Təhsil Nazirliyi niyə kiçildilir? - ARAŞDIRMA
24 dekabr 2012 13:46 (UTC +04:00)

Təhsil Nazirliyi niyə kiçildilir? - ARAŞDIRMA

Nazirliyin əlindən alınmış və itirilməkdə olan səlahiyyətlərinin arxasındakı pərdə

 

19 aprel 2012-ci il. Ümumi təhsili müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının), yəni orta məktəblərdə buraxılış imtahanlarının həyata keçirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə olunur (əsas: Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı);

 

19 aprel 2012-ci il. Ümumi təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi TQDK-nın səlahiyyətinə verilir (əsas: Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı);

 

4 iyun 2012. Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin səlahiyyətinə verilir (Əsas: Nazirlər Kabinetinin 4 iyun 2012-ci il tarixli qərarı);

 

4 iyun 2012. Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaradılması ilə bağlı səlahiyyətlər də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə verilib (Əsas: Nazirlər Kabinetinin 4 iyun 2012-ci il tarixli qərarı);

 

10 oktyabr 2012. Tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. Başqa sözlə, pedaqoji prosesin təşkili, tədris planlarının hazırlanması və təsdiqi orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Fənn proqramları və metodik təminatla bağlı tövsiyələr

 

23 oktyabr 2012-ci il. Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarını ləğv edib. Bununla da Təhsil Nazirliyi aidiyyəti nazirliklərlə razılaşdırmaqla, dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin ümumi dərs yükünün optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq səlahiyyətini itirib (Əsas: Nazirlər Kabinetinin 23 oktyabr 2012-ci il tarixli qərarı)...

 

Uşaq bağçalarının Təhsil Nazirliyinin balansından çıxarılıb şəhər və rayon icra hakimiyyətlərinin nəzarətinə verilməsi də yola salmağa hazırlaşdığımız 2012-ci ilin ən çox dartışılan və hay-küyə səbəb olan dəyişikliklərdəndir. Hətta belə bir təəssürat yaradıldı ki, paytaxtdakı bu tərbiyə müəssisələri Təhsil Nazirliyinin əlindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra vəziyyət müsbətə doğru dəyişəcək. Amma... 

 

Böyük islahat konsepsiyası

 

Bunlar son bir ildə Azərbaycanda təhsil sisteminin idarə olunması sahəsində səlahiyyətlərin yenidən bölüşdürülməsinə dair verilmiş ən mühüm qərarların yalnız bir hissəsidir. Ölkə prezidenti və Nazirlər Kabineti səviyyəsində verilən bu qərarlarla ilk baxışdan ölkənin təhsil sisteminə dövlət nəzarətini həyata keçirən Təhsil Nazirliyinin səlahiyyət dairəsinin əhəmiyyətli şəkildə kiçildildiyi təəssüratı yaranır. Görünür, Təhsil Nazirliyinin səlahiyyətlərinin azaldılacağı, hətta bu qurumun bir struktur kimi ləğv edilərək yenidən formalaşdırılacağına dair çoxdan bəri dolaşan söz-söhbətlər əsassız deyil. Elə nazirliyin bəzi səlahiyyət və funksiyalarının TQDK və Nazirlər Kabinetinin özünün nəzarətinə verilməsini də məhz bu istiqamətə hesablanmış addım kimi dəyərləndirənlər çoxdur. Xüsusilə də orta məktəblərdə buraxılış imtahanlarının təşkilinin, dərslik və dərs vəsaitlərin monitorinqinin Təhsil Nazirliyindən alınıb TQDK-ya verilməsi, eləcə də iki qurum arasında münasibətlərin qarşıdurma həddinə çatması da bu cür izah olunur. Bəzi dairələrdə Təhsil Nazirliyinin səlahiyyətlərinin azaldılmasını və bir struktur kimi kiçildilməsini təhsil sistemində böyük və çoxşaxəli islahatlara hazırlıq məqsədi daşıdığı da deyilir.

 

Doğrudanmı, son bir neçə ayda Nazirlər Kabinetinin bu sahə ilə bağlı silsilə qərarları Təhsil Nazirliyinin səlahiyyətlərinin azaldılması deməkdir? Belədirsə, təhsil sistemində idarəçilik və nəzarət funksiyalarının yenidən bölüşdürülməsinin kökündə nə dayanır. Birdən-birə nə baş verdi ki, (təkcə oktyabr ayında Nazirlər Kabineti təhsil sahəsinə dair 14 qərar verib – E.S.) təhsilin idarə olunması siyasətinə bu dərəcədə önəm verməyə başlayıb?

 

Bəri başdan deyək ki, hökumət dairələrində bunu “Təhsil haqqında” qanunun yenicə qüvvəyə minməsi, artıq bu çərçivə sənədi əsasında təhsilin müxtəlif sahələrinə dair yeni layihələrinin hazırlanması ilə əlaqələndirsələr də, ortada daha maraqlı məsələlər var. Ölkənin elm və təhsil sistemindəki proseslərə yaxından bələd olan tanınmış şəxslərdən biri Lent.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, son vaxtlar Təhsil Nazirliyinin bəzi səlahiyyətinin müvafiq qurumlar arasında bölüşdürülməsi bu sektorda ciddi struktur islahatlarına hazırlığa start verilməsi deməkdir. Onun sözlərinə görə, əslində təhsil sistemində islahat paketi hələ bir neçə il əvvəl hazırlanıb və məhdud dairədə müzakirə də olunub. Bu islahatın kulminasiya nöqtəsi isə Təhsil Nazirliyinin bir struktur kimi ləğv olunaraq Milli Elmlər Akademiyasına birləşdirilməsi və bu iki qurumun bazasında Təhsil və Elm Nazirliyinin yaradılması olacaq.

 

Bununla belə, hökumətin yuxarı dairələrində razılaşdırılmış kimi görünən islahatlar layihəsində Təhsil Nazirliyi ilə Milli Elmlər Akademiyasının birləşdirilməsi planı hər iki qurum tərəfindən narazılıqla qarşılanır. Əsas fikir ayrılığı isə bu qurumlarda çalışanların dövlət qulluqçusu sayılıb-sayılmayacağı məsələsidir. Belə ki, ötən ilin mayında Əmək Məcəlləsinə, “Əmək pensiyaları haqqında” və “dövlət qulluğu haqqında” qanunlara dəyişikliklərdən sonra 65 yaşdan yuxarı müəllimlərin pensiyaya göndərilməsi, əvəzində təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsi nəzərdə tutulur. Təhsil Nazirliyi ilə Milli Elmlər Akademiyasının birləşdirilməsi layihəsində alimlərin də bu kateqoriyaya aid edilməsinə dair təkliflər isə ciddi mübahisələr doğurub. Ötən ilin mayından siyasi və hüquqi qərarın olmasına baxmayaraq, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsini yubanması da məhz bununla əlaqələndirilir.

 

Köhnə təklif yenə gündəmdə

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, Təhsil Nazirliyinin Milli Elmlər Akademiyası ilə birləşdirilməsi məsələsi hələ onun parlamentdə komitə sədri olduğu dövrdə bəzi millət vəkilləri tərəfindən gündəmə gətirilib. Ancaq onun fikrincə, bu məsələ geniş elmi dairələrdə müzakirə edilməli və islahatların konkret istiqamətləri müəyyənləşməlidir. Professor bildirir ki, zaman-zaman gündəmə gələn bu məsələ yalnız ideya səviyyəsində qalıb və nə parlamentdə, nə də elmi mərkəzlərdə geniş müzakirə olunmayıb.

 

Özünün də bu iki qurumun bazasında Təhsil və Elm Nazirliyinin yaradılmasına tərəfdar olduğunu deyən professor bunun həm təhsil, həm də elm sahəsinə müsbət təsiri ola biləcəyini düşünür. Onun sözlərinə görə, Milli Elmlər Akademiyasının müstəqil qurum kimi fəaliyyət göstərməsi daha çox sovet dövrünün mahiyyətinə uyğundur: “İndi isə biz müstəqil ölkəyik, müasir dövr tələb edir ki, təhsil və elm bir-birinə yaxın sahələr kimi vəhdət təşkil etməli, təhsil elmdən, elm təhsildən bəhrələnməlidir. Sual olunur: Təhsil Nazirliyi Milli Elmlər Akademiyasına birləşməlidir, yoxsa tərsinə? Bir mühüm məqamı yaddan çıxarmayaq ki, ümumi təhsil hamının bilməli olduğu, elm isə fərdlərin, yəni ayrı-ayrı alimlərin bildiyi sahədir. Təhsilin əhatəsi, büdcəsi, insan potensialı çox böyükdür. Elmdə isə intellektual fərdlərin sayı çoxdur. Birləşmə zamanı bu faktorlar nəzərə alınmalıdır. Buna görə də 15 ildən çoxdur ki, Rusiya başda olmaqla MDB ölkələrində əksəriyyətində, o cümlədən Gürcüstanda, Qazaxıstanda, Ermənistanda Təhsil Nazirliyi günün tələbinə uyğun olaraq Təhsil və Elm Nazirliyinə çevrilib. Bu iki qurumun ayrı-ayrılıqda fəaliyyət göstərməsi təcrübəsi yalnız Azərbaycan, Özbəkistan və digər dövlətlərdə qalıb”.

 

“Təhsil Nazirliyindən heç kəs heç nə ummamalıdır”

 

Şahlar Əsgərov hesab edir ki, əslində elm və təhsili bir-birindən ayırmaq düzgün deyil və elmsiz təhsil, təhsilsiz isə elm ola bilməz. Onun sözlərinə görə, hazırda Azərbaycanda ali təhsil müəssisələrinin əksəriyyəti müxtəlif ixtisaslar üzrə kadrlar hazırlamaqla yanaşı həm də elmi tədqiqatlarla məşğul olur. Ancaq universitetlərdə elm arzu olunan səviyyədə deyil. Səbəb isə elmin təhsildən, təhsilin isə elmdən bəhrələnək imkanlarının  məhdud olmasıdır: “Buna görə də hələ parlamentdə olarkən Azərbaycanda da Elm və Təhsil Nazirliyinin yaradılması təklifini irəli sürdüm. Mən onun tərəfdarıyam ki, Elm və Təhsil Nazirliyi yaradılmalı və nazirin müavinlərindən biri təhsilə, biri elmə cavabdehlik daşımalıdır. Sonradan bu ideya ən müxtəlif səviyyələrdə müzakirə olunurdu. Amma bu iş çox fundamental məsələ olduğundan hələ də Azərbaycanda Təhsil Nazirliyinin indiki strukturu saxlanılır və mən qəti şəkildə bunun əleyhinəyəm”.

 

O ki, qaldı Təhsil Nazirliyinin bəzi funksiyalarının digər qurumlar arasında bölüşdürülməsinə, Şahlar Əsgərov bunun nazirliyin səlahiyyətlərinin lüzumsuz kiçildilməsi hesab edir və belə bir misal çəkir: “Bir dəfə jurnalist Atatürkdən soruşur ki, əfəndim, Siz Cümhurbaşqanı olmasaydınız, hansı görəvi götürərdiniz? “Egitim bakanlığın” deyərək Atatürk cavab verir. Demək istəyirəm ki, təhsillə bağlı hər şey, hər sahə Təhsil Nazirliyinə etibar edilməlidir. Gənclərin gələcəyi  bir çox cəhətdən ancaq Təhsil Nazirliyinə bağlıdır. Təhsil Nazirliyindən heç kəs heç nə ummamalıdir. Əksinə, kimin artıq pulu, varı varsa, təhsilə xərcləməlidir”.

 

Qərarlar düzgün anlaşılmır?

 

Təhsil Nazirliyinin hüquq sektorunun müdiri Elmir Həsənov isə Lent.az-a açıqlamasında bu qurumun səlahiyyətlərinin azaldıldığı barədə məlumata malik olmadığını deyib. Onun sözlərinə görə, orta məktəblərdə buraxılış imtahanlarının və dərsliklərin monitorinqinin TQDK-ya həvalə edilməsi istisna olmaqla, nazirliyin heç bir funksiyası əlindən alınmayıb: “Buraxılış imtahanları və dərsliklərin monitorinqi məsələsi prezidentin sərəncamı ilə TQDK-ya verilib. Bunun hansı əsaslarla, niyə belə olmasının müzakirəsinə ehtiyac yoxdur. Prezident belə qərar veribsə, biz onu icra etməliyik. Ona şərh vermək, yaxud da Təhsil Nazirliyinin səlahiyyətinin azaldılması kimi yanaşmaq doğru deyil”.

 

Nazirlər Kabinetinin qərarına əsasən, bundan sonra təhsilalanların biliyinin yenidən qiymətləndirilməsinin Təhsil Nazirliyinin deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada aparılacağına gəlincə, Elmir Həsənov bunu da nazirliyin səlahiyyətinin kiçildilməsi kimi qəbul etmir. Onun fikrincə, bu qərar sadəcə təhsilin keyfiyyətinin yüksəldilməsinə, biliyin qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsinə xidmət edir: “Nazirlər Kabinetinin bu və ya digər qərarları Təhsil Nazirliyinin səlahiyyətlərinin kiçildilməsi deyil. Bu məsələlərin heç biri hüquqi cəhətdən nazirliyin səlahiyyətlərinin azaldılması anlamına gəlmir”.

 

Yenə də TQDK izi...

 

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin əməkdaşı Zakir Məmmədov da  orta məktəblərdə buraxılış imtahanlarının təşkili və dərsliklərin monitorinqi istisna olmaqla bu qurumun hansısa səlahiyyətinin əlindən alınmadığı qənaətindədir.  Akkreditasiya qaydalarının dəyişməsi də həmçinin. Onun sözlərinə görə, Təhsil Nazirliyi özü akkreditasiya qaydalarının təkmilləşdirilməsində maraqlıdır. Hökumətin akkreditasiya qaydalarına dəyişikliyini  də ümumi təkmilləşdirmənin tərkib hissəsi kimi dəyərləndirən Zakir Məmmədovun fikrincə, düzəlişə əsasən, bundan sonra təmsil etdiyi qurum təhsilalanların ümumtəhsil fənlərinin imtahan nəticələrini deyil, yekun qiymətlərinin təhlilini aparacaq: “Yəni keyfiyyəti müəyyənləşdirən zaman buraxılış imtahanları deyil, ayrı-ayrı fənlər üzrə yekun qiymətlər təhlil olunacaq”.

 

Nazirlik rəsmisi bu dəyişikliyin həm də orta məktəblərdə buraxılış imtahanlarının TQDK-ya həvalə edilməsindən irəli gəldiyi qənaətindədir. Hələ bir müddət əvvəl TQDK-dan bununla bağlı Təhsil Nazirliyinə təklif gəldiyini deyən Zakir Məmmədov bildirir ki, nazirlik özü bu təklifləri nəzərə alaraq akkreditasiya qaydalarına düzəlişlər edilməsi üçün Nazirlər Kabinetinə müraciət edib: “Açığı, bu qərarın Təhsil Nazirliyinin səlahiyyətlərinin məhdudlaşdırılması kimi dəyərləndirilməsini başa düşmürəm. Axı, həmin qərarda bütün detallar açıq-aydın göstərilib. Düzdür, “Təhsil haqqında” yeni qanun qüvvəyə minməmişdən əvvəl bu məsələləri nazirlik müəyyənləşdirirdi. Amma qanun qüvvəyə minəndən sonra hansı məsələlərin Nazirlər Kabinetinin müəyyənləşdirməsi dəqiqləşibsə, biz nümunəvi əsasnamədə buna uyğun dəyişiklik aparmalıyıq”.

# 2148
avatar

Elxan Salahov

Oxşar yazılar