Dostunun atasını öldürmək istəyənin İŞİ:  "Atamdan pul istədim, üzümə tüpürdü"
19 fevral 2026 13:38 (UTC +04:00)

Dostunun atasını öldürmək istəyənin İŞİ: "Atamdan pul istədim, üzümə tüpürdü"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Şüvəlanda dostunun atasını öldürməyə cəhd edən Zahid Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid E.B hadisə vaxtı oğlunun özündə olmadığını bildirib:

"Həmin gün Zahid narkotikin təsirində olub. Pul istədi ki, ehtiyacım var. Atası istədiyi qədər məbləğin olmadığını dedi. Bundan sonra Zahid əsəbiləşib evdən çıxdı. Ardınca küçəyə çıxanda gördüm ki, İnqilab qardaş qan içindədir. Ona başımız qarışdı, Zahidi axtaran olmadı. Xəstəxanada idik, xəbər gəldi ki, Zahidi tutublar. Onun axır vaxtlar psixoloji vəziyyəti çox korlanmışdı".

Elə bu zaman təqsirləndirilən Zahid Bayramov "Sənədlərimi düzəldib buralardan çıxıb getmək istəyirdim. Sənədlərimi düzəldə bilmək üçün pul lazım idi. Atamdan istədim, vermədi. Pul vermək yerinə mənim üzümə tüpürdü. Ata da oğula belə davranar?".

Şahid B.L təqsirləndirilən şəxslə qonşu olduğunu deyib:

"Həmin gün evdə idim. Hay-küy qalxdı, bir də eşitdim ki, Zahid İnqilabı bıçaqlayıb. Özündə olmadı, içdi, çəkdi yoldaşımı da ona görə bıçaqladı".

Şahid B.Ə ifadə verməkdən imtina etdiyini bildirib. Hakim Səbinə Məmmədzadə onun ilkin istintaq zamanı verdiyi ifadəsini elan edib:

"Rusiyada yaşamışam, Zahid də orada doğulub. Ondan başqa iki oğlum da var. Zahid  iki dəfə qeyri-rəsmi evlənib. Narkotikin təsirindən belə hərəkət etdi. Zahid uşaqlıqdan özbaşına, dəcəl olub. 2018-ci ildən narkotik istifadə etməyə başladı, elə o vaxtdan bizə qarşı aqresiv, düşmən kimi davranmağa başladı. Biz onun sürdüyü həyata dəfələrlə etiraz edirdik, onu bu yoldan çəkindirməyə çalışırdıq. 10 oktyabr 2025-ci ildə evə gəldi ki, mənə pul lazımdır. Məni hədələdi ki, əgər verməsən, heyvanları qabağıma qatıb satacam. Buna icazə verməyəcəyimi ona dedim. Böyük dava çıxdı. Küçəyə çıxanda İnqilabı gördüm. Ona dedim ki, Zahid məni şillə ilə vurdu, əlində bıçaq var. İnqilab onu əlindəki qoyun çubuğu ilə vurmuşdu. Bir qadının "polis gəldi" dediyini eşitdim, bunu eşidən Zahid qaçdı. İnqilaba yaxınlaşanda onu qan apardığını gördüm".

Şahid N.H həmin gün qısa müddətə evinə gedib qayıdandan sonra baş verənləri gördüyünü deyib:

"Geri qayıdanda İnqilabı qan içində gördüm. İnqilab yaxşı adamdır, o, ancaq çubuqla özünü qoruyurdu. Zahid atasını şillə ilə vurandan sonra İnqilab araya girib ikisini aralamağa çalışdı. Mən oraları təmizləyirdim, yorulmuşdum deyə yaxınlaşıb nə olduğunu soruşmadım".

Məhkəmə sənədlərin tədqiqi mərhələsini elan edib.

Növbəti proses 26 fevral saat  12:30-a təyin olunub.

Xatırladaq ki, ittiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Zahid Bayramov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar