Murad Arif: “Onlar mahnını notla yazır, mən isə hamamda yazıram...” - MÜSAHİBƏ
19 avqust 2009 19:30 (UTC +04:00)

Murad Arif: “Onlar mahnını notla yazır, mən isə hamamda yazıram...” - MÜSAHİBƏ

Teleməkanın tanınmışlarından olan Murad Arif özünü hələ ki uğurlu teleaparıcı hesab etmir. Son vaxtların hit mahnılarının müəllifi olan Murad, çoxsaylı tənqidlərə baxmayaraq, musiqi sahəsində irəliləməyə qərarlıdır. Hər iki sahədə fəaliyyət göstərən teleaparıcı Lent.az-a müsahibəsində teleməkanda uğurlu və uğursuz fəaliyyət göstərən həmkarlarından danışıb, tənqidlərə cavab verib. Murad Arif söhbətə müsbət notlarla - “qızıl beşlik”dən başlayıb.

- Mənim aləmimdə ən yaxşı şou-verilişlərin aparıcısı Murad Dadaşovdur. Yaxşı aparıcılar çoxdur. İnsanların psixologiyasına bələddir. Murad Dadaşovun təqdimatında şoudan fərqli istiqamət - verilişlər çox rahat alına bilər.

- Lakin Murad Dadaşov bu günə qədər çox tənqid olunub. Xüsusilə onun diksiyası mübahisə mövzusuna çevrilib.


- Diktor və teleaparıcı ayrı-ayrı anlayışlardır. Diktorlar, sadəcə, hazır məlumatı çatdırır, lakin aparıcıları meyarlara bölmək mümkün deyil. Aparıcı maraqlı, məlumatlı olmalıdır. Şəxsən məni əhatə edən televiziya aparıcıları arasında Murad Dadaşov qədər məlumatlı aparıcı tanımıram. İraq müharibəsindən tutmuş, Obamaya kimi, kino, musiqi sahəsində olduqca maraqlı informasiya çatdırır.

- Leksikonda alınma sözlərin işlənməsi mütləqdir? Misal üçün, tanınmış təcrübəli teleaparcılardan biri Murad Dadaşovun “performans” sözünü leksikonumuza xəstəlik kimi yaydığını iddia etmişdi.


- Performans - beynəlxalq kəlmədir. Necə ki, bizim dilimizdə “avtomobil”, “kondisioner”, “kompüter” işlənirsə, o cür “performans” da işlənə bilər. Bizim şou-biznesdə əsl performans sözünə böyük ehtiyac var, çünki həqiqətən də performans göstərən sənətçi yoxdur, ya da azdır.

- Bəzi iddialara görə, müasir dövrün teleaparıcıları arasında inqilab yaradan Kamran Həsənli olub. Sən necə düşünürsən?


- Qətiyyən razı deyiləm. Kamran Həsənlini aparıcı kimi bəyənirəm, amma onun fəaliyyətini inqilab kimi dəyərləndirmək olmaz. Hansı inqilabdan söhbət gedir?

- Məsələn, deyirlər ki, türkçülüyü təbliğ etməklə yeni bir səhifə açmış oldu.


- Türk olduğumu Kamran Həsənlidən öyrənməmişəm. Mən onu orta məktəbdən eşitmişəm. Ola bilsin, onun yaxın çevrəsində kimlərsə bunu hiss edib, lakin mən hiss etməmişəm. Muradın təbliğ etdiyi verilişlər bahalı verilişlərdir. Biz elə bir dövrdə yaşayırıq ki, televizyonçular az pul qoyub reytinq toplamağa çalışır. Tamaşaçıya nə təqdim olunur? Ucuz qalmaqallar. Lakin Dadaşov şou tərəfinə daha çox fikir verir. Kamran Həsənli isə... Verilişləri “Sizin saat”, bir də “Musiqili meydan” idi. Olduqca maraqlı axşam verilişləri, daha çox qonaqların toy auditoriyasının genişlənməsinə xidmət edən meydanlar idi. Bunu inqilab kimi qiymətləndirmək düzgün deyil.
Mənə elə gəlir ki, Kamran Həsənli o potensiala sahibdir ki, daha faydalı verilişlər göstərə bilər.
“Toylar kralı”nı istənilən aparıcı təqdim edə bilər, görünür, Kamrana bu yaxşı maddiyat gətirir, ona görə də potensialından aşağı verilişlər təqdim edir. Gözləyək görək, yeni mövsümdə nə edəcək.

- Beşliyin ikinci mərtəbəsində kim dayanır?


- Könül Arifqızı.

- Birinci Murad Dadaşov, ikinci bacın Könül Arifqızı... Hər ikisi sənə yaxın olan insanlardır.


- Hə. Hər ikisi mənə yaxın olan insanlardır. Ancaq bu söz məni qorxutmur. Mən bunu deyəndə öz məntiqimlə izah etməyi bacarıram. Bu gün Könül Azərbaycan teleməkanında ən səlis Azərbaycanca danışan teleaparıcıdır. Onun nitqinə qulaq asanda Azərbaycan dilində səlis ifadələr, maraqlı cümlələr, söz birləşmələri eşitmək olar. Onun verilişinin məzmununa gəlincə, insanların şou-əyləncəyə meyl etdiyi bir dövrdə konkret olaraq musiqi nümunəsi, əsər araşdırılır. Musiqiçi olduğuna görə mahnını araşdırır, tarixini öyrənir və “bu punktlara, bəndlərə, ya bu səbəblərə görə mahnı iranlıların, farsların, ərəblərin, ermənilərin mahnısı ola bilməz” deyə təqdim edir. Mənə elə gəlir ki, hər bir verilişi tərcümə edib, “youtube”a salmaq, ermənilərin idbar alətlərinin təbliğ etməsinin fövqündə Könül Arifqızının apardığı verilişi tərcümə edib danışan ağızlara möhür vurmaq olar.

Üçüncü yerdə Nərgiz Cəlilovanı görürəm. Mən o qadını çox bəyənirəm. Onun intellektual keyfiyyətindən tamaşaçı kimi ruhlanıram. O, xarizması, enerjisi ilə insanları cəlb edir.

- Sonuncu və reytinq göstəricilərinə görə uğurlu olmayan “Məqamlar”da bu enerjini hiss edə bildin?


- Apardığı verilişlərin məzmunu, zənginliyi barədə heç nə deməyərək, qeyd edim ki, aparıcı olaraq mənim üçün çox maraqlıdır. Ona görə də mənim siyahımda o var.

- Sonuncu verilişi haqqında Nərgiz Cəlilova belə demişdi: “Mənim teleproqramım kimlər üçünsə bir təcrübə idi”.


- Ola bilər. “Məqamlar” da yetişməkdə olan nəsil üçün təcrübə ola bilərdi.

- Lakin o təcrübə deyəndə böyük bir layihə içində yola çıxdığı heyəti nəzərdə tutmuşdu.


- Nərgiz Cəlilova belə cəsarətli cümlələri işlətmək üçün kifayət qədər yetişmiş kadrdır. Mən o veriliş barəsində o qədər də gurultulu kəlmələr işlədə bilməyəcəm.
Mənim üçün maraqlı aparıcı dünyagörüşü sırf öz profilinə uyğun gələn insandır. Məsələn, Rahib Azərini bəyənirəm, sonra Aynur Talıbovanın adını çəkə bilərəm. Kamilə Babayeva, İlkin Həsəni və çoxsaylı tənqidlərə baxmayaraq, Zaur Baxşəliyevi deyə bilərəm.

- Zaur özünü teleməkanda tapa bilib?


- Məncə, Zaur teleməkanda təsadüfi adam deyil. Onun danışıq qabiliyyəti də pis deyil, zarafatlarının istiqamətində korrektələr olsa, çox uğurlu aparıcıdır.

- Siyahıda dostun Turan İbrahimovun olmaması təsadüfidir?


- Turan savadlı oğlandı, onunla başqa bir yerdə oturub danışanda çox maraqlı söbət alınır, Roma imperiyasından ta siyasətə qədər danışacaq. Lakin televizoru açıb onun Pişik Günellə söhbətini eşitdikdə mənə elə gəlir ki, onun daxilində iki Turan var. Mən istəyirəm ki, insanlar mənim həyatda tanıdığım Turanı tanısınlar. Əslində özüm də televizyonçu kimi hələ öz verilişimi aparmamışam. Problemim odur ki, nə aparmaq istədiyimi hələ bilmirəm. Tam mənada daxili aləmimi nümayiş etdirən bir veriliş aparmaq istəməmişəm. Aparıcı kimi özümdən razı deyiləm. Mənə elə gilir ki, həmkarlarım haqqında dediyim sözlər özümə də şamildir.

- Son vaxtlar daha çox mahnı müəllifi kimi çalışırsan, bəlkə buna görə teleaparıcılğa meylin gündən-günə azalır? Yeri gəlmişkən, sənin bəstələrinə yönələn tənqidlər də az deyil.


- Danışan adamları kifayət qədər bəyənirəm, lakin onlar uzaqgörən deyillər.

- Sən özün hansı bəstəkarları bəyənirsən?


- Aygün Səmədzadə, Vaqif Gərayzadə...

- Bax, elə Vaqif Gərayzadə çıxıb desə ki, “mahnı yazma, Murad, ehtiyac yoxdur”...


- Vaqif müəllim başqalarının işini analiz etməyi xoşlayan insan deyil. “Yalnız öz işinlə məşğul ol” sözünü elə ondan öyrənimişəm. O, “Ay qız oyan” mahnımı maraqlı iş kimi qiymətiləndirib. Danışan insanlar bilirsən hansılardır? Azərbaycan klassik estradasının xiffətində olan insanlar... Bu gün efirlərdə şövkətləri, rəşidləri görmək istəyənlər. Kimin üçünsə acı, mənim üçünsə şipşirin olan həqiqət budur ki, hər dövrün öz tələb etdiyi musiqilər var.

- Tənqidçilərin də özlərinin həqiqətləri var. Biri var, insan təxəyyülündən süzülüb gələn musiqilər, bir də var- elektron cihazların, musiqi alətlərinin bəstəyə ikiəlli köməyi...


- Bəri başdan deyim ki, bizdə elektron cihazların yardımı sıfır dərəcəsindədir. Mənim mahnılarımda elektron musiqi cihazlarının aidiyyatı estetikdir. Mahnılarım əsasən pop, arabesk yönümlü musiqilərdir. Mahnıya hissiyatı qoyan hər bir insan super ritmdə mahnı yaza bilər. Hissiyat önəmlidir.

- Niyə ulduzlar son vaxtlar sənin mahnılarını oxuyur? Deyirlər, sənin onlarla ünsiyyətdə olduğun üçün həmkarlarına belə bir şans qalmır. Bu gün çoxlu mahnısı, lakin ifaçısı olmayan bəstəkarlar var.


- Bəs İsmayıl Əsədov? Bəs Ramal? Çoxdur. Tək mən deyiləm. Ramal Abbas Bağırovun vasitəsilə bir çox müğənnilərə mahnılarını təqdim etdi.
Elə danışan həmkarlarımın da çevrəsi böyükdür. Bütün müğənnilər ilə də münasibəti var. Allah hamıya ürəyinə görə versin, onların mahnısı bilmirəm, niyə tutmur? Onlar mahnını notla yazır, mən isə hamamda yazıram... Nə fərqi var? İnsanların qəlbinə yol tapmaq üçün qızıl suyuna işlənmiş kağızla, gümüş qələmlə yaza bilərsən. İstəyirsən, notda, istəyirsən kompüterdə yaz, yetər ki, ürəklə yaz.

-Tənqidlərdə gördüyün haqlı məqamlar var?


- Mənə elə gəlir ki, bir az musiqi savadı lazımdır. Ona görə yox ki, musiqidən xəbərim yoxdur. Mənim evimdə fortepiano var. Bilirəm ki, klassik musiqi nə deməkdir. Konsertvatoriyaya da nə üçün daxil olmaq lazım olduğunu bilirəm. İri həcmli əsərlər professional yanaşma tələb edir. Mən öləndək mahnı janrında musiqi təqdim edəcəm. Notları əlində bayraq edənlər getsinlər, Qara Qarayev kimi musiqilər təqdim etsinlər.
Mən kimə yalvarmışam, kimə pul təklif etimişəm ki, mahnılarımı oxusunlar?
Mən demirəm ki, niyə İsmayıl Əsədov, Emin Kərimi, Gövhər Həsənzadə, Ramal? Niyəsi yoxdur. Kim nəyi istəyir, onu da oxuyur.
Tənqidləri beynimdə analiz edirəm, lakin mənim təbiətimdə tənqidə reaksiya yoxdur. Məni Gərayzadə tənqid etsəydi, daha çox düşünərdim, nəinki başqaları. İndi tənqid edənlər 200-300 manata müğənnilərə mahnılarını sırıyanlardır. Müğənni gəlir onların yanına, başlayırlar bir-bir mahnılarını çalmağa. “Filan mahnım var, qulaq as, buna da qulaq as”... Axşama qədər çalırlar, müğənni ağlaya-ağlaya qayıdır evə. Sonra da fikirləşirlər ki, 946 mahnı göstərdim, niyə heç birini oxumur?
Bir qrup insanların da zamanla ayaqlaşmamaq kimi problemləri var. Elə insanların tənqidi üzərində mən necə düşünə bilərəm? Mən də oturub deyim ki, ay aman, 40-50 il bundan əvvəl “Ay ana, dostum evlənir” mahnısını yazan müəllif məni qəbul etmir. Mənə maraqlı deyil, 50 il bundan öncə “Anacan dostum evlənir” mahnısını yazan mənim mahnımı bəyənir, yoxsa yox...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409

Oxşar yazılar

Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46