CİNAYƏT İŞİ
Qısa arayış...
2023-cü il aprelin 18-də Bakının Xətai rayonu Sarayevo küçəsində bıçaqlanma hadisəsi olur. Burada Amilə Vəliyeva keçmiş əri 1988-ci il təvəllüdlü Samil Əliyev tərəfindən bıçaqlanır. Qadın çoxsaylı xəsarətlərlə özəl klinikaya aparılır və hadisəni törədən kişi 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən yerindəcə saxlanılır.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Anket məlumatlarına əsasən, Samil Əliyev 1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub, əvvəllər məhkum olunmayıb.
Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, aprelin 17-də Amilə Vəliyeva keçmiş əri Samil Əliyevə zəng edərək, ondan nikahda olduqları dövrdə aldığı qızıl sırğalarını qaytarmasını tələb edib. Sonuncu bunun əvəzinə 100 manat pul verəcəyini yalandan söz verib. Samil qadına səhərisi gün saat 14:30-da Sarayevo küçəsində yerləşən “Bakı” kinoteatrının yanında, avtobus dayanacağında görüşməyi təklif edib. Ayın 18-də görüşəndə, o, keçmiş yoldaşına barışmaq istədiyini bildirib. Amilə Vəliyeva onunla barışmayacağını deyib və evə qayıtmaqdan ötrü avtomobil yolunu keçərək avtobus dayanacağında durub. Buna baxmayaraq Samil Əliyev arxasınca gəlib, ondan israrla barışmasını istəyib. Aralarında yaranmış mübahisə zamanı, o, öldürmək məqsədi ilə üzərindəki bıçaqla qadının bədənin müxtəlif nahiyyələrində ümumlikdə 10 dəfə zərbə endirib.
Ətrafdakı şəxslərin müdaxiləsi və təcili xəstəxanaya çatdırılması nəticəsində qadının həyatı xilas olunur.
Samil Əliyev
İş üzrə dindirilmiş Samil Əliyev bildirib ki, 2015-ci ildə Amilə Vəliyeva ilə evlənib, bir ildən sonra qız övladları dünyaya gəlib. Xətai rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulub:
“Boşandıqdan sonra Amilə mənə qızımla görüşməyə icazə vermirdi, telefonla danışanda daim məni təhqir edirdi. Aramızda olan mübahisələr haqda qayınatama məlumat verəndə, Məhəmməd Vəliyev mənə Amiləni narahat etməməyimi dedi. Evli olduğumuz dövrdə arvadımın bir cüt sırğasını lombarda girov qoyaraq pul götürmüşdüm. 2023-cü il aprelin 17-i saat 20 radələrində Amilə zəng edərək, qızıl sırğasını qaytarmağımı tələb etdi. Ona sabah “Bakı” kinoteatrının qarşısına gəlməyini və 100 manat verəcəyimi söylədim. Ayın 18-i saat 14 radələrində görüşəndə, Amiləyə üzərimdə qızıl sırğanın və pulun olmadığını, onunla barışmaq istədiyimi bildirib. Cavab olaraq qadın barışmayacağını dedi, məni yalan danışmaqda günahlandıraraq, avtobus dayanacağına tərəf getdi. Onu təqib edərək, qızımın nə üçün mənimlə soyuq münasibət saxladığını soruşanda, Amilə bunun səbəbini bilmədiyini söylədi. Ailəmizi dağıtmamağını deyib yenə barışmağı təklif edəndə, keçmiş arvadım qəzəblənərək, məni söyməyə başladı. Onun bu reaksiyasına hiddətlənərək, dayanacağın arxasında Amiləyə 5 və ya 6 bıçaq zərbəsi vurdum. Qadının qışqırıq səsinə yaxınlaşan vətəndaşlar bıçağı əlimdən bıçağı aldılar”.
Amilə Vəliyeva
Zərərçəkmiş Amilə Vəliyeva bildirib ki, aprelin 18-də taksi ilə Hövsandan Əhmədli qəsəbəsinə gəlib, Samillə görüşüb:
“Sırğamı gətirmədiyini biləndən sonra keçmiş ərimə niyə yalan danışdığını dedim və dayanacağa keçərək, avtobusun gəlməsini gözlədim. Samil yaxınlaşıb, sol əli ilə sinəmdən tutdu və sağ əlindəki bıçaqla mənə zərbələr vurmağa başladı. Amma ətrafda olan şəxslər müdaxilə edərək, Samili zərərsizləşdirdilər və məni xəstəxanaya apardılar”.
Şahid Ramal Qədirov ifadəsində göstərib ki, Sarayevo küçəsi, 13 ünvanında yerləşən şirkətin direktoru vəzifəsində işləyir:
“Aprelin 18-i saat 15 radələrində ofisdə olanda, küçədən qadının qışqırıq səslərini eşitdim. Dərhal çölə çıxanda, sol tərəfdə, pilləkənin yanında bir kişinin qadına bıçaqla zərbələr vurduğunu gördüm. Yaxınlaşaraq, həmin şəxsin sağ qolundan tutdum. Digər şahidlərlər köməkləşib, onun əlindən bıçağı aldıq. Bir neçə dəqiqədən sonra polis əməkdaşları yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib Samil Əliyevi saxladılar və polis şöbəsinə apardılar. Hesab edirəm ki, ardıcıl bıçaq zərbələri vuran şəxsin məqsədi məhz qadını öldürmək olub”.
Şahid Anar Qasımov bildirib ki, aprelin 18-i saat 15 radələrində avtomobillərin parklanması ilə məşğul olan vaxt bir qadının qışqırdığını eşidib:
“Səs gələn istiqamətə baxanda, dayanacağın arxasında Samil Əliyevin Amilə Vəliyevaya bıçaqla zərbələr vurduğunu gördüm. Dərhal ora yaxınlaşıb, həmin şəxsdən zərbələr vurmamasını tələb edəndə, Samil Əliyev mənə ailə məsələsi olduğunu və işinə qarışmamağımı bildirdi. Səs-küyə toplaşan ətrafdakı insanlar onun əlindən bıçağı aldılar. Yaralanan qadının parklanmış ağ rəngli avtomobilə söykənməsinə kömək etdim. Mən Təcilli Tibbi Yardım Stansiyasına, qadınlardan biri 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdik”.
Şahid Məhəmməd Vəliyev ifadəsində göstərib ki, fevral ayında qızı Amilə ona Samildən boşanmaq üçün məhkəməyə müraciət etdiyini deyib:
“Səbəbini soruşanda, qızım yoldaşının ailəsinə baxmadığını, onu döydüyünü və təhqir etdiyini bildirdi. Məhkəmənin qətnaməsi ilə onların nikahı pozuldu, nəvəm Amilənin himayəsinə verildi. Samil isə aylıq 193 manat aliment ödəməli oldu. Boşanandan sonra qızım keçmiş ərinin onu narahat etməsi ilə əlaqədar bir neçə dəfə 34-cü polis şöbəsinə və 35-ci polis bölməsinə müraciət edib. Aprelin 18-də tanımadığım şəxs zəng edərək, qızımın özəl klinikada olduğunu və ora gəlməyimi dedi. Klinikaya çatanda, baş həkim qızımın keçmiş əri tərəfindən bıçaqlandığını və hazırda əməliyyatda olduğunu bildirdi”.
Məhkəmə iclasında Samil Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş təqsirləndirilən şəxsi bağışlamadığını və ona qanuna müvafiq cəza təyin edilməsini xahiş edib.
Məhkəmə qənaətə gəlib ki, Samil Əliyevin Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Samil Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.