Bakıda bir nəfəri öldürüb, bir nəfəri ağır yaralayan Tofiq Əlixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin icraatına verilib.
Xatırladaq ki, ötən il oktyabrın 8-də saat 2 radələrində 39 yaşlı Qobustan rayon sakini Məqatil Zeynalovun qarın və qol nahiyəsindən bıçaq xəsarətləri olan cəsədi qəsəbənin küçəsində tapılıb.
Bundan əlavə, M.Zeynalovun 22 yaşlı həmyerlisi Murad Bəhramov ağır yaralı vəziyyətdə olub. O, Qaradağ rayon xəstəxanasına aparılıb.
Qətldə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçıb. Bu, yaxınlıqda quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Onu da nəzərinizə çatdıraq ki, həmin vaxt Bakıda komendant saatı tətbiq olunurdu. Cinayət cəsədin tapılmasından yarım saat əvvəl törədilib.
Məlum olub ki, saxlanılan şəxs əvvəllər hakimiyyət nümayəndələrinə müqavimət göstərdiyinə görə məhkum olunmuş 38 yaşlı Bakı şəhər sakini, Tofiq Əlixanovdur. Cinayətin motivi müəyyənləşdirilib.
İlkin məlumatlara görə, kişilər arasındakı münaqişə münasibətləri müəyyənləşdirmə əsasında baş verib. Qarşılıqlı təhqirdən sonra T.Əlixanov komendant saatı olmasına baxmayaraq, M.Zeynalovu danışmaq üçün görüşə çağırıb.