Regional inkişaf: hədəflər necə müəyyənləşir? - ARAŞDIRMA
25 fevral 2013 19:45 (UTC +04:00)

Regional inkişaf: hədəflər necə müəyyənləşir? - ARAŞDIRMA

Regionların sosial iqtisadi inkişafına strateji yanaşma tərzi dəyişir

 

2003-cü ildən bəri Azərbaycanda ümumi daxili məhsul 3 dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artıb. Son 9 ildə ölkəmizin strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik 5,2 faizə qədər azalıb. 2003-2012-ci illərdə ölkə iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib.

 

Bu, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bəyan edilən rəsmi statistikanın ən kiçik, amma ən əhəmiyyətli hissəsidir. Rəsmən elan olunmuş bu statistika həm də regionların sosial-iqtisadi inkişafına dair iki beşillik proqramının ölkənin iqtisadi durumuna necə təsir etdiyinin göstəricisidir. Bu, rəqəmlər olmasa da, 9 ildəki dəyişiklik gözlə görünə biləcək qədər aydındır. İstər 2004-2008, istərsə də 2009-2013-cü illəri əhatə edən bu proqramlar bölgələrin, xüsusilə də iri şəhərlərin siması xeyli dərəcədə dəyişib. Amma bu dəyişikliyin əsas arılığının yalnız şəhər və rayon mərkəzlərinin, xüsusilə də Bakıətrafı ərazilərin üzərinə düşdüyü də həqiqətdir.

 

Prezidentdən tapşırıq

 

Prezident İlham Əliyev də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bu məsələyə xüsusi toxunub. Dövlət başçısı deyib ki, həyata keçirilən tədbirlərin regionların inkişafına təsir imkanlarını artırmaq üçün yeni yanaşmalara ehtiyac var. Prezident həmçinin bu cür proqramların hazırlanması zamanı hər bir rayonun özünəməxsus xüsusiyyətinin, iqtisadi potensialının nəzərə alınmasının vacibliyini qeyd edib: “Rayonlar arasında və rayonlar üzrə ixtisaslaşma aparılmalıdır. Hər bir rayonun öz xüsusiyyətləri, öz təbiəti, iqlimi vardır. Bu iqlim şəraiti nəzərə alınmalıdır. Hər rayon üzrə ixtisaslaşma layihələri icra edilməlidir. Göstərişlər verilmişdir. Ancaq mən hələ ki, konkret nəticələri görmürəm. Hesab edirəm ki, yaxın zamanda mənə hər rayon üzrə konkret təkliflər verilməlidir. Hansı rayonda hansı kənd təsərrüfatı məhsullarını daha da çox istehsal etməliyik və bunu etmək üçün hansı əlavə tədbirlər görülməlidir...”

 

Bəs, regionların ixtisaslaşması məsələsi niyə indi gündəmə gəlib? Regional inkişaf proqramlarının ölkənin iqtisadi inkişafına təsir imkanlarını artırmaq üçün çatışmayan nədir? Daha çox nəyə diqqət yetirməlidir ki, bölgələrdə real inkişafa nail olmaq mümkün olsun?

 

Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Nizami Əyyubov deyir ki, əslində Azərbaycanın iqtisadi rayonlaşdırma sahəsinə dair bazası var və  regional inkişaf proqramları həmin baza əsasında hazırlanır. Onun sözlərinə görə, hansısa bölgədə bir sahənin inkişaf etdirilməsi üçün ərazinin təbii şəraiti, demoqrafik potensial, maddi və sosial infrastrukturlar nəzərə alınmalıdır. Bundan başqa, bölgələrdə sənaye müəssisələri, təsərrüfat sahələri, yol-nəqliyyat infrastrukturunun vəziyyəti öyrənilməlidir: “Bir sözlə, aqrar və kənd təsərrüfatını  inkişaf  etdirmək reallıq və mövcud baza üzərində qurulmalıdır”. 

 

Regional inkişafın uğur paketi

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev isə deyir ki, regional inkişaf proqramlarının səmərəliliyi hər şeydən əvvəl onun hədəflərinin necə müəyyən edilməsindən asılıdır. Bu zaman əhalinin regionlar üzrə məskunlaşma göstəriciləri, məşğulluq səviyyəsi, işçi qüvvəsi, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslaşma faktorları nəzərə alınmalıdır. Onun fikrincə, regional inkişaf proqramları o vaxt uğurlu nəticələrə gətirib çıxarır ki, həmin proqramlarda əhalinin regional bölgüsü, işçi qüvvəsinin paylanması ciddi şəkildə nəzərə alınır və həyata keçirilən tədbirlər buna uyğun aparılır: “Ona görə də hər şeydən əvvəl hədəflər müəyyən edilməlidir. Yəni hökumət regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərdən sonra hansı hədəflərə nail olacağını bəri başdan müəyyənləşdirməlidir. Bunun üçün isə hər bir ərazinin özünün inkişaf planlaşması aparılmalıdır. Burada ərazidəki demoqrafik faktorlar, iş qüvvəsi, real iqtisadi vəziyyət, sosial və nəqliyyat infrastrukturu dəqiqi təhlil edilməli və bunun əsasında Regional İnkişaf Strategiyası hazırlanmalıdır. Regionların inkişaf proqramları bu cür hesablamalara əsaslanmalıdır”.

 

Rövşən Ağayev hesab edir ki, indiyədək Azərbaycanda həyata keçirilən hər iki “Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı”nda əsas güc iqtisadi inkişafı stimullaşdırmaqdan daha çox abadlıq tədbirlərinə yönəldilib. Onun fikrincə, paytaxtda xərclənən dövlət investisiyaları balanslaşdırılmış şəkildə regionlara qoyulsaydı, Azərbaycanda demoqrafiya məsələləri başqa istiqamətlərdə inkişaf edər, Bakının yükü azalardı: “Bunun isə bir yolu odur ki, kiçik şəhərlər ətrafında inkişaf mərkəzləri yaradılsın. Bu, dünyada sınaqdan çıxmış ən uğurlu yoldur”.

 

Müsahibimiz indi Azərbaycanda sosial-iqtisadi baxımdan “şəhər”, “regional inkişaf” anlayışlarına onun mahiyyətinə uyğun yanaşılmadığı qənaətindədir. Rövşən Ağayevin fikrincə, hökumət ölkədə iqtisadi inkişafa, əhalinin sabit yaşayış həyatını təmin etmək istəyirsə, bu məsələyə xüsusi diqqət yetirməlidir: “Yəni təkcə “şəhər” deməklə şəhərə xas sosial infrastruktur, iqtisadi təminat olmur. Tutaq ki, hökumət Gəncəni regional mərkəzə çevirirsə, hesablamalıdır ki, hansı regionda hansı işi görmək effekt verə bilər. Hökumət bir çox universitetləri o ərazilərə köçürməklə həmin regionda inkişaf üçün şərait yaratmış olar. Gəncə ölkənin digər şəhərləri ilə müqayisədə ona görə müəyyən qədər inkişaf edib ki, zamanında, sovet dövründə alternativi olmayan Texnologiya və Kənd Təsərrüfatı İnstitutları, eləcə də Pedaqoji İnstitut bu şəhərdə yerləşib. İndi isə başqa bir regionda elə bir universitet yaradıla bilər ki, onun ixtisasları digər ali təhsil müəssisələrində olmasın. Təəssüf ki, indiyədək Azərbaycanda həyata keçirilən regionların inkişaf proqramlarının heç birində bu cür yanaşmalar yoxdur”.

 

Əsas qüsur: fərqli regionlara ümumi yanaşma

 

Yeri gəlmişkən, dünyada “regional inkişaf” anlayışı ilə son 15-20 ildə Azərbaycanda həyata keçirilən regional inkişaf proqramları arasında ciddi fərqlərin olduğu da diqqəti çəkir. Məsələn, dəqiq strateji hədəflər və bu hədəflərə çatdıqdan sonra nəticələri qiymətləndirməyə imkan verən meyarlar sistemi yoxdur. Digər əsas fərq odur ki, Azərbaycanda böhran şəraitində olan regionların inkişafı üçün həmin regiona xas tədbirlər həyata keçirilmir. Halbuki normal halda sosial-iqtisadi proqramlarda hər bir iqtisadi regionun xüsusi keyfiyyətləri nəzərə alınmalıdır. Ən azı ona görə ki, məsələn, Dağlıq Şirvan regionu ilə Quba-Xaçmazın xarakterik xüsusiyyəti eyni deyil. Quba-Xaçmazda Rusiyaya meyvə-tərəvəz satmaqla insanlar ağır böhran şəraitindən qismən də olsa xilas ola bilir, Dağlıq Şirvanda isə başqa imkanlar var. Yəni bu bölgədə yaşayanlar daimi pul qazanmaq imkanlarına malikdir.

 

Müstəqillik illərindən bəri ağır iqtisadi böhran səbəbindən vətənini tərk edib Rusiyaya çörəkpulu qazanmağa gedənlər arasında Dağlıq Şirvan regionunun əhalisinin üstünlük təşkil etməsi də bunun bir nəticəsi sayıla bilər. İqtisadçılar deyir ki, regional inkişaf proqramlarında hökumətin başlıca məqsədlərindən biri yeni iş yerlərinin açılmasına nail olmaqdır. Amma iş yerlərinin sayının nəyin hesabına artırılacağı iqtisadi siyasət proqramlarında əksini tapmır. Ekspertlərin fikrincə, əslində belə proqramlar hazırlanarkən hökumət hər bir regionun dəqiq xarakteristikasını verməli, həmin regionda real olaraq kəndlərin vəziyyətini özündə əks etdirən obyektiv göstəricilər ortaya çıxarılmalıdır.

 

Bakını ağırlıqdan necə azad etməli?

 

Rövşən Ağayev hesab edir ki, bu cür yanaşmalarla “hansı regiona və hansı sahəyə daha çox diqqət ayırmalı” sualına cavab tapmaq olar. Amma onun fikrincə, nə 2004-2008, nə də 2009-2013-cü illəri əhatə edən regional inkişaf proqramlarında

bu cür təhlillərin üzərindən sükutla keçilib: “Düzdür, hökumət də hər şeyin yaxşı olmasını istəyir. Lakin problemlərin həllinə ümumi yanaşır. Bu isə regional inkişafda köklü problemlərin həllini çətinləşdirir, hətta bəzi hallarda ayrı-ayrı regionlar arasındakı böhranı dərinləşdirir”.

 

Ekspert buna misal olaraq Şamaxıda “Star” Televizor Zavodunun qısa müddətdən sonra fəaliyyətini dayandırmasını xatırladır: “Şamaxıda Televizor Zavodu yaratdılar, ancaq hesablanmadı ki, istehsal olunan televizorları hara satacaqlar, gəlir əldə edə biləcəklərmi? Bunun da nəticəsində 2006-cı ildə yaradılan həmin zavod istehsalı artıq dayandırıb. Çünki hökumət bu zavodun bazarının olacağına dair əvvəlcədən hesablama və qiymətləndirmə aparmayıb”.

 

Müsahibimiz regionlarda balanslaşdırılmış sosial-iqtisadi inkişafa nail olmaq üçün paytaxtın ölkənin iri şəhərlərindən birinə dəyişdirilməsi variantını da məqbul hesab edir. Onun fikrincə, tutaq ki, Salyan və Neftçala istiqamətində regional inkişaf mərkəzi yaratmaqla, yaxud da Salyanı ölkənin iri şəhərinə çevirməklə həmin bölgənin sürətli inkişafına nail olmaq olar: “Bununla da kiçik trayektoriyada iki regional şəhərin sürətli inkişafı Bakıda əhalinin sayı ən azı 30 faiz azalar. Bakı isə sadəcə gözəl bir liman şəhəri və biznes mərkəzi olardı. Nəticədə paytaxtda bir genişlənmə başlayar, əhalinin məskunlaşma istiqaməti Salyan, Neftçala, Hacıqabul, Şirvan istiqamətində dəyişərdi. Üstəlik universitetlərin də bir çoxu köçəndən sonra Bakı xeyli yüngülləşəcək. Həmçinin Şirvan şəhərini regional mərkəzə çevirmək olar”.

 

Neft pullarının ölkəyə axınının ən pik nöqtəsinin artıq başa çatmaqda olduğunu xatırladan ekspert balanslaşdırılmış regional inkişaf üçün əsas şansların buraxıldığı qənaətindədir. Həm də ona görə ki, bu hədəfləri müəyyənləşdirmək, plan hazırlamaq xeyli vaxt tələb edir. Rövşən Ağayevin fikrincə, hətta bundan sonra həmin istiqamətdə işlər görülməyə başlansa, yeni strateji plan hazırlananadək maliyyə mənbələri xeyli dərəcədə məhdudlaşacaq.

 

 “Strategiya dəyişməlidir”

 

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da regionların sosial-iqtisadi inkişaf strategiyasına yenidən baxılmağın, hər bir regionun xarakterik xüsusiyyətlərinə uyğun tədbirlərin planlaşdırılmasının tərəfdarıdır. O hətta təkcə ali məktəbləri yox, bəzi nazirliklərin də regionlara köçürülməsini təklif edir: “Dünyanın bir çox ölkələrində ayrı-ayrı dövlət qurumları yalnız paytaxtda deyil ətraf şəhərlərdə də yerləşir. Artıq bu təcrübə bəzi postsovet ölkələrində, o cümlədən qonşu Gürcüstanda tətbiq edilir. Hesab edirəm ki, Azərbaycanda da analoji addımların atılmasının vaxtı çatıb”.

 

Millət vəkili bildirir ki, regionların sosial-iqtisadi inkişaf proqramlarında Bakı şəhərinin iqtisadi və demoqrafik yükünün azaldılması məsələsinə xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, hazırda paytaxt Bakıdakı sosial problemlərin başında şəhərin həddindən artıq yüklənməsi dayanır: “Ona görə bir çoxları kimi, mən də bəzi idarə və nazirliklərin regionlara, Azərbaycanın digər iri şəhərlərinə köçürülməsi fikrini dəstəkləyirəm. Hətta paytaxtın dəyişməsi barədə təkliflərə də baxmaq olar”.

 

Kənd Təsərrüfatı Nazirliyində isə regional inkişaf proqramlarında ayrı-ayrı bölgələrə ümumi şəkildə yanaşıldığı barədə fikirlərlə razılaşmırlar.  Nazirliyin iqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidov bildirir ki, istər 2004-2008, istərsə də 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin hamısı regional ixtisaslaşma prinsipləri əsasında müəyyənləşib. Amma onun fikrincə, hər bir regiona fərqli yanaşma mümkün qədər konkretləşməlidir və artıq bu istiqamətdə müəyyən təkmilləşmə işləri aparılır: “Prezidentin tapşırığından sonra bu sahənin inkişafına yönələn yeni layihələr hazırlanacaq. Bununla belə, Azərbaycanın regionları arasında indiyədək ixtisaslaşmanın olmadığını söyləmək doğru deyil. Hələ sovet dövründən belə bir ixtisaslaşma aparılıb və sadəcə indi bunu bir qədər təkmilləşdirmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Elxan Salahov

Oxşar yazılar