Ana südü-fövqəladə maye
10 iyun 2020 09:09 (UTC +04:00)

Ana südü-fövqəladə maye

Pediatr, Uzman həkim Ülvi Əliyev e-tibb.az üçün yazdı:

Ana südü canlı fövqəladə bir mayedir. Bu möcüzəli qarışığın içində mikroelementlər, fermentlər, hormonlar, yağlar, karbohidratlar, zülallar ideal nisbətdə tənzimlənmişdir. Tərkibində həm də makrofaqlar və kök hüceyrələr kimi canlı hüceyrələr yaşamaqdadır.

Ana südünün tərkibi anadan anaya, hamiləlik həftəsinə, uşağın yaşına, günün saatına, əmizdirmənin vaxtına və uşağın cinsinə görə dəyişir. Məsələn, gecə südünün tərkibində melatonin çox olduğu üçün gecə əmizdirilən uşaq daha rahat yatır və rəvan inkişaf edir. Əmizdirmənin əvvəlində körpənin mədəsini həcmcə dolduran sulu-ön süd, sonuna yaxın isə yağdan zəngin olan və doyma mərkəzinə siqnal göndərən son süd ifraz edilir. Prematür (vaxtından əvvəl-37 həftədən tez) doğulmuş uşağın aldığı süd vaxtında doğulan uşağın aldığı süddən yağlar və azotun bol olması ilə fərqlənir.

Məməlilər aləmində Avstraliya kengurularının erkək cinsli balalarına verdikləri süddə proteinlərin çox olması (Robert, Braun, Quesnel) qırmızı maralların erkək balalarına verilən süddə laktoza, yağ, zülalın həmçinin süd miqdarının çox olması barədə yazılar çap olunmuşdur. Harvard Universitetinin təkamül biologiyası sahəsində araşdırmaları ilə məşğul olan Professor Katie Hinde erkək makaka meymunlarının əmdiyi süddə kortizol miqdarının çox olduğunu və bunun da onların sonrakı həyat və inkişafında rolu olduğunu, bu süddə yağ və zülalın artıq olduğunu bildirmişdi.

Qız və oğlan uşaqlarının aldığı südlərin tərkibinin fərqli olması barədə tibbi ədəbiyyatda məlumatlar mövcuddur. Michigan Universiteti tərəfindən 2012-ci ildə Keniyanın əyalət bölgələrində 72 qadının daxil edildiyi bir araşdırmada oğlan əmizdirən anaların südlərinin tərkibində qız əmizdirən analara görə yağ miqdarının çox olduğu aşkarlanmışdır. 2017-ci ildə Sudanda 24 oğlan və 24 qız anasının südlərinin müqayisəli analizində oğlan uşaqlarının aldığı süddə orta yağ miqdarı 405.5 mg/dl və qızların bəsləndiyi süddə 270,9 mg/dl, kalsium isə müvafiq olaraq 3.9 mg/dl və 2.8 mg/dl olduğu hesablanıb. Liviyada aparılmış bir tədqiqatda körpə oğlan əmizdirən anaların südünün viskozitəsi (yapışqanlığı) daha artıq olduğu görülmüşdür.

Powe araşdırmasında Amerikadakı oğlan uşaqlarına verilən ana südünün enerji cəhətdən yüksək olduğunu sübut etmişdir. İraqda oğlanlara verilən südün miqdarının çox, xüsusu sıxlıq, fosfor və kalium cəhətdən daha artıq dəyərlər olduğunu göstərmişdir. Təbriz şəhərində 2018 ilində aparılan bir araşdırmada da oğlan uşaqlarının aldığı südün yağ tərkibincə kasad, duz tərkibincə zəngin olduğu görülmüşdür.

Bəs necə olur ki, bu tənzimləmə baş verir? Alimlərin fikrincə, mayalanmadan sonra dölün cinsiyyətinə uyğun xüsusi maddələr sintez olunaraq döş vəzilərinə hazırlanacaq südün tərkibini "diktə edir". Bətnində erkək döl daşıyan inəklərin qanında BİNSL3 adlı maddənin daha çox olması, qadınlarda plasental laktogenlərin varlığının rolu olduğu düşünülür.

Tarixdə də yuxarıdakı nəticələri dəstəkləyən hadisələr olub. Eyni vaxtda doğum gerçəkləşdirırək biri oğlan, digəri isə qız uşağı dünyaya gətirmiş iki qadının hər ikisi oğlanın onun olduğuna iddia edərək məhkəməlik olduqda İmam Əli (ə) bu məsələni qadınların hər birinə eyni ölçülü qab verərək süd sağmalarını tapşırmış və sonradan qabları çəkərək ağır çəkili qabda südü olana oğlan uşağının verilməsini buyurmuşdu.

Ana südü barədə yeni yeni maraqlı məlumatlar yayınlanmaqda davam edir...

Məqalənin hazırlanmasında bu ədəbiyyatlardan istifadə olunub: 

1) Şeyx Saduq, Mən Lə Yəhduruhul-Fəqih, 3 cild, s.15, hədis no: 3249 Beyrut, Müəssəsətul- əlalil mətbuat, 1986

2) S.Dafaallah, M.Amin, T.Abbas, E.Mohammad, E.Kabbara "Biochemical Differences in Human Breast Milk Contents According to İnfant's Gender"-Journal of Molecular Biology and Biotechnology

3) Y.Altufaily "The effect of infant gender on the quality of breast milk"-Kufa Medical Journal 2009 12

4) M.Hosseini, E.Valizadeh, N.Hosseini, S.Khatibshahidi, S.Raeisi "The Role of İnfant Sex on Human Milk Composition"-Breastfeeding Medicine; vol XX, number XX,2020

5) M.Fessenden "His Milk, Her Milk"-Scientific American,dec-2012

6) M.A.Alhindi, H.M.Musallam, E.A.Elhefian "Characteristics of Human Breast Milk Based on İnfant's Gender"-Journal of Basic and Applied Research in Biomedicine;2019

7) Powe C.E,Knot C.D,Conklinn-Brittain N(2010) "Infant Sex Predicts Breast Milk Energy Content"-American Journal of Human Biology I,50-4

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3598
avatar

Oxşar yazılar