Son günlər ölkədə manat dollar qarşısında 2 faizdən çox dəyər itirib. İqtisadçı-ekspert Vüqar Bayramov Lent.az-a açıqlamasında bildirib ki, dolların bahalaşmasına bir sıra vacib məsələlər səbəb olub: “Bunun əsas səbəbi bazardan gələn təklifin azalmasıdır. Fevralın 25-dən sonra bazarda təklifin azalması müşahidə olunur. Panikaya düşüb yüksək məzənnə ilə dollar alıb saxlayan şəxslər fevralın əvvəllərindəki gündəlik möhkəmlənmədən sonra öz valyutalarını bazara çıxardılar və manata çevirdilər. Ehtiyatlandılar ki, dollar daha da kəskin dəyər itirər. Və bu da fevral ayında dollar təklifi yaratmışdı. Mərkəzi Bank da bazara öz qrafiki üzrə dollar çıxarır və bu da dollara olan tələbin ödənilməsində müəyyən çətinliklər yaradır. Ötən həftə Mərkəzi Bank banklar tərəfindən tələb olunan 67 milyonun yalnız 37 milyonunu qarşılaya bilmişdi ki, bu da bazara psixoloji təsir edir. Həm də Mərkəzi Bank geniş imkanlara baxmayaraq 67 milyon dollarlıq tələbi hansı səbəbdən qarşılanmadığını da açıqlamadı. Halbuki bunun açıqlanmasına ehtiyac var idi. Eyni zamanda dünya bazarında dollar möhkəmlənir".
V.Bayramovun sözlərinə görə, son həftədə dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. O bildirib ki, dolların bahalaşmasına digər səbəb isə ölkəyə idxalın aktivləşməsi ilə bağlıdır: "Yanvarın ikinci yarısından sonra, fevral da daxil olmaqla idxalda azalmalar müşahidə olunurdu. İndi sahibkarlar idxalda daha liberal şərtlərlə, qanun çərçivəsində fəaliyyət göstərməyə başladı. Bu da sahibkarlar üçün zaman aldı. Bütün bu amillər təxminən ay yarım ərzində idxalın azalmasına gətirib çıxardı. Həm də ikinci devalvasiyadan sonra bəzi sahibkarlar idxalla məşğul olub-olmamaqla bağlı tərəddüdlər edirdilər. Beləliklə ölkəyə idxal azaldığı üçün dollara olan tələbat da azalmışdı. İndi isə idxal bərpa olunub və bu da ölkə daxilində dollara tələbin yüksəlməsinə gətirib çıxarıb. İndi Dövlət Neft Fonu da bazara dollar çıxarsa da, bu valyutaya olan tələb tam ödənilmir. Eyni zamanda mart ayında manatın məzənnəsinin kəskin aşağı düşəcəyi ilə bağlı məlumatların yayılması da bazara təsir edir. Bu yerdə qeyd edim ki, Mərkəzi Bankın sədrinin açıqlamaları da bazara neqativ təsir göstərir. Maraqlıdır ki, Mərkəzi Bank sədrinin manatın məzənnəsinin möhkəmlənməsi ilə bağlı açıqlamasından sonra milli valyutamız hər gün dəyər itirib. Beləliklə həm iqtisadi, həm də psixoloji səbəblər son günlər manatın dollar qarşısında dəyər itirməsinə gətirib çıxarıb”.