Müğənni Kərim: “Axırıncı dəfə Buşla Putini görmüşəm...” - MÜSAHİBƏ
18 iyul 2009 15:00 (UTC +04:00)

Müğənni Kərim: “Axırıncı dəfə Buşla Putini görmüşəm...” - MÜSAHİBƏ

Sizi bilmirəm, əziz Oxucular, mən Kərimi oxumağından daha çox qalmaqalları ilə tanıyıram. Elə siyasi mövzuda bəzi açıqlamaları da kiçik qalmaqala, daha doğrusu başına bəla gəlməsinə səbəb ola bilər. Beləliklə, Lent.az-ın “Ciddi-Ciddi” rubrikasının qonağı müğənni Kərimdir.

- Siyasətlə nə qədər maraqlanırsınız?

- Mən siyasətlə maraqlanmıram və ümumiyyətlə, siyasət mənə, mənim təbiətimə yaxın bir şey deyil. Siyasətlə maraqlanan, məşğul olan insanlar var, bu mövzuda daha çox onlar danışa bilərlər. Məni maraqlandıran yalnız şou-biznesdir. Siyasətdə heç nə mənim üçün maraqlı deyil.

- Hər halda KİV vasitəsilə siyasi mövzularda baş verən hadisələrdən xəbər tutursunuz...

- Bəli.

- Son ciddi siyasi hadisələrdən hansı daha çox diqqətinizi cəlb edib?

- Axır vaxtlarda daha çox diqqətimi çəkən o olub ki, Amerikanın prezidenti müsəlman ölkələrinə çox yaxınlaşır, əl uzadır və hər bir sözündə Allahın adını çəkir. Bu məni həm təəccübləndirir, həm də sevindirir. Onun müsəlmanlara bu qədər yaxın olmağı, yaxşı münasibət bəsləməyi mənə çox yaxşı təsir bağışlayır.

- Sizcə Obamanın bu cür münasibəti nədəndir?

- Yəqin ona görə ki, onun da qanında müsəlmanlıq qanı var. Mən bir-iki yerdən eşitmişəm ki, o, azanın səsini eşitməsindən, azan səsi ilə yuxudan durmasından danışıb. Mən deyərdim, bəlkə də onun qanında müsəlman qanı olduğundan müsəlmanlarla və dinlə yaxınlıq yaratmaq istəyir.

- Sizcə Obamanın İslam dininə simpatiyası ABŞ-İran münasibətlərinin yaxşılaşmasına səbəb ola bilərmi?

- Ola bilər. Çünki mən Obamanı ağıllı bir siyasətçi kimi görürəm. Ola bilər ki, o, müsəlmanlarla belə ünsiyyət qurduğuna görə İranla da yaxşı ünsiyyət qurulsun.

- ABŞ-İran münasibətlərinin indiki durumunu necə qiymətləndirirsiniz?

- Onların arasında atom söhbəti, atom bombası söhbəti gedir. Ona görə də aralarında mehribançılıq yoxdur. Bu məsələni də vaxtilə Buş başlamışdı.

- “Atom bombası söhbəti“ni bir az detallarla danışa bilərsinizmi?

- ...Vallah, mən belə görmüşəm ki, İran atom bombası zavodu tikmək istəyirdi. Bu ölkənin prezidenti də deyirdi, “mənim işlərimə girişməyin, mən necə istəyirəm, elə də eləyirəm“. ABŞ da istəyirdi ki, ümumiyyətlə belə bir şey olmasın. Mən bilən məsələ belə olub.

- Sizcə “atom bombası söhbəti“ndə İran, yoxsa ABŞ tərəfi haqlıdır?

- Sözün düzü mənim üçün bunların heç birinin fərqi yoxdur... Ancaq çox dərinliyinə getsək, İran haqlıdır. Yəni İran haradasa düz deyir ki, heç kəs onun işinə girişə bilməz. Öz ölkəsidir, öz ərazisində nə istəsə edə bilər.

- Yeri gəlmişkən, İrandakı prezident seçkilərini izləyirdinizmi?

- Bəli... Hər yerdə olduğu kimi orada da hər partiya istəyirdi ki, öz adamlarından biri prezident olsun. Ancaq “opozitsiya” bunu istəmirdi. Axırda prezident yenə də Əhmədinejat oldu.

- Əhmədinejat demokratik yollamı seçildi?

- Vallah, onu deyə bilmərəm, bu qədər dərinliyi bilmirəm.

- Çində – Urumçidə baş verənləri izləyirsinizmi?

- Evdə tapılıram ki, izləyim?!

- Axı Urumçidə baş verənlərlə bağlı bütün KİV-lər məlumat yayır...

- Vallah, mənim Urumçidə baş verənlərdən xəbərim yoxdu. Mən axırıncı dəfə onu eşitmişəm ki, Azərbaycanda vertolyot partlayıb. Bilirəm ki, 4-ü sağdı, 2-si ölüb.

- Bəs ölkədəki sonuncu siyasi hadisələri necə xatırlayırsınızmı?

- Vallah, xəbərim yoxdur, deyə bilmərəm.

- Bəlkə Azərbaycanda siyasi hadisələr baş vermir?

- Ola bilər. Şükür Allaha ki, hələlik salamatçılıqdı.

- Siyasi hadisə baş verəndə salamatçılıq olmur?

- Yəni ki, hələ heç bir söz-söhbət yoxdu da..., heç bir partiya qalxmır, dava eləmir, sonra... camaatı bir yerə yığanda nə deyirlər? Hə, mitinq... Mitinq də yoxdu indi...

- Ölkədəki son böyük siyasi hadisə Azərbaycan ziyalılarının Dağlıq Qarabağa səfəri olub...

- Vallah, bundan xəbərim yoxdu. Bu söhbət haçan olub?

- Bu yaxınlarda.

- Yox, vallah, xəbərim yoxdu, görməmişəm, eşitməmişəm.

- Azərbaycanın “Nabucco” layihəsində iştirakını necə qiymətləndirirsiniz?

- Bu layihədən ümumiyyətlə xəbərim yoxdu. “Nabucco” sözü mənə heç nə demir.

- Ölkədəki seçkilər zamanı səsvermədə iştirak edirsinizmi?

- Bəli.

- Partiya təmsilçiliyiniz varmı?

- Heç bir partiyanın üzvü deyiləm. Ancaq istəyirəm bu yaxınlarda Yeni Azərbaycan Partiyasının üzvü olum.

- Üzv olmaq üçün ərizə vermisiz?

- İnşallah, iyulun 17-də ərizə verəcəm.

- Ərizəni YAP-ın hansı rayon təşkilatına verəcəksiniz?

- Sözün düzü bunların hamısını prodüserim bilir, mən bilmirəm. Mən təkcə onu bilirəm ki, YAP-a üzv olmaq istəyirəm. İyulun 17-də də bu iş həll olunmalıdır.

- YAP-a üzv olandan sonra əvvəlki fəaliyyətinizdə hansısa fərq olacaqmı?

- Yooox, bu məsələlərin bir-birinə aidiyyəti yoxdur. Sadəcə, mənim o partiyaya böyük hörmətim var. O partiyanın bütün konsertlərində, bütün tədbirlərində dəstək olacam.

- Bu partiyaya hörmətinizin səbəbləri nədir?

- Ona görə ki, çox savadlı partiyadır, öz yolunu bilən partiyadır və düzgünlüyü bilən partiyadır.

- Bəs başqa partiyalar?

- Mən deyə bilmərəm ki, onlar yaxşıdır, ya pisdir.

- Ümumiyyətlə, ölkədə başqa hansı partiyaları tanıyırsınız?

- Müsavat, Xalq Cəbhəsi..., bilmirəm, tam dəqiqliklə deyə bilmərəm.

- Bəzi həmkarlarınız kimi gələcəkdə deputatlığa namizədliyinizi irəli sürmək fikriniz varmı?

- (təəccüblənir) Məən? Yox, heç nə istəmirəm. Mən yalnız öz sənətimlə məşğul olmaq istəyirəm. Siyasətdi, deputatlıqdı, bələdiyyədi – bunlar mənlik deyil.


- Bəs bir neçə müğənninin deputat olmaq istəmələri barədə açıqlamalarını necə qarşıladınız?

- Bacaracaqlarsa, qoy olsunlar. Eşitmişəm ki, bəzi müğənnilər deputat olmaq istəyir. Əgər xalqın qeydinə qala biləcəklərsə, xalq onları seçəcəksə, olsunlar. Ancaq hələ ki, mən heç nə görmürəm... Hamı deyir, ancaq ortada bir şey yoxdur.

- “Hamı” deyəndə kimi nəzərdə tutursunuz?

- Vallah, heç kimi nəzərdə tutmuram. Mənim Tünzalə Ağayevanın deputat olmaq istəməsi barədə fikri qulağıma çatıb.

- Bəs digərləri, məsələn Nadir Qafarzadə?

- O deputat olmaq istəyir?

- Hə...

- Ay Allah xeyrini versin... Sevinərəm eee. Onun ürəyi təmizdi, Nadirdən yaxşı deputat olar. Əgər deputat olsa, onu dəstəkləyərəm.

- ATƏT-in baş katibi Mark Perren de Brişambonu tanıyırsınızmı?

- Sarışın oğlandı deyəsən...

- Baş katib belə bir açıqlama verib: “ATƏT Azərbaycanda demokratik islahatların genişlənməsinə dəstək verəcək”. Bu açıqlamaya münasibətiniz necədir?

- Vallah nəysə deyiblərsə, bəlkə də həyata keçirə bilərlər, bəlkə də yox... Onu zaman göstərər.

- Qəbələ RLS-dən ABŞ-ın Rusiya ilə birgə istifadəsi mümkündürmü?

- Ola bilər işlətsinlər. Mən axırıncı dəfə Buşla Putinin görüşdüyünü görmüşdüm... İstəsələr onlar nə isə edə bilərlər. Rusiya da böyük dövlətdir. Amerika da.

- Sizcə ABŞ-ın Qəbələ RLS-ə ehtiyacı var?

- Mən bildiyimə görə, Qəbələ RLS radioəlaqə üzrə ikinci, ya da üçüncüdür. Belə eşitmişəm ki, İtaliyada bomba buraxılanda Qəbələdə bilirlər. Ona görə də Qəbələyə maraq çox böyükdür. Rusiyanın marağı var. ABŞ-ı bilmirəm, bəlkə də oldu.

- Azərbaycanda xarici radiostansiyaların – “Azadlıq”, “BBC” və “Amerikanın səsi”nin yayımının dayandırılmasından xəbəriniz varmı?

- Onu bildim ki, “Avropa+” radiosunu bağladılar.

- Buna münasibətiniz necədir?

- Vallah “Avropa+” çox gözəl radio idi, mən onu çox dinləyirdim. Birdən bildim ki, bağlandı. Daha nəyə görə bağlandığından xəbərim yoxdu.

- Sizcə bu, düzgün adım idimi?

- Bilmirəm, ancaq gərək bağlanmayaydı. Hə, bir şeyi də deyim, o radionun yerinə başqası açıldı – “Media FM”. O da çox dəyərli radiodur. Bir tərəfdən dediyim radionun bağlanmasını dəstəkləyirəm. Çünki Azərbaycan radiosu Rusiyada yayımlana bilməzdi. Mən ümumiyyətlə, radiolarda daha çox musiqiləri dinləyirəm, xəbərləri yox.

- Azərbaycanda əhaliyə satılan qazın qiymətinin iki dəfədən çox artırılmasına münasibətiniz necədir?

- İki dəfə qalxıb, ancaq bu söhbəti hələ təsdiq etməyiblər. Azərbaycanın bu qədər qazı varsa, niyə qaldırsınlar ki. Bu, bizim nemətimizdi, bunu haradansa almırıq. Məncə qiymətləri qaldırmaq lazım deyildi. İndi təqaüdçülər neyləsin, onlar necə dolansın? Qazpulu versinlər, yoxsa yeməyə pul xərcləsinlər. Qazımız və neftimiz özümüzdən çıxır, işığım özümüzdədi, ancaq qiymətlər bahadı.

- Bununla bağlı əlaqədar qurumlara müraciət edərdinizmi ki, ucuzlaşdırın?

- İndi siz soruşursunuz, mən də cavab verirəm. Hər halda bu yazını hökumətin müəyyən nümayəndələri oxuyacaqlar və biləcəklər ki, Kərim işıqpulunun, qazpulunun qalxmasından narazıdır. Ən azından istərdim ki, təqaüdə çıxan yaşlı insanları, günü 3-5 manata işləyən fəhlələri, onların ailələrini nəzərə alsınlar.

- Bu cür qiymət artımı olanda şəxsən Sizin büdcənizə təsir edirmi?

- Mən özüm işıqdan çox istifadə edirəm. Bir də ayılıram ki, ayın axırına 50-60 manat işıqpulu yazır. Bu da mənə haradasa çox təsir edir ki, niyə axı bu qədər çox yazılmalıdır. Axı biz qazı, işığı başqa yerdən almırıq...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1172

Oxşar yazılar