Neft sürətlə bahalaşır, qiymətlər 37 dollara çatır
Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında “Brent” markalı neftin qiyməti 36,83 dollar təşkil edib. Bu, bir gün əvvəlki qiymətdən 1,13 dollar bahadır. Qərbi Texas neftinin qiyməti də 34 dollara yaxınlaşmaqdadır. Birjalarda WTİ markalı neft hazırda 33,95 dollardan satılır ki, bu da ötən günkü qiymətdən 1,1 dollar artıqdır. Xatırladaq ki, bu gün qeydə alınan qiymətlər 2016-cı ilin ən yüksək qiymətləri sayılır. Neftin qiymətinin bahalaşmasına OPEK-in gündəlik hasilatı 280 min barel azaltması səbəb olub. Hasilatın azalması Şimali İraqda neft hasilatının dayandırılması ilə əlaqədardır. Bu bölgədə hasilatın martın ortalarından tez bərpa olunmayacağı gözlənilir, bu səbəbdən treyderlər qiymətlərin kəskin şəkildə bahalaşacağını istisna etmirlər.
311