Abşeronda qonşusunu boğub öldürən 18 yaşlı İsmayıl Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.
Qeyd edək ki, bu il yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 49 yaşlı Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 18 yaşlı Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. İsmayıl Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.