Bakıda qətl törədən şəxs saxlanılıb.
Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 13-ü saat 23 radələrində 23 yaşlı Murtuz Murtuzovun bıçaqlanaraq xəsarət alması ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 21 yaşlı Məhəmməd Məhəmmədlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Murtuz Murtuzova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Məhəmməd Məhəmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə Nizami rayonu ərazisindəki "Sultan" şadlıq sarayının qarşısında verib.