Dövlət Sosial Müdafiə Fondu “Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı ölkədə neftçilərin pensiya təminatına dair göstəriciləri açıqlayıb. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370,5 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26,5 min nəfərdən artıqdır. Uğurlu neft strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın hərtərəfli inkişafında, əhalinin sosial rifahının gücləndirilməsində mühüm rol oynayıb.
Ölkədə neftçilərin əməyi yüksək dövlət qayğısı ilə əhatə olunub və bunun əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır. Belə ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir.
2014-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 96,6 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.