"Gördüm cəsəd çantaya sığmır, ayaqlarını kəsdim" - Kişini öldürüb meyitini Ağsu aşırımına atan  DANIŞDI
04 mart 2026 15:54 (UTC +04:00)

"Gördüm cəsəd çantaya sığmır, ayaqlarını kəsdim" - Kişini öldürüb meyitini Ağsu aşırımına atan DANIŞDI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib.

Təqsirləndirilən Fazil Feyzullayev üç ildir ki, Ülvi Abbasov və Seyrac adlı tanışları ilə bir qadının evində kirayə qaldıqlarını bildirib:

"Bizim dəfələrlə xırda mübahisəmiz olsa, çox çəkmirdi, qaydasına qoya bilirdik. Hadisə baş verən gün işdən gələndən sonra aramızda evi təmizləməyin üstündə söz-söhbət oldu. Seyrac evdə deyildi. Ev təmizləmə növbəsi İsgəndərdə idi. O, cığallıq eləyəndə, dedim yaxşı mən kömək edərəm. İsgəndər dostum Xələfə zəng edib soruşdu ki, pul olacaq?. Xələfin ona nə dediyini bilmədim, amma İsgəndər bundan sonra başladı Xələfin ailəsini ağır, biədəb söyüşlərlə söyməyə. Mən buna dözməyib onu danladım, yaxşı hərəkət etmədiyini dedim. İsgəndər mənim var- yoxumu söydü. Özümü güclə sakitləşdirib yatmağa getdim.

Səhər saat 5 olardı. Mən də tiktok-a baxırdım. Birdən bu qəfil söyə-söyə girdi içəri, cumdu üstümə. Buna yumruq ilişdirdim. Hələ də məni söyürdü, sakitləşmirdi. Onu vurub itələyəndə çarpayının yanına düşdü. O, yerə düşəndən sonra çarpayının başlığını çıxarıb ona vurdum. Öldüyünü görüb onu yatdığım çarpayının altına sürüklədim. Dartanda gördüm ayağı qatlanmır. Otağın qapısını bağlayıb bazara getdim ki, sumka alıb meyiti içinə qoyum. Bazardan Cəlilabad sumkası və bıçaq aldım. Meyit sumkaya yerləşmirdi, sumkaya salanda gördüm girmir, ayağını kəsdim. İkinci ayağının sümüyünü zülmlə kəsdim. Fikrim bu idi ki, aparım Ağsu aşırımdan atım. Meyitin tikələrini üç torbaya yerləşdirdim. İçərini təmizləyib çölə çıxanda Ülvi, ev sahibi və başqa bir qonşunu həyətdə gördüm. Taksi çağırdım, Ülviyə dedim ki, ağırdır, kömək elə. Torbalarda nə olduğunu soruşanda, dedim ki, Sabunçu bazarından drel, usta avadanlıqları filan almışam. Taksi gəldi, mən sürücünün yanında oturdum. Ayaqlar olan torbanı arxa oturacağa, digərləri baqaj hissəyə yerləşdirdim. Gəlib Ağsuya çatdıq. Maşından düşüb torbaları endirdim. Tikələr olan torbanın ikisini təpədən atdım. Üçüncünü atmaq istəyəndə, qabaqdan maşın gəldiyini gördüm. Maşındakının polis və ya FHN işçisi olduğunu bilmədim. Maşından düşüb  dedi ki, niyə bura zibil atırsan? Bilmirsən ki, cəriməsi var?. Oradan dostlarımın mənə balıq tutduğu Cavanşir gölünə getdim, torbanı suya atdım. Evə qayıdanda dedilər ki, İsgəndər itib. Bununla bağlı polisə çağırılanda hər şeyi danışdım".

Zərərçəkənin hüquqi varisi "Qardaşımın ayağının biri tapılmayıb, harada gizlətmisən?"sualına Fazil "Mən onun ayağını neyləyirəm? Atmışam gedib"- deyə cavab verib. 

Növbəti proses 8 aprel saat 14:00-a təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur. 

Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar