Ziya Bunyadov prospektinin əsaslı təmiri ləngiyə bilər
12 may 2014 16:59 (UTC +04:00)

Ziya Bunyadov prospektinin əsaslı təmiri ləngiyə bilər

“Belə getsə, yolun əsas hissəsi də bərbad günə qalacaq”


 

Bakının Ziya Bünyadov prospektində həyata keçirilən əsaslı şəkildə yenidənqurma işlərinə bəzi sürücülər ciddi şəkildə maneələr törədir.

 

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

 

“Biz yolun bir hərəkət hissəsində ikiqat alfalt-beton örtüyü işlərini yerinə yetirmişik. Artıq digər hissədə yolun əsaslı tikintisi işləri gedir. Buna baxmayaraq, bəzi nəqliyyat vasitələrinin hərəkəti tikintiyə ciddi əngəl törədir. Orada nəqliyyat vasitələrinin park olunması, kimlərinsə avtomobilləri həmin ərazidə saxlaması və istənilən vaxt girib-çıxması, tikintiyə çox böyük maneələr törədir”, - deyə P.Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, “Azəryolservis” qrafiki qabaqlayaraq iyun ayının sonuna qədər həmin yolun Böyük Şordan Əhməd Rəcəbli küçəsinədək olan hissəsində axırıncı qat istisna olmaqla asfalt-beton işlərini tamamilə qurtarmağı nəzərdə tutub: “Belə gedişlə əngəllər yaranacaqsa, təbii ki, tikintinin vaxtı gecikə bilər. Nəqliyyat vasitələrinin tikinti gedən əraziyə istənilən vaxtı girib-çıxması texnikaların işləməsinə çox böyük çətinliklər törədir”.

 

Qurum rəsmisi bildirib ki, sözügedən məsələ ilə bağlı həmin ərazidə yerləşən obyekt sahiblərinə də xəbərdarlıq olunub: “Orada pəncərə, maşın təmiri sexləri var ki, bu da təmir işlərinin aparılmasına mane olur. Artıq yolun əsas hissəsi hazırlanıb ki, belə davam getsə, o da bərbad günə düşəcək. Artıq iş gedən müəyyən hissədə asfalt-beton işləri görülüb və orada nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib. Dəfələrlə obyekt yiyələrinə də deyilib. Amma bununla belə, yenə də nəqliyyatın intensiv hərəkəti davam edir. Bu da tikintinin işinin vaxtında bitməsinə əngəl törədəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1678
avatar

Oxşar yazılar