Məlahət İbrahimqızı: “Elza Seyidcahanı başa düşə bilmirəm” – MÜSAHİBƏ
08 iyun 2009 15:15 (UTC +04:00)

Məlahət İbrahimqızı: “Elza Seyidcahanı başa düşə bilmirəm” – MÜSAHİBƏ

O, hələ ötən ilin sonlarında mətbuata verdiyi açıqlamada demişdi ki, “Azərbaycan Televiziya və Radio” Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) ilə İctimai Televiziya istisna olmaqla, televiziyaların böyük əksəriyyətində yayımlanan şou-proqramlarda kütləvi zövqsüzlük hökm sürür. Bunun ardınca da digər xanım millət vəkillərilə birlikdə Azərbaycan telekanallarında mili-mənəvi dəyərlərə, dövlət dilinə münasibətlə bağlı müraciət hazırladı. Sonradan həmin müraciətə kişi deputatlar da qoşulmuşdu. Bugünkü müsahibimiz sözügedən müraciət müəlliflərindən biri olan millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızıdır. Həmin müraciət hazırlanan ərəfədə sərt açıqlamalar verən xanım deputat Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına müsahibəsinə sanki kimlərinsə xətrinə dəyməkdən ehtiyatlanırmış kimi danışdı.

- Şou-bizneslə nə dərəcədə maraqlanırsınız?

- Bu gün dünyanın hər yerindəki bütün televiziya kanallarında şou-biznes formalaşıb, təşəkkül tapıb, gündən-günə daha sürətlə inkişaf edir. Azərbaycan da dünyanın bir parçasıdır, ona görə burada da şou-biznes ola bilər. Ümumiyyətlə isə mənim bir tezisim var ki, hər şey öz əndazəsində olmalıdır. Hər şey o ölkənin, xalqın milli maraqları, milli dəyərlərinə uyğun olaraq həyata keçirilməlidir. Həm millilik, həm bəşərilik qorunmalıdır. Hər şeyin öz limiti, çərçivəsi var. O çərçivədən çıxanda yaxşı olmur. Ona görə də, Azərbaycanda şou-biznes ola bilər, ancaq yenə deyirəm ki, milli və bəşəri dəyərlərə sadiq qalmaqla.

- Azərbaycandakı şou-biznesin indiki durumunu necə qiymətləndirirsiniz?

- O qədər də ürəkaçan deyil. Mən deməzdim ki, şou-biznesi təşkil edən adamlar Azərbaycanı sevmirlər, Azərbaycanın milli-mənəvi dəyərlərinə sadiq deyillər. Sadəcə, mən hesab edirəm ki, onların peşəkarlığı azdır. Görünür, hələ bu yeni sahədir. Bu gün Azərbaycan dünyaya, Avropaya inteqrasiya edir, qeyd etdiyim kimi, dünyanın bir parçasıdır. Ancaq bu o demək deyil ki, Azərbaycan dəyərlərini itirməlidir. Yüz illər boyu bizim üçün miras qalmış ən gözəl dəyərlərdən biri də bizim mədəniyyətimizdir, milli-mənəvi dəyərlərimizdir, əxlaqımızdır, ailə dəyərlərimizdir. Biz bu dəyərlərə sadiq qalmalıyıq.

- Şou-biznesdə milli dəyərlərin tapdanmasını konkret nədə görürsünüz?

- Hər şeylə. Danışıq tərzindən tutmuş, geyim tərzinə qədər. Bəzən mədəniyyətdən başı çıxmayan adam şou-bizneslə bağlı təhlil vermək istəyir. Musiqidən, sənətdən başı çıxmayan adam musiqi sənəti barədə danışır, özü də çox bayağı, gülünc də görünür. Geyimdən tutmuş daxili mədəniyyətinə, dünya görünüşünə qədər 100% kamil olmasa da, heç olmasa onun şou-biznesdə müzakirə olunan hansısa məsələ haqqında danışmağa haqqı çatsın.

- Hər halda yəqin ki, “Eurovision” musiqi yarışmasında Azərbaycanı təmsil edən cütlük, xüsusən Aysel haqqında fikirləriniz belə olmaz...

- Avropa miqyasında olan bir yarışmada - “Eurovision”-da bu cütlük Azərbaycanı yaxış təmsil elədi.

- Bu yarışmada təmsilçilik zamanı milli-mənəvi dəyərlər qorundumu?

- Aysel bu məkanda, bu müsabiqədə Azərbaycanı çox gözəl təmsil etdi. İstər onun rəqslərində və digər məsələlərdə Azərbaycan koloriti hiss olunurdu. Aysel və Araş cütlüyünü çox yüksək qiymətləndirirəm. İnanın ki, axırıncı yarış günü verilişin sonuna qədər baxdım. Həmin gün rayonların birindəydim. Dəstəyimizi də əskik etmədik. Sadəcə olaraq, kiçik bir irada bənzər bir şey deyəcəm. Ermənilər hər sahədə olduğu kimi, milli-mənəvi sərvətlərimizi də öz adlarına çıxmaq istəyirlər. Bu yarışmada Qarabağdakı abidənin şəklini, həmçinin videoçarxda digər abidələrimizi özlərininki kimi nümayiş etdirdilər. Mən fikirləşirəm ki, biz orada daha peşəkar ola bilərdik. Onsuz da orada göstərilən Qız Qalası bizimdir, hər gün baxa bilərik. Gərək “Eurovision”da Azərbaycanla bağlı videoçarxda Qarabağdakı abidələr salınaydı. Əgər bizim videoçarxda Qarabağın ən tanınan abidələri yer alsaydı, ermənilərin yaratdığı olaya da heç yer qalmazdı.

- Davranış, geyim və s. məsələlərdə milli-mənəvi dəyərləri qoruyan şou-biznes nümayəndələrindən başqa kimlərin adını çəkə bilərsiniz?

- Mən bu sualın cavabını konkret ünvanlı verə bilmərəm axı. Ola bilər ki, kiminsə adı yaddan çıxsın, deməyim, onda yaxşı çıxmaz.

- Yeri gəlmişkən, bir neçə ay öncə digər həmkarlarınızla birgə telekanallarda nümayiş etdirilən müəyyən verilişlərlə bağlı müraciətiniz də olmuşdu...

- Bəzi telekanallarda Azərbaycan mədəniyyətinə, əxlaqına yaraşmayan proqramlar verilirdi. İndi də hərdən gedir. 2008-ci ilin dekabr ayında parlamentin bir qrup qadın millət vəkili müraciət hazırladıq. Ümumilikdə isə parlamentin təxminən 65 deputatı həmin müraciətə imza atdı. Bu müraciətə qoşulmaq açıqdır, bütün ziyalılar qoşula bilər. Çünki elə problemlər var ki, onun həllinə qanunun gücü yetmir, ictimaiyyətin də dəstəyi olmalıdır, ictimai qınaq olmalıdır.

- Məlahət xanım, kimləri dinləyirsiniz?

- Üzeyir Hacıbəyov Azərbaycanın qürur mənbələrindən biridir. Biz 20-ci yüzillikdə mədəniyyət və musiqi sahəsində Üzeyir Hacıbəyovdan üstün şəxsiyyət yetirmədik. Hacıbəyovun əsərləri mənim üçün bir ana laylası qədər əzizdir. Eyni zamanda, dünyasını nakam dəyişmiş Asəf Zeynallının “Ölkəm” şeirinə yazdığı musiqisini rəhmətlik Bülbülün ifasında çox xoşlayıram. Mən o musiqiyə qulaq asanda sanki dünya mənim olur. İstəyirsiz həmin mahnıdan bir zümzümə də edim (gülür).

- Siz daha çox bəstəkarların adını çəkdiniz, Bülbüldən başqa hansı ifaçıları – xüsusən bugünkü sənətkarlardan - bəyənirsiniz?

- Bəyəndiklərim var. Nəzakət Teymurovadan tutmuş Mənsum İbrahimova qədər. Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Azərin. Bizim belə sənətkarlarımız çoxdur, Allah onları qorusun, onlar bugünümüzün sənətkarlarıdır.

- Zeynəb Xanlarovanın sonuncu konsertinə getmişdinizmi?

- Zeynəb Xanlarova heç, o, bugünə qədər də təravətli və həmişəyaşar insandır və müğənnidir. Zeynəb Xanlarovanın çox böyük xidmətləri var. O, hələ SSRİ vaxtı – totalitar rejim dövründə musiqinin diliylə Azərbaycanı dünyada təmsil edirdi. O, millətçi xanımdır. Biz millətçi sözündən qorxmamalıyıq. Bu sözü şovinizmlə də qarışdırmaq olmaz. Şovinizmdən uzaq olmaq lazımdır. Azərbaycan xalqı da şovinist deyil. Allah Zeynəb xanıma uzun ömür, can sağlığı qismət eləsin.

- Onun konsertinə getmişdinizmi?

- Çox təəssüf ki, yox. Həmin vaxt mən Bakıda deyildim. Açığı çox pis oldum. Həmin vaxt xaricdə səfərdəydik.

- Faiq Ağayev, Aygün Kazımova, onları dinləməyi xoşlayırsınızmı?

- Mən demirəm ki, kimsə pisdir. İngilislərin bir sözü var: zövqlər barəsində mübahisə etməzlər. Fərqli insanlar və fərdi xarakterlər olduğu kimi zövqlər də fərqlidir. Ancaq heç kəsin nə şəxsiyyəti, nə də sənəti haqqında pis mənada söz deməzdim, heç demək fikrində də deyiləm.

- Pis mənada deməyin, sadəcə öz fikirlərinizi bildirin.

- Mən artıq dəyərləndirdiyim əbədiyaşar insanlar haqqında öz fikrimi dedim... Bilirsiz, Faiqin də gözəl mahnıları var. Mən onların bütün yaradıcılığı ilə tanış deyiləm, ən azı vaxt baxımından oturub bütün günü konsertə baxmaq mümkün deyil. Ancaq onun bir neçə mahnısı var ki, yüksək səviyyədə ifa edir. İntəhası mən tam aludə olduğum, öz düşüncəm, öz dünya görüşümlə olan münasibətimi dedim.

- Bəs yeni, cavan müğənnilərdən kimləri tanıyırsınız?

- Bir şeyi deyim. Bayaq Araş və Aysel Teymurzadə dueti haqqında danışdıq. Mən Aysel “Eurovisin”a çıxanda onu bildim, tanıdım. Sonra da eşitdim ki, o “Yeni ulduz” yarışmasından seçilib.

- Adını çəkdiyiniz “Yeni ulduz” və digər bu kimi yarışmaların keçirilməsinə münasibətiniz necədir?

- Bu yarışmalar bütün dünya ölkələrində keçirilir. Bəlkə bir az başqa ölkələrdəkinə bənzətmək də düzgün deyil. Məsələn, Azərbaycanda keçirilən Beynəlxalq Muğam Müsabiqəsi çox yüksək səviyyədə, həm də bənzərliyi olmayan bir şəkildə keçirildi. Demək istəyirəm ki, digər yarışları da gözəl formada təşkil etmək olar. Ümumilikdə isə belə müsabiqələr lazımdır. Çünki belə müsabiqələrdə istedad üzə çıxır.

- Telekanallarda keçirilən meyxana yarışmaları ilə bağlı fikirləriniz də musiqi yarışmalarına olan münasibətinizlə eynidirmi?

- Meyxana Bakı kəndlərində və Azərbaycanın bəzi bölgələrində meyxana da bir növ sənətdir. Bizim ölməz Əliağa Vahidimiz var. Meyxana özü də istedaddır və bu, musiqinin və mədəniyyətin bir növüdür. Ona görə də mən meyxanaya pis baxmıram. Düzdür, meyxanaya baxmağa vaxtım yoxdur, ancaq bu, xalqımızın yaratdığı bir yaradıcılıq növüdür, bunun da öz yeri var. Sözün düzü meyxanaya bir dəfə baxmışam, onda da gördüm ki, bunlar necə də hazırcavabdırlar.

- Meyxanaçının mahnı oxumasına necə baxırsınız? Konkret olaraq Namiq Qaraçuxurlunun həm də oxumasını necə qarşılayırsınız?

- Səsi varsa oxusun.

- Sizcə Namiq Qaraçuxurlunun mahnı oxumaq üçün səsi varmı?

- Yenə deyirəm, onlara çox qulaq asmamışam, bir dəfə eşitmişəm. Ona görə deyə bilmərəm.

- Repə münasibətiniz necədir?

- Mən əvvəllər eşitmişdim, o vaxt Anar Nağılbazın Qarabağla bağlı bir repi vardı. Sözləri də, musiqisi də çox gözəl idi.

- Bayaq gənc, yeni müğənnilərlə bağlı verdiyimiz sual yarımçıq qaldı. Məsələn, Ruhi, Xuraman Şuşalı, Pişik Günel və Baqiranı tanıyırsınızmı?

- Yox, tanımıram vallah. Bəlkə onlar da bizi tanımır. Onlardan da soruşsanız Məlahət İbrahimqızını tanıyırsınızmı, yəqin deyəcəklər tanımırıq. Bu da normaldır. Çünki onların öz dünyası, bizim öz dünyamız var. Hər kəsin öz dünyası, hər kəsin öz peşəsi, hər kəsin öz fəaliyyət dairəsi var. Ona görə də bunlara normal baxıram.

- Elza Seyidcahanı necə, tanıyırsınızmı?

- Bəli, tanıyıram.

- Onun heyvanlar üçün konsert vermək niyyətini necə qarşıladınız?

- Mən onu anlamıram. Elza Seyidcahanın bir neçə mahnısına qulaq asmışam, həqiqətən də bəyənmişəm. Bu yaxınlarda ətrafımdakı insanlardan biri dedi – bəlkə də səhv dedi – o Elza Seyidcahan heyvanlar üçün konsert təşkil etmək istəyir. Bəlkə də mənim qavramaq qabiliyyətim hələ o dərəcədə inkişaf etməyib, ancaq bunu başa düşmürəm. Mən onu nə qədər istəsəm də qavrayam, ancaq heç cür qavraya və anlaya bilmirəm. Allah insana ağıl verib. İnsana digər canlılardan fərqli xüsusiyyətlərdən xüsusiyyəti var, buna görə şükür etməli və ondan məqsədəuyğun istifadə etməliyik. Ona görə də mən Elza Seyidcahanı başa düşə bilmirəm.

Pərvin ABBASOV
# 2023

Oxşar yazılar