Bu ilin yanvar-aprel aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 milyard 650 milyon 404,6 min manat təşkil edib. Nazirliyin Analitik-informasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, bu məbləğin 39,8 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 11,6 faizi fiziki şəxslərin gəlir vergisinin, 9,4 faizi aksizlərin, 14,5 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 411 milyon 900 min manat vəsait daxil olub. Yanvar-aprel aylarında respublika üzrə 30 min 131 vergi ödəyicisi qeydiyyata alınıb. Mayın 1-ə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 564408 təşkil edib.
2014-cü ilin yanvar-aprel ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2 faiz təşkil edib.