Azəri Günel: “Bəs harda qaldı atamın, qardaşımın namusu, qeyrəti!” - MÜSAHİBƏ
30 mart 2010 13:30 (UTC +04:00)

Azəri Günel: “Bəs harda qaldı atamın, qardaşımın namusu, qeyrəti!” - MÜSAHİBƏ

Müğənni Azəri Günelin Lent.az-a müsahibəsi

- Günel, yəqin artıq özün də bilirsən ki, Azərbaycanda sənə olan münasibət arzulanan qədər yaxşı deyil.

- Hə, mənə deyirlər ki, özündən razı insandı. Yekəxanadı, heç kimi saymır. Bəlkə danışığımdanmı, bilmirəm, nədənsə... Elə “o qızdan zəhləm gedir” deyirlər... Bir dənə sadəcə insanların bildiyi bir şey var idi, Xocalı söhbəti... Bu da o qədər saqqız kimi çeynəndi ki, mən onda balaca idim. Həqiqətən də bilmədiyim bir şey idi. O proqramın videolentini tapdım, o verilişdə mənə qaraçı paltarı geyindirmişdilər. Bəlkə də mən göz önündə olduğum üçün gözə batdım. Amma burada da çox insanları gördüm ki, Xocalı soyqırım gününü xatırlamır. Restoranlarda da oxuyurlar, keflərini də görürlər, hərə bir şey edir...

- Məncə, Xocalı əsl səbəb deyildi. İnsanlar sənin şəxsi həyatın barədə xəbərsiz idi. Birdən-birə hər şey açıldı, özü də fərqli şəkildə. Səni qınayırlar ki, beləydisə, niyə həmin oğlanla bir evdə yaşayırdın...

- Bax, sənə bir şey deyim… O insanla bir evdə yaşamadım. Kimə maraqlıdırsa, onunla bir evdə yaşamadığımı faktla sübut edim! Mənim yaşadığım binada mühafizə dəstələri, kamera qeydləri var. Kimsə mənim həyatımı özünə dərd edib dərindən maraqlanırsa, gəlsin həmin mühafizə dəstələri ilə də danışsın, maraqlansın. Mən orda atam, anamla yaşayırdım. Bu insan mənim nişanlım kimi idi, əlbəttə, gəlib-gedirdi. Adi həyatda qızların deyikliləri, nişanlıları evə gəlmir? Mən düşünürdüm ki, o mənim həyat yoldaşım olacaq. Bir də, bu sözləri danışan insanlar düşünməsinlər ki, belə də gəlib-gedəcək! Bundan sonrakı həyatı, axirəti düşünsünlər, onda nə cavab verəcəklər?! Mən demirəm e, beləyəm, pakam. Amma bu işdə mənim günahım olmayıb. Sənə açıq şəkildə, nəyə inanırsan, o şəkildə deyim ki, insanların düşündükləri kimi yaxınlığım olsa idi, mən indi yaşamazdım. Özümü çoxdan öldürərdim! İndi həyatda olmaya bilərdim. Mən niyə dimdik ayaq üstə dayandım? Çünki mənim heç bir səhv hərəkətim yox idi. Əgər mən ailəmin, yaxınlarımın gözü önündə tərtəmiz olduğumu isbat edə bilmişəmsə, kim nə deyir-desin, artıq önəmi yoxdur. Ailəm, yaxınlarım önəmlidir. Təbii ki, xalqımın sevgisinə ehtiyacım var. Lakin xalqımın bir qism nümayəndələri məni belə görmək tanıtmaq istəyirlərsə, axı niyə nələrisə isbat etməyə çalışım?

- Niyə münasibətləriniz gəlib bu səviyyəyə çatdı?

- Bunu mən eləmədim. Bu insan sadəcə nəyisə qorumaq, öt-basdır etmək üçün danışmağa başladı.

- Mənim yadımdadı ki, sən əvvəl çox susdun. Dəfələrlə səni proqrama çağırdılar, gedirdin, susurdun. Niyə birdən-birə hər şeyi danışmağa başladın?

- Mən bunu çox gizli saxlayırdım. Bu xəbər çıxdı və biz ayrıldıq. Mən bu xəbəri qəzetdə oxudum. Bu insan o qadını qorumaq üçün ilk olaraq danışdı. İkimizi də bir arada idarə etmək istədi. Amma mən heç vaxt bunu qəbul edə bilmərəm. İnan ki danışmaq, özümü sübut etməkdən artıq zəhləm gedir. Mən danışdıqca o insan yalanlayır. Mən deyəndə ki, onlar bir evdə yaşayırlar, hətta mənim evimdən bir qədər aralıda, oradan bura, burdan da ora. O qadın guya bilmirdi ki, biz 7 ildir ki, sözlüyük? Kim mənim haqqımda nə danışıbsa, Allah qabağına çıxarsın, başqa heç nə demirəm. Mənim səmimiyyətimə inanmırlarsa, artıq bu da önəmli deyil. O qədər pis günlər geridə qoydum ki! Mən ilk dönəmdə “İbo şou”ya çıxanda inan ki, danışa bilmirdim, çünki boğulurdum, danışıb özümü alçaltmaq da istəmirdim.
Əvvəl o danışdı. Qəzet jurnalistlərinə ilk dəfə o “ciddi bir bərabərliyim var, Günellə evlənəcəm” dedi. Bunlar hamısı yazılıb. Mənim ilk sözüm o oldu ki, niyə mənim adımı verdin? O da cavabında dedi ki, həyatımın sonuna qədər də sən olacaqsan. İndi nə oldu, peşman deyiləm.

- Bəs niyə bu 7 ildə rəsmiləşdirmədin münasibətini?

- Həm yaşım az idi, həm də daha yaxşı tanınmaq istəyirdim. İndi şükür edirəm ki, bu qədər uzanıb.

- İnsanlar sənə baxıb ən çox bu sözü deyir: bu qız 15 yaşından oğlanla bir evdə yaşayırmış, ata-anası da göz yumurmuş...

- Belə bir şey ola bilməz axı! Hər şeydən əvvəl biz qarabağlıyıq e, bəs harda qaldı mənim atamın, qardaşımın namusu, qeyrəti! Atam çox müasir insandı. Sevgiyə hörmətlə yanaşır, çünki özləri də anamla bir-birlərini seviblər. Biz səhv bir əmələ sahib deyildik axı! Hər şeydən əvvəl mənə inanırdı. Hara gedirdik, ailəsi də mənim ailəmlə gedirdi. Mənim valideynlərim, onun da nə bilim, qohumları, dayısı yanında olurdu. Axı ay danışanlar, siz bilmirsiniz, danışırsınız! Bilirsən, bu saatdan sonra da kiminsə oxuyub inanmamağı artıq mənə vacib də deyil...

- Rza 24 yaşında bu qədər var-dövlətə necə sahibdir?

- Mən onu tanıyanda o bu qədər imkana sahib deyildi. Məndən ötrü İstanbula gəlmişdi. Bizdə qalmırdı. Öz evi var idi. İki il yarım bu insan mənə yalvarıb. Və ondan sonra qəbul etmişəm. Ona başa salandan sonra ki, mən sənin düşündüyün qızlardan deyiləm... Onu Bakı konsertində tanımışam. O insanın həyatı haqqında çox danışmaq istəmirəm, çünki artıq evlidir.

Bir şeyi də deyim. Əgər bizim onunla o qədər yaxın münasibətimiz var idisə, niyə mənim hələ də evim, maşınım yoxdu? Məntiqli deyil. Heç vaxt onun var-dövlətini meyar saymamışam. Əsla! Haqq-ədalət var da! Onun qohumları da bunu bilir.

- Onun imkanlı olması, var-dövlət sahibi olması qanunlara da təsir edə bilər? Ola bilərmi ki, sən məhkəmədə özünü isbat edə bilməyəsən?

- Vallah bilmirəm. Artıq pul hər yerdə keçir. Başa düşmürəm. Hamı pulla hərəkət edir. Bir şey deyim, o qədər danışmaqdan yorulmuşam ki... niyə danışım? Niyə bundan sonra artıq yan-yana gələk? O qədər illərə gözümü bağladım, bitdi getdi... İnan ki, artıq danışmaqdan ürəyim bulanır, eyni mövzu, eyni söhbət... O bunu bilərəkdən etdi. Bilirdi ki, istəmirəm Azərbaycanda haqqımda belə xoşagəlməz şayiələr yayıla...
Bakıya gələndə o narahat olurdu ki, birdən mən artıq başqasına ərə gedərəm. Ona görə də açıqladı ki, hamı bilsin ki, həyatımda belə bir insan var. Olsun! Önəmli deyil.

- Sən Bakıya gələndə xəbər yayıldı ki, deportasiya edilmisən.

- Yox. Elə bir fikri var. Amma mənim səhv əməlim yoxdu. Bəlkə də qanunlara sığmayan səs qeydlərini təqdim etməyimdir. Mən özümü sübut etməli idim. Mən kimisə öldürməmişəm. Mənim başqa fikrim olsa idi, onu elə qəbul edərdim.

- Sənə Türkiyədə kim dəstək oldu?

- İbrahim Tatlısəs, Səda Sayan. Qalanları onsuz da məni artıq maraqlandırmır. Artıq həyatımda yeni səhifə açdım. Təbii ki, həyatımda kimsə olacaq. Amma indi yox. Çünki heç kimə inanmıram. Çox inamsızam.

- Əsəbi olmusan...

- Çox üstümə gəldilər. Ondan əvvəl polisə mən baş vurmuşdum. Çünki məni, ata-anamı hədələmişdi. Sonra qapımı döyüb polislər gəldilər, özləri dedilər ki, bu nədi, kişiliyə yaraşmayan əməldi. Dedilər Günel xanım, gəlin bir çayımızı için söhbət edək. Mən də getdim, ifadəmi verdim, təzədən evimə gəldim. Bu hadisələr əlbəttə ki, mən toxundu, əsəblərim pozuldu. Amma gör nə deyiblər: Günelin psixologiyasında problem var... Mən hər haqsız yazıları oxuyub əsəbiləşirəm, səhər 6-da yatıram, hər şeyə reaksiya verirəm.

- Sən müğənnisən axı, belə hadisələrə reaksiya verməməlisən, bu təbii haldı...

- Axı mənim 24 yaşım var. Bu qədər günah sahibi olmadım! Niyə bu qədər haqsız yazılara göz yumum? Mənim tayım olan heç bir qız bu hadisələrə dözə bilməzdi. Hər gün yuxudan oyanırdım, hər gün qəzetdə bir yazı çıxırdı. Ona aid 496 mesajım var telefonumda... Düşün, bir kişi sevdiyi qızı niyə aldadar? Onun məni aldatması təbii idi...

- Bir gün Ebru ilə rastlaşsan necə reaksiya verərsən?

- Başımı çevirib gedəcəm. Hər şeyi Allaha həvalə etmişəm. O günü gözləyirəm. Əyər bir qadında günah var idisə, kişidə də günah var.

- Azərbaycana qayıtmağı fikirləşmirsən?

- İndi elə fikrim yoxdur. Orda daha çox sevirlər. Burda da sevilirəm e, amma əksəriyyət məni səhv tanıdığı üçün sevmir. Bəlkə də bəzi yazılar da buna təkan verir. Amma Türkiyədə...

- Onlar da yazırdılar...

- Amma hadisələrə öz istədikləri şərhi vermirdilər. Onu verməyə də bilərdilər. Mən sadəcə bundan sonra öz həyatımı düşünürəm. Demirəm e, oturum.

- Bəs Rzanın ailəsindən sənə dəstək gəlmədi?

- Ətrafında mənə zəng edən insanlar da var. O çox uşaq qəlbli insandı. Mənə də deyirdi ki, mənlə xoş, yumşaq danış. Mən də haqsızlığı qəbul edə bilmədim. Sənə bir şeyi etiraf edim: “qara dəftər”im var... Bu gün mənə haqsızlıq edən bütün insanların adını yazmışam ora.

Oradakı jurnalistlər pula satılıb. Mənimlə müsahibə götürən adam, məndən sonra ondan pul alıb, pula satılıb. Misal üçün, indi atama namussuz deyirlər. O müsahibə vaxtı, o sözlər deyiləndə atam olmayıb. Atam onunla müsahibənin axırına qədər oturub. Atam gedəndən sonra yeni müsahibə başlayıb. Mən qəzeti oxuyanda dəhşətə gəldim: ata, sən nə danışmısan! Dedi ki, nə demişəm ki... Nəsə... eybi yox. Hər şeyin qarşılığı var...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2047

Oxşar yazılar