Qohumunu öldürüb arvad-uşağını bıçaqladı - Bakıda QİSAS DAVASI
05 mart 2026 20:15 (UTC +04:00)

Qohumunu öldürüb arvad-uşağını bıçaqladı - Bakıda QİSAS DAVASI

0

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il oktyabrın 6-da Bakıda qətl hadisəsi olur. Belə ki, Buzovna qəsəbəsində yaşayan bir qadın Təcili Tibbi Yardım stansiyasına zəng edərək qonşusunun evində bir nəfərin balta ilə öldürülməsi, daha bir nəfərin yaralanması barədə məlumat verib.
 
Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanıb. Məlum olub ki, hadisə Buzovna qəsəbəsi, Şağan-1 yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evdə baş verib. Həyətyanı sahənin giriş hissəsindən etibarən evin qapısına qədər müxtəlif ölçülü qan ləkələri aşkar edilib. Qonşuluqda yaşayan 2007-ci il təvəllüdlü İnşallah Hacıyev təslim olarkən, cinayətin alətini pəncərənin kənarına qoyduğunu bildirib.

Sabunçu Tibb Mərkəzindən Xəzər rayon Polis İdarəsinə 1977-ci il təvəllüdlü Qurban Məlikovun ölməsi haqda məlumat verilib.
 
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, oktyabrın 6-ı gecə saat 1 radələrində İnşallah Hacıyev yaşadığı evdən mətbəx bıçağını götürərək qonşusu Qurban Məlikovun həyətinə keçib və dava edib. Bu zaman qisas məqsədi ilə Qurbanın bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 4 dəfə zərbə vuraraq, onu öldürüb. Bundan başqa, Qurban Məlikovun arvadı Könül və oğlu Məzahirə də xəsarətlər yetirib. Onlara tibbi yardım göstərilib.


 
Məhkəmə baxışında İnşallah Hacıyev bildirib ki, 2014-cü ildə ailə üzvləri ilə birlikdə Buzovna qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi evə köçüb. Atası Etiqad Hacıyevlə Qurban Məlikov ögey dayıoğlu olublar:

“Qonşuluqda yaşayan Məlikovlarla ilk vaxtlar aramızda problem yox idi, sonra münasibətlərimiz pozulmağa başladı. Səbəblərdən biri Qurbanın böyük oğlu Məzahirin idarə etdiyi avtomobilin təkərlərini yerində dövr etdirməklə qardaşım Gümrahın qarşısını kəsməsidir. Qurbanın arvadı Könül anam Günayla bir neçə dəfə mübahisə ediblər. 5-6 il əvvəl Qurban Məlikov ailəmi polisə verib. Şöbəyə yazdığı şikayət ərizəsində qeyd edib ki, guya biz onların evlərinə hücum etmişik.

Oktyabrın 6-da gecə Şağan-2 adlanan ərazidə, oyun salonunda dostlarımla oyun oynayandan sonra evə qayıtdım. Qurban Məlikov, övladları Məzahir və Oruc qarşımı kəsib atamın yerini soruşdular. Bundan xəbərim olmadığını deyəndə, ağır söyüşlər söydülər. Cavab qaytaranda, Qurban, ardınca da Məzahir üzümə yumruq atdılar. Burnumdan qan gəldi. Oruc bizi aralayandan sonra, “bir azdan gələcəyimi” deyib ordan uzaqlaşdım. Atamı toy axşamı məclisi keçirilən məkanda tapdım. Baş verən hadisəni ona danışdım. Magistral yolun kənarından məhəlləyə doğru gedərkən Qurban oğulları ilə birlikdə hücum edərək, məni və atamı döydülər. Bir təhər evə çatdıq. Mətbəxdən bıçağı götürərək, qonşularımın həyətinə keçdim. Evdən çölə çıxan Qurban Məlikovun əlində çəkic vardı, birinci zərbəni qarın nahiyəsinə vurdum. Sonra vurduğum zərbələri xatırlamıram. Sonra həyətimizə qayıtdım. 102 mərkəzinə zəng edərək məlumat verdim. Cinayəti törətməyimə - Qurban Məlikovun və oğullarının məni və atamı döyüb, söymələri səbəb oldu. Buna görə də, qisas aldım”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Orxan Məlikov ifadəsində göstərib ki, hadisə barədə ona böyük qardaşı Məzahir xəbər verib, həmin vaxt o hərbi xidmətdə olub:

“Oktyabrın 7-də hərbi xidmətimin başa çatması ilə əlaqədar, ordu sıralarından tərxis olundum. Evə qayıdanda, bir gün əvvəl atamın öldürüldüyünü öyrəndim. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edirəm”.
 
Şahid Məzahir Məlikov ifadəsində göstərib ki, oktyabrın 5-i saat 23 radələrində küçəyə çıxıb siqaret çəkərkən, Etiqad Hacıyev öz həyət darvazalarının qarşısında dayanıb, ünvansız ağır söyüşlər söyüb:

“Etiqadın üzü mənə tərəf olmasa da, ətrafda başqa adam olmadığı üçün nalayiq ifadələri ailəmə qarşı işlətdiyini başa düşdüm. Evə keçib, atam Qurbana Etiqadın ailə üzvlərimi söydüyünü dedim. Sonra mənim sürdüyüm "VAZ 2106" markalı avtomobilə əyləşib birlikdə Etiqadı axtarmağa yollandıq. Məhəllədən əsas yola çıxaraq, orda dayandıq. Bir qədər sonra Etiqadla oğlu İnşallahın gəldiklərini gördük. Atam Qurban Etiqaddan söyüş söyüb-söymədiyini soruşanda, Etiqad əvvəl bunu inkar etdi, amma sonradan onu söydüyünü bildirdi. Bundan sonra əlbəyaxa oldular. Onları ayırdım, sonra hər kəs öz evinə getdi.

Amma mübahisədən təxminən 20 dəqiqə sonra Etiqad ailə üzvləri ilə bizə hücum etdi. İnşallah əlindəki bıçaqla məni vurmaq istəyərkən anam əlini qabağa verdi və xəsarət aldı. Mənə tərəf atılan zərbə nəticəsində əlim kəsildi. Daha sonra atam İnşallahı təpiklə vurdu və o, pilləkəndən yerə yıxıldı. Həmin vaxt Etiqadın Günay adlı qızı və digər övladları atamı arxadan ağac parçası ilə vurdular. İnşallah atama bıçaqla zərbələr vurdu. Hər yerin qan olduğunu gördüm. Əlimə keçən stulu götürüb, qarşı tərəfdən gələnləri vurmağa başladım. Konkret kimləri vurduğumu xatırlamıram. Anamın əlinə zərbə dəyəndən sonra, o, küçəyə çıxıb qonşulardan kömək istəsə də, heç kim köməyə gəlmədi. Daha sonra Təcili Yardım briqadası gələrək, atamı Sabunçu xəstəxanasına apardı”.


 
Prokuror təqsirləndirilən şəxsə 10 il cəza təyin edilməsini istəyib.
 
Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən İnşallah Hacıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Odur ki o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət əməlini törədən zaman təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından, ona təyin ediləcək cəza müddəti 10 ildən artıq ola bilməz.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İnşallah Hacıyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar