Dövlət Gömrük Komitəsinin Kollegiyası “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, bu Qaydalar Dövlət Gömrük Komitəsinin aparatında, strukturuna daxil olan gömrük orqanlarında və tabeliyində olan digər qurumlarında, habelə onlara məxsus elektron informasiya ehtiyatlarında mövcud olan informasiyalardan hamı tərəfindən sərbəst və maneəsiz şəkildə, bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə edə bilməsinin təmin edilməsi üçün Dövlət Gömrük Komitəsinin daxili icraat qaydalarını tənzimləyir.
Qaydaya əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Dəyişikliklə bağlı bu sahədə şərtlər artırılıb. Başqa sözlə, informasiyanın əldə edilməsinə həm də o şərtlə icazə veriləcək ki, bu, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.