Səhiyyə Nazirliyinin keçmiş idarə rəisi HAKİM QARŞISINDA
19 oktyabr 2026 12:05 (UTC +04:00)

Səhiyyə Nazirliyinin keçmiş idarə rəisi HAKİM QARŞISINDA

0

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun 783 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid qismində dindirilən Ə.İ. təqsirləndirilən Mehdi Əmrahovu əvvəllər tanımadığını, onu ilk dəfə Səhiyyə Nazirliyində gördüyünü bildirib.

“Mən ixtisasca həkiməm. Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin əməkdaşı Yeganə Eyvazova mənə iş təklif etdi. Sonra dedilər ki, gözlə, təmirdən sonra çağıracağıq. Mən heç bir kartdan pul çıxartmamışam. Yeganə xanım mənə ABB-dən kart verdi. Mən pulu çıxartdım, amma həmin puldan özümə heç nə götürməmişəm”, – şahid deyib.

Digər şahid R.Ə. isə Mehdi Əmrahovu 2013-cü ildən tanıdığını söyləyib.

“Mən hazırda Tibb Universitetində müəllim işləyirəm. Həmin vaxt xəstəxanada çalışırdım. Mehdi müəllimlə 2022-ci ildən bir yerdə işləmişik. İnventarizasiya və Silinmə Komissiyasının siyahısında adımın olmasına təəccübləndim. Çünki heç bir sənəddə imzam olmayıb”, – o bildirib.

Təqsirləndirilən Mehdi Əmrahov isə şahidin komissiyaya daxil edilməsi ilə bağlı danışıb:

“Komissiyanın üzvləri təklif etdilər ki, bacarıqlı adamdır. Mən də razılaşdım”.

Daha sonra məhkəmə tərkibi cinayət işi üzrə dəymiş ziyanın dəqiq məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini zəruri hesab edib.

Növbəti məhkəmə prosesi noyabrın 2-si saat 17:00-a təyin olunub.

Qeyd edək ki, Mehdi Əmrahov barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılıb.

İttihama əsasən, sabiq idarə rəisi 12 işçinin əməkhaqqını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə saxtakarlığında təqsirləndirilir.

Ona Səhiyyə Nazirliyinin 783 min manatdan çox vəsaitini mənimsəmə ittihamı irəli sürülüb.

Məhkəmədə zərərçəkmiş qurumun nümayəndəsi qismində iştirak edən Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi qurum tərəfindən Mehdi Əmrahova qarşı 670 min manat məbləğində mülki iddia qaldırıldığını bildirib.

Mehdi Əmrahov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Təqsirləndirilən şəxs istintaq dövründə ziyanın bir hissəsini ödəyib.

Onun yaşı və səhhəti nəzərə alınaraq barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar