Bakıda qətl törətməkdə təqsirli bilinən Elşən Gözəlov və Cəmil Hüseynovun cinayət işi üarə ibtidai istintaq tədbirləri yekunlaşıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2020-ci il dekabrın 31-də saat 5 radələrində Pirallahı rayonu, Gürgan qəsəbə sakini 33 yaşlı Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılıb.
Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng müvafiq qaydada qablaşdırılaraq götürülüb. Şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
İstintaqla ötən il dekabrın 31-də gecə saat 2 radələrində zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun cüzi səbəbə görə hadisədən bir gün əvvəl Röyal İlyasovla aralarında mübahisənin baş verməsini özlərinə hörmətsizlik kimi qəbul edib, bu hərəkətlərinə görə Röyal İlyasovu qəsdən öldürməklə cəzalandırmaq qərarına gəlib. Buna görə də, xuliqanlıq niyyəti ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək sonuncunu yaşadığı evin yaxınlığında tüfəngdən atəş açaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Cəmil Hüseynov və Elşən Gözəlov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.