Hacıqabuldakı qətllə bağlı rəsmi məlumat yayılıb.
Hacıqabul rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, martın 31-də saat 1 radələrində rayonun Muğan qəsəbə sakini 35 yaşlı Rasulova Fəxriyyə Feyruz qızının bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qohumu 34 yaşlı Axundov Elvin Arif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Fəxriyyə Rasulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Elvin Axundov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.