“2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 2460 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 122 milyon manat güzəştli kredit verilib”. Lent.az-ın məlumatına görə, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
O qeyd edib ki, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. “Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 818 investisiya layihəsinin maliyyələşdirilməsinə 175,5 milyon manat güzəştli kredit verilmişdir. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5900-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir”.