Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib.
Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, V.Əliyev krimal avtoritet olub. O, kriminal aləmdə "Vüsal Şestoy" ləqəbi ilə tanınıb. "Lotu Quli" və onun qardaşı Namiqlə yaxın əlaqələri olan V.Əliyev Bakının 6-cı mikrorayonunda vəziyyətə baxırmış.