“Bu hadisə Bagiranın 15 yaşında baş verib” - MÜSAHİBƏ
08 yanvar 2010 11:45 (UTC +04:00)

“Bu hadisə Bagiranın 15 yaşında baş verib” - MÜSAHİBƏ

Lent.az-ın “Yaxın adam” rubrikasının qonağı Bagiranın mətbuat katibi Mikayıl Hüseynovdur

- Mikayıl, indiyə qədər şou-biznesdə İlhamə Qasımova kimi abırlı və istedadlı müğənni ilə işbirliyinlə tanınırdın. İlhamədən sonra Bagira... Fərqi hiss edirsən?

- İlhamə xanımın yaradıcılıqla bağlı bütün işlərinə mən baxırdım, sutkanın 18 saatını birlikdə olurduq. Amma Bagiranı mən günlərlə görmürəm. Fərq burasındadır.

- Öz aramızda: Bagira ilə işləməyə hər adam cürət eləmir. Bilirsən də, nə üçün belə deyirəm...

- Hər adamın öz dünyası, düşüncəsi var. Mən onun şəxsi həyatına qarışa bilmərəm ki!.. Necə olur-olsun. Özü bilər... Cavandır da...

- Bagira doşab alıb, bal çıxıb! Adətən müğənnilər çalışır ki, ətrafındakı insanlar onu sevən, müdafiə edən, lazım gəlsə “təsbeh suyu”na çəkən insanlar olsun.

- “Təsbeh suyu” demişkən, elə Bagiranın da adı bakirə sözünə yaxındı, bu da təmizlik, paklık deməkdir... (Gülür)

- Sənin bu göz yaşardan etirafına hansı arqumentlərin var?

- (Gülür). Sübut etməyə çalışmıram. Sadəcə, siz bayaq özünüz dediniz axı, müğənnilərin ətrafındakı insanlar ona sadiq olmalıdır. Mən də göstərməyə çalışıram ki, Bagiranın komandası ona sadiqdir..

- Sadiq olmaq üçün sənə nə qədər pul verir?

- İnanırsınız ki, maaşımdan hələ 50 manat borcu qalıb? Deyib bu ay maaşımın üstünə 50 manat borcunu da əlavə edəcək.

- Birlikdə tədbirlərə gedəndə insanlar necə reaksiya verir?

- Siz hansı tədbirlərdən danışırsınız? Dövlət tədbirlərindən?(Gülür) Oyazıq tədbirlərə dəvət alır ki? Mən onunla heç vaxt birlikdə tədbirə və ya toya getməmişəm.

- Onun şəxsi aləmi, ailəsi haqqında nə bilirsən?

- Bilirəm ki, anası və qardaşı ilə qalır. Bir qardaşı evlidir. Biri isə subaydır, birlikdə yaşayırlar. Dediyinə görə, qardaşının xasiyyəti çox ağırdır. Qardaşının yanında qorxusundan telefon zənglərinə belə cavab vermir. Düzdü, mən onlarda olmamışam, lakin and içir ki, məni evdə görsən tanımazsan! Geyimi- keçimi, uzun yubkası, hamısı yerli-yerində!

- Onun ilk məhəbbəti nə vaxt olub?

- Bu hadisə Bagiranın 15 yaşında baş verib. İlk məhəbbəti 15 yaşında olub. Bu haqda özü mənə danışıb. Özündən 15 yaş böyük vəzifəli bir şəxslə ilk baxışdan bir-birlərinə vurulurlar... Amma çox keçmir ki, ayrılırlar. Bagira hələ də onu unuda bilmir... Necə də olsa, ilkdir də...

- Həyatda onun üçün müqəddəs olan başqa nə var?

- Anası. Sonra ailə üzvləri. Anası üçün canını belə qurban edər.

- İndi sevdiyi var? Deyirlər qürbətdə aşiqi var...

- Hə, xəyallarında, özünün dili ilə desək, “Mikkimartin”, yəni Rikki Martin var. Amma yazıq qız oğlanların heç birinə inanmır. Hazırda ürəyi boşdur. Onun fikrincə, oğlanlar onunla boş vaxt keçirmək üçün münasibət qururlar.

- Bəs “mikkimartin”dən başqa qəlbinə yatan real namizəd yoxdur?

- Oy, Bagira xanımın qəlbi çox genişdir. Onu yaraşıqlı olan hamı valeh edə bilər. Fərqi yoxdur... Ancaq Bagira ilk məhəbbətindən sonra heç kimi sevə bilmir.

- Deyirlər Bagira çox varlıdır, şəxsi biznesi var?

- İnanırsınız ki, mən 3-4 aydır onunla işləyirəm, hələ də hansı bizneslə məşğul olduğundan baş aça bilməmişəm. Onun işlərindən heç şeytan da baş çıxara bilməz! Həftənin əvvəli Türkiyədədir, sonu Bakıda. Hər dəfə də özü demişkən, üç çemodan “şmotka” ilə gəlir.

- Yeni il axşamı onun qızıllı-gümüşlü ad günü keçirəcəyini demişdin. Nə oldu bəs, ad gününün parıltısı gözümüzü qamaşdırmadı...

- Əslində ad günü 31-i olmalı idi, amma 30-da oldu. Yaxşı oğlanların canı sağ olsun, Bagira üçün bir ad günü keçirdilər ki, gəl görəsən! Restoranın ziyafət zalı bütünlüklə bağlanmışdı. Ad günündə çoxlu şou-biznes nümayəndələri iştirak etməsə də, hər təbəqədə insanı görmək olardı. Hər təbəqədən... VİP qonaqlardan tutmuş, taa...

- Bəs o qürbətçi qardaş ad günündə ona nə bağışladı?

- Əgər ona sevgilisi demək mümkündürsə, ad günündə ona çox bahalı zinət əşyası bağışlayıb. Hələ söz verib ki, 8 martda bahalı maşın hədiyyə edəcək.

- Nə vaxtsa ailə qurmağı düşünür? Maşallah, həddi-büluğa çatmış, sözün əsl mənasında yetişmiş qızdır...

- Eh! Ailə qurmaq haqqında heç düşünmür! Özü də bilmir ki, ailə quranda evə ən tezi saat neçə də gələr. Yəqin bu, olsa-olsa, gecə saat 1 olar... Neyləsin, e cavandır, əylənməyi çox xoşlayır... Mən Bagiraya hər dəfə deyirəm ki, səni ailəli, uşağa baxan təsəvvür edə bilmirəm.

- Bir az onun güzəranından-dolanışığından danış.

- Deməli günorta saat 5-də oyanır, sonra hamamlanır. Daha sonra yeri-gəldi gəlmədi, gedir oturur salonda, saçlarını düzəltdirib, makiyaj etdirir. Saatlarla, azı 4 saat salonda vaxt itirir. Pulunun çox hissəsini salonlara xərcləyir. Sonra artıq Bagira həyatı başlayır.

- Bagira hayatı saat neçəyə qədər davam edir?

- Diskolar, restoranlar, əyləncə məkanları bağlanana kimi. Hər gün, hər gün... O qədər adrenalinli qızdır ki, yorulmur, sevir belə həyatı. Nə vaxt zəng vurursan, ya diskotekatadır, ya da “Mafiya klub”da. Aradabir mənə deyir, gəl bir gün axşam 3-də 4-də görüşək gedək “Mafiya klub”a. Deyirəm sağ ol, sənin o axşam dediyin səhərə yaxın mən yuxuda oluram. (Gülür)

- Hələ də sarı rəngli “Qaz 24”də gəzir?

- Bəli, mənə də maraqlıdır. Belə şeylərə o qədər həssaslıqla yanaşır ki! O sarı taksi onun üçün çox şey deməkdir. Hələ maşında oturmağını görəsiniz: öz-özünə deyir, Bagira, sən çox fərqlisən!...

- Plastik əməliyyat etdirib?

- Bəyəm bilinmir ki? Çox dəyişib... Əvvəlki görkəminə baxın, indikinə baxın... Hamı kimi o da əməliyyat etdirib.

- Deyirlər, dərisinə virus düşüb...

- Xeyr. Hansısa saytda belə yazmışdılar. Ulduzluğu tutmuşdu. Bir gün jurnalistlərdən biri zəng edib, soruşub ki, niyə efirə çıxmır? Bu qız da yuxulu-yuxulu cavab verib ki, üzümdə problem var. Gərək saat 6-da 7-də ona zəng vurasan ki, ayıq başla ondan cavab ala biləsən, yazıq qız, yuxulu olub da... Mətbuat da onun röyasinda hay-küyə salıb...

- Hə, Bagira həm seks-simvoldu, həm də futbolçuların qənimi...

- Bəli, özüdü ki var! (Gülür) İdmanı, idmançıları çox sevir. Qarşılıqlıdır, elə idmançılar da Bagiranın qənimidir... Canı yanmış gözəldir də! Hər təbəqədə olan, hər sahədə çalışan insanları məftun edə bilər. Bu da bir bacarıqdir...

- Şou-biznesdə dostu var?

- Çox deyil. Elton Hüseynəliyev, Abbas Bağirov, Nana, Zöhrab Ağayev, Aygün Kazımovayla münasibəti var. Ramalla yola getmir, bir də vaxtilə canbir qəlb olduğu Pişik Günel var...

Xədicə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8059

Oxşar yazılar