2014-cü ilin birinci rübü ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq faktları üzrə cəmi 146 cinayət işi başlanıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Cinayət işlərindən 29-u vergi ödəməkdən yayınma faktları, 6-sı qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma faktları, 2-si səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə qanunsuz sahibkarlıq faktları, 108-i vergi borcunun ödənilməməsi barədə vergi orqanlarından daxil olmuş materiallar üzrə vergi ödəməkdən yayınma faktları ilə, 1-i isə digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə qanunsuz sahibkarlıq faktı ilə bağlı başlanıb.
Hesabat dövründə departamentin İstintaq idarəsində 66 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. İki nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Cari ilin I rübü ərzində departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 2 209,1 min manat dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 297,4 min manat çoxdur.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 4 nəfər şəxs tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 157 şəxsin məcburi qaydada gətirilməsi, 31 şəxsin tapılaraq istintaqa gəlmələri, 47 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən cəmi 87 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.