Bilal Əliyev: “Təzə kostyum almışam, həyət-bacada geyinirəm”
21 may 2009 10:45 (UTC +04:00)

Bilal Əliyev: “Təzə kostyum almışam, həyət-bacada geyinirəm”

Müğənni özü barədə şayiə yayanlara ismarıc göndərdi

Yenicə qastrol səfərindən qayıdan Bilal Əliyev özü haqqında bəzi şayiələr və dedi-qodular eşidib. Müğənni Lent.az-a açıqlamasında bu cür xəbərlər yayan həmkarlarına boş yerə danışmaqdansa, işləməyi məsləhət görüb: “Bir neçə vaxtdır, Vətənimdə deyiləm. Heç dincəlməyə də vaxt tapa bilmirəm. Bir konserti bitirəndən sonra digər konsert proqramına hazırlaşıram. Təki həmişə yaradıcılıq işlərinə başımız qarışsın, daha dedi-qoduya yox! Səfərdə olduğum zaman gözü götürməyən insanlar elə bilib ki, böhran mənə təsir edib. Daha nə mahnı oxuya biləcəm, nə konsert verəcəm, nə də səhnəyə və efirə çıxa biləcəm. Bakıya gələndə bildim ki, həmin insan mənim haqqımda belə bir şayiə yayıb. Həmin şəxsə deyirəm ki, Bilal Əliyev ömrünün sonuna kimi səhnədə olacaq! Mən elə bir güclü insanam ki, maliyyə böhranı mənə heç vaxt təsir edə bilməz. Vay sənin halına!”

Əməkdar artist icmarıcını yollasa da, həmin şəxsin adını açıqlamaq istəmədi: “Həmin insanın qəzet, portal oxumağa savadı çatırsa, mənim müsahibəmi oxuyursa, özü açıqlama verəcək!”

Səfərləri barədə də məlumat verən sənətçi Moskva şəhərində 4 konsert proqramı ilə çıxış etdiyini vurğuladı: “Daha sonra Türkiyənin bir sıra şəhərlərində konsert verdim. Maraqlı proqram idi, hər kəsin də ürəyincə oldu. Özüm tamaşaçılardan çox razı qaldım. 9 günlük səfər çərçivəsində mənimlə birgə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının rəqs kollektivi də çıxış edirdi. Konsertin açılışını “Sizə salam gətirmişəm” mahnısı ilə başlayırdım”.

Bilal Əliyev Türkiyədən xeyli alış-veriş etdiyini, lakin buna görə peşman olduğunu da dilə gətirdi: “Hansı ölkəyə gedirəmsə, mütləq oradan özümə nəsə alıram. Həmişə deyirdilər ki, Türkiyədə yaxşı kostyumlar olur. Sözə uyub, səhnəyə uyğun özümə bir neçə kostyum aldım. Özü də çox baha qiymətə. İndi kostyumun sapları əlimə çıxır. Artıq həmin kostyumları həyət-bacada geyinirəm”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041

Oxşar yazılar