Bakıda oğluna və gəlininə balta ilə xəsarət yetirən Mehdi İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Zeynal Ağayevin icraatına verilib.
Qeyd edək ki, ötən il dekabrın 5-də Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon Prokurorluğuna məlumat daxil olub..
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Aparılan araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Mehdi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.