Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) oktyabrda iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə ümumilikdə 1954 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, aşkar edilən hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,7 faizi (150398 manat) dövlət büdcəsinə ödənilib. Bu göstərici ötən ilin oktyabr ayına dair müvafiq göstərici ilə müqayisədə 19,5 dəfə çoxdur.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsində məqsəd işçi vətəndaşların əmək qanunvericiliyindən irəli gələn hüquqlarının, habelə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına münasibətdə işəgötürənlərin məsuliyyətinin artırılmasıdır.