Oğurluğa görə saxlanılan şəxslərin daha 3 evdən külli miqdarda pul apardığı məlum olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulan Ə.Əhmədovun və C.Süleymanovun ətraflarında Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Nəticədə onların müxtəlif vaxtlarda daha 3 evdən ümumilikdə 100600 ABŞ dolları, 700 avro, 5000 manat dəyərində geyim, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Qeyd edək ki, polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakıdakı hündürmərtəbəli binalarda yerləşən mənzillərdən silsilə oğurluqlar etməkdə şübhəli bilinən paytaxt sakinləri - Cavid Süleymanov və Əhməd Əhmədov saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, Cavid Süleymanov oğurluq etməmişdən əvvəl 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Həmin kurslarda öyrəndiyi vərdişlər sayəsində isə Cavid Süleymanov hündürmərtəbəli binaların damından özü ilə gətirdiyi kəndir vasitəsi ilə oğurluq edəcəyi mənzillərin eyvanına düşüb. Daha sonra mənzilə daxil olaraq oğurluq hadisələri törədib. Bu şəxs oğurluq etdiyi bütün evlərə eyni yolla daxil olub.
İlkin məlumata görə, saxlanılan şəxslər törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurublar.
Evi qarət olunan şəxslərin arasında polis generalı Sahib Mirzəyevin oğlu, Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi, "Keşlə"nin idman direktoru Ceyhun Sultanov da var.