Bu ilin on bir ayı ərzində istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 52,1 milyard manata çatıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Onun 63,5 faizi istehsal, 30,2 faizi xidmət sahələrinin, 6,3 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb. ÜDM-in hər nəfərə düşən həcmi 7142 dollar olub.
Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz, qeyri-neft sektorunda isə 9,5 faiz artıb. Qeyri-neft sektorunda ÜDM-in xüsusi çəkisi 56 faiz təşkil edib.
Cari ilin on bir ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 23,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 18,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 10,3 faiz, sosial və digər xidmət sahələrində isə 3,9 faiz artıb.