"Ötən ilin sonlarında "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanın inkişafını yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi”.
Lent.az-ın məlumatına görə, bunu ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib. R. Abdullayev onu da bildirib ki, 2004-2008-ci və 2009-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında qarşımıza qoyulmuş vəzifələr üzrə görülmüş işlər bu sahədə fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirib: “Geniş investisiya tutumlu layihələrin vaxtında icra olunması ölkəmizin qaz hasilatını 2004-cü ildəki 5,5 milyard kubmetrdən 29,5 milyard kubmetrə çatdırmağa imkan verib. Görülmüş işlər nəticəsində artıq bu gün anbarların tutumu 8 dəfə artırılaraq 5 milyard kubmetrə çatdırılıb. 2013-cü ildə anbarlara 3,5 milyard kubmetr qaz yığmışıq".
Şirkət rəhbərinin sözlərinə görə, havaların soyuq keçdiyi günlərdə anbarlardan sistemə gündəlik 25-26 milyon kubmetr qaz verilir ki, bu da "Şahdəniz" yatağından gündəlik hasil olunan qazın həcminə bərabərdir. “2004-cü ildə ölkənin yalnız 49 şəhəri, rayon mərkəzi və bu mərkəzlərə yaxın kənd və qəsəbəsi təbii qazla təmin olunurdu. Ölkə üzrə qazlaşma səviyyəsi cəmi 39,8 faiz təşkil edirdi. Bu gün respublikanın bütün rayon mərkəzlərində, hətta sovet dövründə qazlaşdırılmayan 663 qəsəbə və kənddə qazlaşdırma işlər tam başa çatdırılıb”.
ARDNŞ prezidenti bildirib ki, 2013-cü ildə qazlaşma səviyyəsi 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılıb: “Ölkə üzrə real qazla əhali abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır”.