Birjalarda həftənin son hərraclarında "Brent" markalı neftin bir bareli 40,32 dollardan satılıb. APA TV-nin məlumatına görə, həftəyə bahalaşmaqla başlayan neft son hərracı 40 dolların üzərində bitirib. Neftin bahalaşmasına Beynəlxalq Enerji Agentliyinin açıqladığı proqnozlar da pozitiv təsir göstərib.
Proqnozlara əsasən, bu il qeyri-OPEK ölkələrində gündəlik neft hasilatının həcmi 750 min barel aşağı düşəcək ki, bu da gözlənilən rəqəmdən 100 min barel çoxdur.
Agentlik hesab edir ki, artıq neft bazarında balansın bərpasına dair ilk işarələr görünür.
Bu açıqlamalar Qərbi Texas neftinin də bahalaşmasına təsir göstərib. Dekabrın 7-dən bu yana WTI nefti ilk dəfə olaraq 39 dollardan baha satılıb. Dünən keçirilən birja seanslarında WTI neftinin maksimum qiyməti 39,01 dollar olub, son seansda isə qiymət 38,47 dollaradək düşüb.
Qeyd edək ki, həftənin əvvəlindən bu yana "Brent" nefti 5,5 faiz, WTI nefti isə 8,1 faiz bahalaşıb.