İntihar “edən” şəxsdə 50 bıçaq yarası: pul üçün anasını öldürdü - Cinayət DOSYESİ
23 fevral 2023 20:15 (UTC +04:00)

İntihar “edən” şəxsdə 50 bıçaq yarası: pul üçün anasını öldürdü - Cinayət DOSYESİ

Birini öldürüb rahatçılıqla başqasının üstünə atmaq sizə asan gəlməsin. Bunun üçün xüsusilə çalışıb, plan qurmalı və o başqasını dəmir barmaqlılar arxasına atacaq dəlillər də hazırlamalısan. Elə olmalıdır ki, bütün oxlar əsl qatili yox, məhz tələyə salınacaq şəxsi göstərsin. Bunu xüsusi “aferistlər” edə bilir yalnız...

Cinayət DOSYESİ – 014

Əvvəlki yazı

Lent.az-ın “Cinayət Dosyesi” layihəsinin 14-cü bölümündə sizə uzun illər boyunca cinayət əməllərindən məharətlə gizlənə bilən qadından danışacağıq. Bu qadının etdiklərini heç adlı-sanlı detektiv yazarları xəyal belə edə bilməzdilər. Yəni sizləri hətta haqqında film çəkilən bir Cinayət Dosyesi ilə tanış edəcəyik.

Demək olar ki, cinayətlərin böyük hissəsi maddi maraqlarla bağlı olur. İntiqam, qisas məqsədi ilə anasını belə öldürənlər var. Amma pul üçün ana kimi müqəddəs bir varlığı öldürənlər o qədər də çox deyil...

Sizə söz açacağımız hadisə ABŞ-da baş verib. Hiyləgər qadın fırıldaqçı Pem Happ bütün ölkənin hüquq sistemini asanlıqla aldadıb və on ildən çox müddətə ədalətdən yayınmağı bacarıb.

Pem Happ

Bu illər ərzində isə o dəhşətlərə imza atıb. Sığorta şirkətindən pul almaq üçün ən yaxın dostunu öldürdü. Kənardakılar onu çox dostcanlı, xeyirxah, doğmaları üçün fədakar birisi kimi tanıyırdılar. Sizə inanmaq çətin olacaq, amma o hiyləgər qadın doğma anasını belə pula görə öldürüb, sonra isə ətrafdakılara bu acıya dözmədiyini nümayiş etdirirmiş. Ən pisi də budur ki, onun yerinə günahsız insan cəza çəkib.

Kələkbaz iki cinayətdən məharətlə yayınsa da üçüncü də vəziyyət dəyişir. Sonuncu qətl hər şeyi öz yerinə qoyur.

Gözünüz bizdə olsun, bu qadının hekayəsi sizi şoka salacaq. Bu barədə bir qədər sonra. İndi isə tələyə düşən bədbəxt ərin çarəsizliyindən, necə bir böhtan altında qalmasından söz açaq. 

2011-ci il dekabrın 27-də Amerikanın Missuri ştatının Troy şəhərində 911 çağrı mərkəzinə qəribə bir zəng olur. Zəng edən şəhər sakini Rassell Faria idi. O deyir ki, həyat yoldaşı intihar edib. Polis hadisə yerinə gəlir. Və zəng edən şəxsin arvadı Betsinin qanlı bədənində 50-dən çox bıçaq yarası tapırlar. Bu necə intihardır? Kim özünü 50 dəfə bıçaqlaya bilər ki? Polislər də bu suallara əsasən hadisəni intihar kimi qəbul edə bilmirdilər. Rassel isə çox həyəcanlı şəkildə israr edir ki, evə gələndə həyat yoldaşı artıq ölmüşdü. Nədənsə heç kim ona inanmır. Polislərdən biri isə ona "arvadını özün öldürmüsən" deyir. Və ona qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılır. Baxmayaraq ki, Rasselin ciddi “alibi”si vardı. Cinayət zamanı onun başqa yerdə olduğunu sübut edən şahidlər mövcud idi. Bütün bunlara rəğmən o günahsız olduğuna heç kimi inandıra bilmədi.

Betsi və əri Rassel

Bəs nə idi Rasselin “alibi”si? O, axşamları demək olar ki, həmişə evə gec gəlirdi. Stolüstü oyunları isə çox sevirdi. Həmin axşam da dostları ilə birlikdə uzun müddət oyun oynamışdı. Dostları da şahid idi ki, “günahkar” ər axşam saat doqquza qədər evə getməyib. Hələ bundan başqa, Rassel evə gələrkən yolda konfet və siqaret almaq üçün iki yanacaqdoldurma məntəqəsində dayanıb. Həmin məkanlarda olması da kamera görüntüləri ilə sübut olunub. 911-ə gələn zəng isə onun siqaret almasından təxminən yarım saat sonraya təsadüf edir. Lakin o bütün bunlara guya ədalət dağarçığı olan ABŞ hüququnu inandıra bilmir.

Müstəntiqlərdən biri sanki ona inanmaq istəyir. Bir istintaq eksperimenti keçirir. O, Rasselin həmin axşam evə gəldiyi yolu eynən təkrar edir. Kişinin dayandığı yerləri nəzərə almayanda belə, bu yol ən azı 23 dəqiqə çəkib. Yəni bu istintaq eksperimentinə görə, əgər Rassel cinayəti törədibsə, ona cinayət izlərindən qurtulmaq üçün cəmi bir neçə dəqiqə qalır. Hansı ki, bu cür cinayət işində bu qısa zaman ərzində bu qədər dəlili məhv etmək demək olar ki, mümkün deyil. Bundan əlavə, məhkəmə-tibb ekspertizaları onun üzərində Betsinin DNT-sinin heç bir izinə rast gəlmir. Yoxlama müddətində də o, dostları ilə görüşdə olduğu paltarında olub, yəni əynini dəyişməyib. Bu az vaxta isə dəlillərdən necə qurtula bilərdi?..

Rasseli bəs necə ittiham edə bilirdilər? Onun qətldə iştirakının əsas və bəlkə də yeganə “sübutu” qətl yerindən tapılan qana bulaşmış başmaqları idi. Polis Rasselin şübhəli davranışını cinayət sübutu kimi qəbul edir. Bundan başqa, cinayət işində yazılır ki, kişi 911-ə zəng edən zamanı şokda olan kimi görünsə də, operator ondan sakitləşməyi xahiş etdikdə tez özünə gəlib. Qətl yerinə gələn polis əməkdaşlarından biri deyib ki, heç “gözündən yaş axmırdı”, hətta gülürdü. Yəni ittiham üçün bu cür gülməli dəlillər toplanır.

Məhkəmə də ittiham tərəfinin “arqumentləri” ilə razılaşır. Beləliklə, təxminən 2 ilə yaxın sürən araşdırmadan sonra 2013-cü ildə Rassell Faria ömürlük həbs cəzasına məhkum edilir. Amma bu qədər tələsmək lazım deyildi...

2015-ci ildə mərhum Betsinin qızları Lea və Maria hökmə etiraz edir. Və yeni məhkəmə prosesi zamanı Rassel bəraət qazanır. Hələ də əsl qatil ortada yox idi. Lakin yeni məhkəmə qərarından sonra bizim “qəhrəman”, Betsinin rəfiqəsi ciddi şübhə altına düşür.

Onu da deyək ki, mərhum Betsi onkoloji xəstə olur. Rəfiqəsi Pem ona həyatını sığortalamağı məsləhət edir. O, həyatını 150 min dollara sığortalayırlar. Müqaviləyə görə, onun ölümü halında pulu əri Rassel almalı idi.

Lakin dekabrın 22-də, qətldən beş gün əvvəl rəfiqələr belə qərar gəlirlər ki, müqavilə yenilənsin. Bu müqaviləyə əsasən Pem Betsinin ölümü halında bütün sığortaları ala bilərdi. Qətlin təkrar istintaqı zamanı onu əsas şübhəli edən də məhz bu fakt olur. Necə olur ki, müqavilə yeniləndikdən bir az sonra qətl baş verir?

Pem Happ

Ölən qadını sonuncu sağ görən elə Pem idi. Qətl günü Betsi başına gələcəklərdən xəbərsiz xəstəxanaya kimyaterapiya almağa getmişdi. Bundan sonra isə istirahət üçün anasının evinə yollanır. Pem isə rəfiqəsini zorla anasının evindən öz evinə aparır. Elə həmin axşam da Betsi öldürülür.

İlk istintaq zamanı isə Pem özünü elə kədərli görkəmdə, heyrətlənmiş kimi göstərir ki, heç kim ondan şübhələnmir. Bəs onu nə ələ verir? Mobil telefonunun göstəriciləri və ərinin ifadəsi. Hətta istintaq daha uzağa gedib çıxa bilir. Belə ki, onun ilk istintaq zamanı verdiyi ifadə heç kimin diqqətini çəkmir. Lakin sonradan müstəntiqlər onun ifadəsindəki ip uclarına diqqət verməyə başlayırlar. O deyibmiş ki, sığorta pulu istəsəm, anamı və ya ərimi öldürə bilərdim. Üstəlik, onların sığortalandıqları məbləğlər daha böyükdür.

Qətlin ilk araşdırması zamanı bu sözlərə demək olar ki, məhəl qoyulmayıb. Onlar yalnız iki il sonra xatırlayırlar ki, Pemin anası Şirli Neyman da qəribə şəraitdə vəfat etmişdi. Və bu məsələdə Pem cinayəti məharətlə ərinin üstünə atmışdı. Beləliklə, araşdırmalarla sübut oldu ki, o öz anasını da sığortadan alacağı pul üçün qurban edib. Hətta başqa bir cinayətin də üstü açılır ki... Bu barədə də gələcək yazılarımızda söhbət açarıq.

Hə unutmadan onu da qeyd edək ki, Pem Happı ekranlarda Bridget Jones's Diary filminin ulduzu və ikiqat Oskar qalibi 52 yaşlı Renee Zellweger canlandırıb. Şeytani sxemlə günahsız bir adamı həbsə göndərən qadını canlandıran aktrisa xüsusi məharət göstərib. Ekran əsərinin adı "The Thing About Pam"dır.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18060
avatar

Cavidan HUN

Oxşar yazılar