Azərbaycan Hesablama Palatası Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon Qovşağında ciddi maliyyə və vergi nöqsanları aşkarlayıb.
APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Belə ki, Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək vergi tutma məqsədləri üçün gəlirdən çıxarılan xərclərin 2010-2012-ci illərdə azaldılması səbəbindən ümumilikdə 5 487 8, 46 manat məbləğində mənfəət vergisi, əsas vəsaitlərin vergiyə cəlb olunan orta illik qalıq dəyərinin əmlak vergisinin bəyannaməsində tam həcmdə nəzərə alınmaması ilə 5 695, 99 manat məbləğində əmlak vergisi azaldılıb. Eyni zamanda hesabdan pul vəsaitinin ödənilməsinin Mülki Məcəllə ilə nəzərdə tutulmuş növbəliliyi ciddi pozulmaqla nağd qaydada (kassadan) 105,6 manat məbləğində məxaric əməliyyatları aparılıb, qovşağın nizamnaməsinin bir sıra müddəaları müvafiq qanunvericilik aktlarına uyğun olmayıb.
Hesablama Palatası Kollegiyası bu auditin nəticələrini müzakirə edərək aşkar olunmuş faktlar ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi üçün qərar qəbul edib, həmin qərarı Nizami Telefon Qovşağına, Bakı Telefon İstehsalat Birliyinə və Vergilər Nazirliyinə göndərib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumat verilib.