin, o 5 kiloqram da həmin çəkiyə əlavə olunanda necə olur? “


Ən zövqlü beşlik

Samir Əliyev bəyəndiyi xanım sənətçiləri belə sadalayır:

5. Xumar Qədimova - Xumarın əvvəlki geyimlərinə baxanda kənddən gələnlərin geyimlərinə bənzəyirdi. Mən 5-10 il əvvəldən danışıram. Lakin indi onun geyim tərzindən digər müğənnilər istifadə edirlər.

4. Mələkxanım Əyyubova – Mən onda artıq çəki göstərən geyimlər, “bozbaş” saç forması görməmişəm. Çox sadə, əsl xanım kimi, düzgün geyinir. Nə olsun ki, muğam oxuyur. Düzgün rənglərdən istifadə edir, saç düzümü də yaraşandır. Yaşına uyğun edir. Onun bir verilişdə ev qiyafəsində çəkilişə baxdım. Olduqca düzgün geyinmişdi.

3. Zülfiyyə Xanbabayeva - Bir çox müğənni gərək ondan nümunə götürsün. O köklüyünü düzgün şəkildə gizlədir.

2. İradə İbrahimova - Gözəl geyinir, brendlərdən istifadə edir. Maraqlı geyinir, ancaq sonuncu saç düzümü onu çox qocaldıb. Mən 10 il sonrakı İradəni gördüm. Makiyajını, saç düzümünü bəyənmədim. Lakin geyimləri çox dəqiqdir. Rənglərdən ustalıqla istifadə edir.

1. Brilliant Dadaşova - O, işi həmişə professionallara həvalə edir. Onun üzərində Ruxa və Syama kimi adlar çalışır. Öz zövqü olmasa da , əhatəsində zövqlü insanlar var.


Ən zövqsüz beşlik

Stilistin fikrincə, yerli şou-biznes aləmində ən zövqsüz qadınlar aşağıdakılardır:

5. Nüşabə Ələsgərli - Olduqca maraqsız, darıxdırıcı geyinir. Elə bil bazardan alınan köynəkləri geyinir. Zövqü yoxdursa, mənə müraciət etsin, vallah pulsuz ona kömək edərəm.

4. Elza Seyidcahan - O, hər geyimi qarışdırır. Son dəb geyimləri elə qarışdırır ki, paltar cazibəsini itirir. Hər geyimin özünün kompozisiyası olmalıdır. Çox pis geyinir.

3. Xuraman Şuşalı – Baxmayaraq ki, o, mənim dostumdur, amma zövqü yoxdur. Pul verib stilistlə də işləmək istəmir. Geyimləri pisdir, ona baxanda kanalı dəyişmək istəyirsən.

2. Aygün Kazımova - Əvvəllər Aygünün geyimləri nə qədər cazibədar və bəyənilən idisə, indi bir o qədər də əks təəssürat yaradır. Nə qədər bahalı geyinsə də, o əvvəlki işığını itirib.

1. Fədayə Laçın - Bu qadını mən yenicə tanımışam. Televiziya verilişlərinin birində gördüm və dəhşətli bir fakt aşkarladım. Elə bil illər keçib, lakin o xanımın zövq aləmində zaman dayanıb. On il əvvəlki saç şəkli. Mətanət İsgəndərli uzun illər öncə bu saç kəsimini etdirmişdi. Geyimindən isə söz açmağa dəyməz. Dəhşətdir...


Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000

Oxşar yazılar