Biz çox vaxt başqalarını anlamağa çalışırıq, amma nadir hallarda özümüzü nə dərəcədə yaxşı tanıdığımız barədə düşünürük. Psixologiya isə bizə cavab verir: niyə narahatlıq keçiririk, niyə eyni səhvləri təkrar edirik və ya vərdişlərimiz necə formalaşır?
Lent.az klassikaya çevrilmiş, eyni zamanda asan oxunan 10 kitabı təqdim edir. Onların bəziləri daxili dərin prosesləri anlamağa kömək edir, digərləri isə praktik məsləhətlər verir.
Psixologiyanın klassikası
“Düşünmək, sürətli və yavaş” – Daniel Kaneman
Nobel mükafatı laureatının klassik əsəri. Niyə qeyri-məntiqli seçimlər etdiyimizi, beynimizin iki sistemi – sürətli intuitiv və yavaş rasional düşüncəni – necə işlətdiyini izah edir. Bu kitabdan sonra artıq öz səhvləriniz sizi təəccübləndirməyəcək.
“İnsanın mənanı axtarması” – Viktor Frankl
Daxili seçimin gücü və insanlıqdan kənar şəraitdə belə çətinliklərə qarşı mübarizə haqqında kitab. Konqlageri yaşamış Frankl izah edir ki, insanı ən qaranlıq zamanlarda belə dayandıran şey – həyatın mənasıdır. Kiçik həcmli olsa da, həyat baxışınızı dəyişən əsərdir.
“Emosional intellekt” – Daniel Qoulman
Bestseller, sübut edir ki, həyatda uğur təkcə IQ-dan asılı deyil. Öz emosiyalarınızı anlamağı və idarə etməyi, eləcə də başqalarını daha yaxşı hiss etməyi öyrədir. İnsanlarla və özünüzlə münasibətləri yaxşılaşdırmaq istəyənlər üçün mütləq oxunmalı əsərdir.
“Mən və O” – Ziqmund Freyd
Şüuraltının necə işlədiyinə dair əsas izah. Psixologiya tarixini anlamaq üçün bu əsərsiz çətindir.
“Sərhəddə. Sağ qalma psixologiyası” – Lourens Qonsales
Qeyri-adi kitab: ekstremal şəraitdə qalıb sağ çıxan insanlar haqqındadır. Müəllif dözümlülüyümüzü və mənəvi gücümüzü müəyyən edən amilləri təhlil edir. Triller kimi oxunur, amma insanda öz resursları haqqında dərin düşüncələr oyadır.
Müasir həyat üçün kitablar
“Atomik vərdişlər” – Ceyms Klir
Son illərin №1 bestselleri. Kiçik addımların bütün həyatı necə dəyişdiyini izah edir. Əgər köhnə vərdişlərdə ilişib qaldığını hiss edirsənsə – bu kitab ən yaxşı “təkan”dır.
“Narahat insanlar” – Fredrik Bakman
Tam elmi əsər olmasa da, çox maraqlı və düşündürücüdür. Müəllif bədii-psixoloji hekayə formatında qorxular, tənha qalmaq, seçim və insanlıqdan bəhs edir.
“Günəşə baxmaq” – İrvin Yalom
Əfsanəvi psixoterapevt sadə və səmimi şəkildə çox vaxt beynimizdə gizlətdiyimiz ən qorxulu mövzu – ölüm qorxusu haqqında yazır. Kitab azadlıq və sakitlik hissi verir, üslubu isə çox yüngüldür.
“Bir daha düşün” – Adam Qrant
Niyə fikrimizi dəyişmək bizə bu qədər çətin gəlir? Müəllif göstərir ki, düşüncədə çeviklik səhvlərdən qaçmağa və irəliləməyə kömək edir. Öz inanclarında tez-tez “ilişib qalanlar” üçün ideal kitabdır.
“Hər şeyə boş verməyin incə sənəti” – Mark Menson
Adı bir az sərt səslənsə də, özü yüngül və yumorlu əsərdir. Başqalarının gözləntilərinə deyil, öz həyatına fokuslanmağı öyrədir. Sağlam sərhədlər qoymağa və özünü dəyərləndirməyə kömək edir.
Bu 10 kitab üslub və dərinliyinə görə fərqlidir, amma onları birləşdirən bir məqam var – onlar insanın özünü daha yaxşı tanımasına yardım edir. Bəziləri dünyagörüşü genişləndirir, digərləri isə həyat üçün praktik alətlər təqdim edir. Və hamısı sadə bir şeyi xatırladır: özünü tanıyan insan ətrafındakı dünyanı da daha yaxşı anlayır.