Yeyib-içəndən sonra dostunu döyüb öldürdü:  "Gördüm ki, yer qan qusuntusudur"
18 fevral 2026 16:39 (UTC +04:00)

Yeyib-içəndən sonra dostunu döyüb öldürdü: "Gördüm ki, yer qan qusuntusudur"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı Samir Məmmədovun ölümünə səbəb olmaqda təqsirləndirilən Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid M.S təqsirləndiriləni tanımadığını, üzərindən xeyli zaman keçdiyinə görə hadisəni tam olaraq xatırlamadığını bildirib. Məhkəmə onun ilkin istintaq zamanı verdiyi ifadəsini elan edib:

"Mən cərraham. 2021-ci il oktyabrın 4-də Samir Məmmədov adlı şəxs işlədiyim xəstəxanaya daxil oldu. Həmin gün Samir Məmmədovu əməliyyat etdik, sonra animasi. Samir 1 ay qaldı, reanimasiyaya yerləşdirdik. Əməliyyatdan sonra danışmaqda çətinlik çəkirdi, hadisəni tam olaraq ifadə edə bilmirdi. Bu səbəbdən biz ondan başına gələn hadisə ilə bağlı məlumat əldə edə bilmədik. Samir 12 noyabrda rəhmətə getdi. Onun hadisə vaxtı aldığı ağır kəllə-beyin travması səbəbilə ürəyinin dayana bilmədiyi qənaətinə gəldik".

Şahid M.T təqsirləndiriləni tanımadığını, Samir Məmmədovu isə tanıdığını bildirib:

"Sumqayıtda yaşayıram. Samir evimdə usta işləyib. Sentyabrın 27-də Samir evə oboy vurmaq üçün gəldi. Mənə dedi ki, sabah - ayın 28-də oboy alacaqsınızsa, zəng edin, gəlib vurum. Sabahı günü oboyları alıb ona zəng elədim, Samirə zəng çatmadı. Sonra onunla kirayədə qalan Arifə zəng elədim. Dedi ki, o, tanışları ilə yeyib-içib, sonra dalaşıblar, Samir döyülüb".

Şahid C.Ə  Elçin Abdullayevi və Samir Məmmədovu eyni gündə tanıdığını deyib:

"Binəqədidəki həyət evimin yanında yarımtikili evim vardı. Bir gün üç nəfər -  Elçin, Arif, Samir gəldilər ki, kirayə ev axtarırlar. Mənə dedilər ki, evdə təmir işi də görərik, həm də yaşayarıq. Razılaşdıq. Bir gün onların qonaqları gəlmişdi. Oturub dördlükdə yeyib içirdilər. Gördüm getdikcə, səs - küy çoxalır. Çıxıb onlara sakit olmalarını, qonaqlarını yola salmalarını bildirdim. Dedim ki, bu adamın evdə qalmağına izin vermirəm, evi üçünüzə kirayə vermişəm. Adamı sonra yola saldılar. Səhər Arif, Elçin işlərinin ardınca getdilər. Səhəri günü mən evə baxmaq istəyəndə, Samirin üz-gözünün pis vəziyyətdə şişdiyini gördüm. Niyə bu halda olmasının səbəbini soruşanda dedi ki, yıxılıb, indi halı yoxdur, sabah danışar. Sabahı günü qapını açıb içəri girdim ki, yer bütün qan qusuntusudur, Samirin də halı özündə deyil, xırıldayır. Zəng elədim Arifə ki, bunu belə vəziyyətdə qoyub necə getmisiniz? Təcili yardım çağırdım. Mənə sonra dedilər ki, bunlar çöldə dalaşıblar. Səbəb də o olub ki, pul alıblar kimdənsə, bu da deyib niyə almısınız? Borclarını ödəməkdən gedib o pulu xərcləyiblər".

Növbəti məhkəmə 18 mart saat 14:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2021-ci il oktyabrın 4-də Bakının Binəqədi ərazisində baş verib. Yevlax rayon sakini 1987-ci il təvəllüdlü Elçin Abdullayev münaqişə zəmnində tanışı Samir Məmmədova ağır bədən xəsarətləri yetirərək, ölümünə səbəb olub.

Faktla bağlı cinayət işi başlanılıb, Elçin Abdullayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar