“Neofect” Cənubi Koreya startapı yeni “NeoMano” sistemini təqdim edib. Sistemin əsas hissəsi baş barmaq və ilk iki barmağa (şəhadət və orta barmaqlar) taxılan motorlu əlcəkdir.
Lent.az ikt.az-a istinadən bildirir ki, o, bazu önündə tənzimlənən manjetə bərkidilmiş qidalandırma bloku ilə sıx birləşdirilib. Həmçinin “Bluetooth” kanalı üzrə işləyən distant idarəetmə pultu var. İnsan obyekti götürmək istədikdə sadəcə həmin pultda “tutma” düyməsini sıxır. Bu, əlcəkdəki mühərriki aktivləşdirir.
Düymə nə qədər uzun müddət sıxılsa, tutma o qədər güclü olacaq. Predmeti buraxmaq lazım olduqda isə uyğun düymə basılır. Yeni sistemin köməyilə insan stəkan, çəngəl, bıçaq götürə, dişlərini təmizləyə, qapı dəstəklərini çevirə bilər. Sistem təxminən 1999 dollara satışa çıxarılacaq.