Sumqayıtda itkin düşən kişini öldürüb həyətdə basdıran Samir Abbasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Aynur Rzayevanın icraatına verilib.
Qeyd edək ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə avqustun 14-də 81 yaşlı Nadir Rzayevin Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə müraciət daxil olub.
Oktyabrın 3-də saat 19 radələrində N.Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun N.Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
S.Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.