“2004-cü ildə mövcud olan 1 milyon 635 min hektar əkin yerinin 79,2 faizində əkin aparıldığı halda, 2013-cü ilə 1 milyon 695 min hektar əkin sahəsinin 99,4 faizində əkin aparılıb ki, bu da əkin sahəsinin demək olar tam həcmdə dövriyyəyə cəlb olunduğunu göstərir”.
Lent.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, respublikanın ümumi ərazisinin 52,4 faizi kənd təsərrüfatına yararlı torpaqlardır. “Təhlil göstərir ki, bir tərəfdən əhalinin təbii artımı ilə, digər tərəfdən isə torpaqların müxtəlif deqradasiya proseslərinə uğraması, tikinti işlərinin aparılması, eləcə də qlobal iqlim dəyişikliyi və sair səbəblərdən adambaşına düşən əkin sahəsinin azalması tendensiyası gözləniləndir. Ona görə də bir tərəfdən kənd təsərrüfatına yararlı torpaqların maksimum intensiv istifadə edilməsi ilə yanaşı, ekstensiv istifadə imkanlarından faydalanmağa, yəni, digər sahələrdə mövcud olan əkinəyararlı sahələrin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə əlavə olunmasına zərurət yaranmaqdadır”.
H. Əsədov onu da vurğulayıb ki, 2004-cü ildə yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005-2013-cü illər ərzində dövlət büdcəsindən və ehtiyat fondları hesabına 458 milyon manat vəsait ayrılıb, təkrar istifadədən qaytarılan 179 milyon manat və eləcə də müxtəlif mənbələrdən ayrılan 13 milyon manat da daxil olmaqla, onun investisiya portfeli 650 milyon manat təşkil edib. “Bu vəsaitlər hesabına həmin dövrdə 1200-dən artıq yeni kombayn, 5145 traktor, 184 ekskavator və digər kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları alınaraq 6591 nəfər müxtəlif hüquqi və fiziki şəxslərə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki təchizatında müstəsna rol oynayıb.
Kənd təsərrüfatı naziri onu da vurğulayıb ki, torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlığa nail olmaq məqsədilə 121 milyon manat dəyərində 400 min ton müxtəlif növ mineral gübrələr alınıb, heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədilə 2009-cu ildən başlayaraq 9306 baş ətlik və südlük istiqamətdə iribuynuzlu damazlıq heyvan və 1321 baş yüksək məhsuldarlı cins keçi alınaraq güzəştli şərtlərlə lizinqə verilib.
“Prezidentin ehtiyat fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına qarşıdakı 3-4 ay ərzində dünyanın ən tanınmış şirkətlərindən 470 ədəd yeni kombayn və yerli istehsal olan “Belarus” tipli 600-dən artıq traktor alınıb istifadəyə veriləcək ki, bu da əvvəlki illərdə alınmış bütün işlək kombaynların təxminən yarısına bərabər olmaqla texniki təchizatda dönüş nöqtəsi yaradacaq”.