Türkiyədə ötən illərdə Həcc ziyarətinin təşkili ilə bağlı ortaya çıxan ciddi korrupsiya faktları dini dəyərlərdən danışan AKP hakimiyyətinin ən müqəddəs dəyərləri belə pul və korrupsiya alətinə çevirdiyini göstərir.
2018-ci ildə üzə çıxan faktlara görə, illərlə Həcc növbəsi gözləyən vətəndaşların şəxsi məlumatlarından qanunsuz istifadə edilib, onların adından saxta imtina ərizələri hazırlanaraq ziyarət kvotaları yüksək məbləğlər müqabilində başqa şəxslərə satılıb.
Türkiyə mətbuatının araşdırmalarında Diyanət İşləri Başqanlığı ilə əlaqəli şəxslərin və turizm şirkətlərinin mümkün iştirakı barədə ciddi suallar qaldırılıb. İllərlə davam edən istintaqın nəticədə cinayət təqibinə xitam verilməsi ilə yekunlaşması isə bu sualların bir qismini cavabsız qoyub.
Məsələ təkcə mümkün korrupsiya cinayəti deyil. Burada əsas sual budur: İslamın beş əsas şərtindən biri olan Həcc ibadətinə getmək hüququ maddi imkanlardan və qanuni növbədən asılı olmayaraq, qeyri-rəsmi ödənişlər müqabilində başqalarına verilə bilərmi?
Hadisənin siyasi tərəfi də diqqət çəkir. Öz siyasi ritorikasında dini və mənəvi dəyərlərə xüsusi yer ayıran hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dövründə dövlətin dini idarəetmə sistemində belə bir sxemin mövcud olduğu barədə iddialar hökumətin şəffaflıq və hesabatlılıq siyasətinə dair suallar doğurur.
Saxta ərizələrlə işləyən sxem necə qurulub?
_1792391890.jpeg)
Jurnalist Timur Soykanın “Bir Gün” qəzetində dərc olunan araşdırmasına görə, sxemin ilk izləri 2018-ci ildə bir zəvvarın şikayətindən sonra ortaya çıxıb. Diyanətin baş müfəttişliyi tərəfindən hazırlandığı bildirilən hesabatda bəzi həcc və ümrə şirkətlərinin vətəndaşların şəxsi məlumatlarından istifadə edərək onların adından püşkatmaya müraciət etdiyi göstərilib.
Ən diqqətçəkən məqam müraciətlərdə vətəndaşların deyil, şirkətlərin nəzarətində olan telefon nömrələrinin qeyd edilməsi olub. Beləliklə, püşkatmada müsbət nəticə əldə edildikdə məlumat birbaşa vətəndaşa deyil, vasitəçi şirkətə çatıb.
Ardınca həmin şəxslərin adından saxta imtina ərizələrinin təqdim olunduğu iddia edilib. Ərizələrdə səhhət və ya maddi çətinlik səbəbindən ziyarətdən imtina edildiyi göstərilib. Jurnalist araşdırmasında yüzlərlə ərizənin eyni şəxsin xətti ilə yazıldığı, bəzilərində məcburi əlaqə məlumatlarının olmadığı bildirilib.
Belə olan halda sual yaranır: Bu sənədlər necə yoxlanılmadan qəbul edilib?
“Bir Gün” və “T24” nəşrlərinin məlumatına görə, vasitəçi şirkətlər qanunsuz əldə etdikləri iddia olunan kvotaları ehtiyat siyahısında olan zəvvar namizədlərinə 10 min – 12 500 dollar qarşılığında təklif ediblər.
Jurnalistlərin araşdırmasına görə, bəzi şirkətlər bu üsulla uzun müddət ərzində milyonlarla dollar qanunsuz gəlir əldə ediblər.
82 saxta imza, 114 şikayətçi: İstintaqın ortaya çıxardığı rəqəmlər
Məsələnin ən ciddi tərəfi Türkiyə mətbuatında açıqlanan ekspertiza nəticələridir.
“Bir Gün”ün istintaq sənədlərinə istinadən yaydığı məlumata əsasən, 114 vətəndaş öz adından həcc qeydiyyatı və imtina ərizəsi verilməsindən xəbərsiz olduğunu bildirib.
Onlar sənədlərdəki imzaların özlərinə məxsus olmadığını deyiblər.
Ekspertizaya göndərilən 92 ərizədən 82-dəki imzanın vətəndaşlara məxsus olmadığı müəyyən edilib. Digər 22 ərizə surət olduğu üçün eyni qaydada ekspertizadan keçirilməyib.
Mətbuatda açıqlanan sənəd bölgüsünə görə, araşdırılan 92 ərizənin 76-sı Feyza Turizm, 14-ü Sor Turizm, 2-si isə Uzman Turizm tərəfindən Diyanətə təqdim edilib.
14 nəfər saxlanılıb, sonra iş bağlanıb
İstanbul Baş Prokurorluğu 2020-ci ildə ağırlaşdırılmış dələduzluq, sənədlərin saxtalaşdırılması və cinayət təşkilatı ilə bağlı ittihamlar üzrə araşdırmaya başlayıb.
2022-ci ilin noyabrında keçirilən əməliyyatda 14 nəfər saxlanılıb. Onların arasında turizm şirkətlərinin rəhbərləri də olub.
Mətbuatın yazdığına görə, həbs olunan yeganə şirkət sahibi təxminən bir həftə sonra azadlığa buraxılıb.
2025-ci ildə isə “Bir Gün” daha mühüm məlumat açıqlayıb: jurnalistin əldə etdiyi sənədə əsasən, 16 yanvar 2024-cü ildə cinayət işi üzrə təqibin davam etdirilməməsi barədə qərar qəbul edilib.
Prokurorluğun mətbuatda təqdim olunan əsaslandırmasına görə, sənədlərdəki imzaların şikayətçilərə aid olmaması müəyyən edilsə də, onları konkret şübhəlilərin hazırladığını qəti sübut etmək mümkün olmayıb. Cinayətkar təşkilatın mövcudluğuna dair kifayət qədər sübutun olmadığı da bildirilib.
Beləliklə, ictimaiyyət qarşısında cavabsız qalan əsas məsələ sənədlərin saxta olub-olmamasından daha genişdir: vətəndaşların adından təqdim edilən ərizələri kim hazırlayıb, onların qəbuluna kim nəzarət edib və kvotaların hərəkətindən kim faydalanıb?
Diyanətin rəsmi cavabı: Qanunsuzluğu özümüz aşkar etmişik

Diyanət İşləri Başqanlığı 27 sentyabr 2023-cü ildə “Halk TV”nin “Diyanətdə Hicaz korrupsiyası” mövzusunda yaydığı xəbərə rəsmi açıqlama ilə cavab verib.
Qurum bildirib ki, 2018-ci ildə daxil olan şikayətlər əsasında daxili yoxlama aparılıb, bəzi turizm şirkətləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Diyanət qanunsuzluğun məhz öz yoxlaması nəticəsində üzə çıxarıldığını vurğulayıb.
AKP dövründə Həcc təşkilatçılığında səlahiyyətlər kimə verilib?

Qalmaqalın siyasi tərəfini gücləndirən məqamlardan biri Həcc və Ümrə Səyahət Agentlikləri Dərnəyinin (HURSAD) rəhbəri Diyaeddin Şahin ətrafında yaranmış mübahisədir.
Timur Soykanın araşdırmasına görə, 12 noyabr 2022-ci ildə qəbul edilmiş prezident qərarı ilə nazirliklərarası Həcc və Ümrə Şurasında turizm şirkətlərinin nümayəndəsinin seçilməsi mexanizmi dəyişdirilib. Həmin ilin dekabrında Diyaeddin Şahin nümayəndə seçilib.
2023-cü ildə onun Həcc təşkilatçılığındakı səlahiyyətlərinin genişləndirildiyi bildirilib. Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) isə bu dəyişikliklərə etiraz edərək məhkəməyə müraciət edib.
Jurnalist araşdırmasında Türkiyə və Səudiyyə Ərəbistanının 2022-ci il qeydiyyat rəqəmləri arasında uyğunsuzluqlar olduğu da iddia edilib. Məsələn, Peninsula Turizm üzrə Türkiyə qeydiyyatında 470 nəfər, Səudiyyə məlumatlarında isə 522 viza göstərildiyi yazılıb. Müəllif bu fərqi püşkatmadan kənar ziyarət ehtimalı ilə əlaqələndirib.
Lakin Diyaeddin Şahin ittihamları rədd edib. O, şirkətinin qanunvericiliyə zidd fəaliyyət göstərmədiyini, TÜRSAB ilə mübahisənin isə qurumlararası səlahiyyət qarşıdurmasından qaynaqlandığını bildirib. Həmçinin 2020-ci ildə başlanmış istintaqda özünün və şirkətinin şübhəli şəxs olmadığını vurğulayıb.
Bu məsələ təkcə Timur Soykanın araşdırmaları ilə məhdudlaşmır.
Həcc dələduzluğ Türkiyə Böyük Millət Məclisində (TBMM) də gündəmə gətirilib.
TBMM-nin iclasında saxta ərizələrlə zəvvar namizədlərinin hüquqlarının mənimsənilməsi, onların yerlərinin yüksək qiymətə satılması və turizm şirkətlərinin Diyanət əməkdaşları ilə mümkün əməkdaşlığı barədə fikirlər səsləndirilib.

"Cumhuriyet" qəzeti də həcc dələduzluğunu ifşa edən yazı verib
“Kim bu çete? Diyanet'te hac yolsuzluğu iddiası” başlıqlı xəbərdə ən azı 380 nəfərin zərər çəkdiyi iddiası işıqlandırılıb.

Həcc dələduzluğu ilə bağlı şikayətlərin artdığını görən Diyanət İşləri Başqanlığı 2023-cü ildə yenidən açıqlama verərək Həcc qeydiyyatları barədə daxil olan şikayətlərin müfəttişlər tərəfindən araşdırıldığını və bəzi turizm şirkətləri barəsində hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirib.
Təbii ki, bütün bunlar öz siyasi yolunda dini və mənəvi dəyərlərə xüsusi yer verən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə yaşanıb.
AKP hakimiyyəti dövründə dövlətin dini idarəetmə sistemində dələduzluqla məşğul olan belə bir şəbəkənin mövcud olması və "ƏDALƏT"in buna susması suallar doğurur...