Milyonluq DAVA:  Zamiq Xankişiyevin aldatdıqları DANIŞDI
04 may 2026 16:07 (UTC +04:00)

Milyonluq DAVA: Zamiq Xankişiyevin aldatdıqları DANIŞDI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənin  ifadəsi ilə davam edib.

Zərərçəkmiş  V.S  təqsirləndirilən Zamiq Xankişiyevi  dostu Ramil vasitəsi ilə tanıdığını bildirib:

"Zamiqi mənə iş adamı kimi tanıtmışdılar. Zamiq Ramil vasitəsi ilə mənə  iş təklif etdi. Mənim problemlərim  elə bundan sonra  yarandı. Ramin mənə Zamiqə məxsus olan başqa tikinti layihələrini göstərib onlar üçün beton verəcəyini demişdi. Bu layihələrin biri Papanində, biri Gənclik ərazisində, Hərbi Prokurorluğun yanında  və digəri də Ramanada idi. Ramin deyirdi sementə pul qoyacağıq, Zamiq də beton verəcək, qazancın  müəyyən hissəsi bizə qalacaq. Sonra pandemiya vaxtları başladı, Ramin dedi ki, Zamiqin çətinlikləri və  ləngimələri  var. Pul gəlmədi, mən bununla bağlı Raminə etiraz etdim.Ondan sonra ilk dəfə Zamiqlə görüşdük. Narazılıq etdim ki, pulumu qaytarsın. Raminlə görüşdüm, o dedi ki, Zamiqin 13 mln-luq  böyük bir layihəsi var. Mən Raminə pulumun olmadığını dedim. Borclarının müqabilində Zamiq mənə demişdi ki,  istəsən, pul əvəzində mənzil verərəm. Pulumu ödəmədiyinə görə  şikayət etdim polisə. Sonra Zamiqin böyük qardaşı Şafiq mənə dəyən bütün ziyanı ödədi. Raminə deyirdim  ki "Zamiqin  maşınının nömrəsi elə 100 min manatdır, bunun bizim pulumuza nə ehtiyacı var?". Ramin qayıtdı ki, "Sən bilmədiyin məsələlər var".

Şahid qismində ifadə verən Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi  Fəyyaz Xankişiyev oğlu, təqsirləndirilən  Zamiq Xankişiyevin  borcları ilə bağlı yaranan məsələlərdən xəbərdar olduğunu deyib:

"Zamiqin S-a olan borcundan xəbərdar idim. Pərvizin bizə 80 000 borcu vardı. Onun əvəzinə qiyməti 105 000 manat olan evini təklif etmişdi.Mən qalan  25 000 manatı  Zamiqə verdim.    Zamiq borcları ilə bağlı mənə demişdi. Maşınları pulun müqabilində girov qoyduq. Yəqin Zamiq onun  pulunu gecikdirib ki, o da  şikayət edib".

Növbəti proses 7 may saat  17:00-a təyin edilib.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarından sui- istifadə edərək, onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı P.S-dir.

O, iş adamına Neftçaladakı "Olimpiya İdman Kompleksi"nin tikintisində isrifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək, pulunu ödəyəcəyinə söz versə də, bundan yayınaraq, daha sonra həmin vəsaiti mənimsəyib.

Zamiq Xankişiyev daha sonra zərərçəkən P.S- nin etibarından istifadə edərək onun "Maserati Ghibli" avtomobilini dəyərindən çox ucuz qiymətə 48 min ABŞ dollarına sataraq mənimsəyib. O bundan başqa iş adamına məxsus daha bir avtomobilini "Mersedes-Benz  S-Klass"markalı avtomobilini 85 min ABŞ dollarına sataraq onun 50 min ABŞ dollarını qaytararaq 35 min ABŞ dollarını isə ələ keçirərək mənimsəyib.

Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı P.S nin ümümilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Təqsirləndirilən bundan başqa tanış olduğu S.V. də aldadaraq ona müxtəlif tikinti lahiyələrində iştirak edərək külli miqdarda qazanc əldə etmək adı ilə külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib.O,  S. V-nin ümümilikdə, 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.

Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə olub.O işçisinə verməli olduğu 5690 manatın əvəzinə ona verəcəyinə söz verdiyi "Kia"markalı avtomobili verməyərək həmin məbləği də mənimsəmişdir.

Hakim Elnur Nuriyev təqsirləndirilən Zamiq Xankişiyevə onun ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq törətdiyi əməllərin sübut olunacağı təqdirdə 10 ildən 15-dək məhkum oluna biləcəyini xatırlatsa da Xankişiyev buna görə özünü təqsirli bilməyib. 

Xatırladaq ki, Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin biznesmen oğlu Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq (xüsusilə külli miqdarda dələduzluq) pulunu ələ keçirməkdə ittiham olunur.

Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Hazırda cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Mətbuata üz tutan vətəndaşlar "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış atası Fəyyaz Xankişiyevi də dələduzluqda ittiham ediblər. Fəyyaz Xankişiyev keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub.

F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.

Hazırda dələduzluqda ittiham olunan oğul Zamiq  Xankişiyev isə bahalı həyat tərzi ilə gündəmdə olub. O, "Bentley" markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar