Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak edib. Qonaqlar əvvəlcə İBİ-nin ofisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində müvafiq ixtisaslar üzrə hazırlıq aparan gənclər üçün biznes-inkubatorların yaradılmasına xüsusi yer verilib və bu, tədbirlər planında öz əksini tapıb: “ADİU-da innovasiya yönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış İnnovativ Biznes-İnkubator ölkəmizdə bu sahə üzrə ilk universitet təşəbbüsü və layihəsidir. ADİU ilə Gənclər və İdman Nazirliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq İBİ-nin fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi, startapların inkişafına dair və gənc biznesmenlər üçün maarifləndirici metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İBİ-nin internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdətutulub”.
Artıq tələbələrin ideyalarının reallaşdırılması məqsədilə4 startap fəaliyyətə başladığını bildirən rektor, gələcəkdəstartapların sayının dəfələrlə artacağını vurğulayıb. Rektor “ADİU-da yüksək keyfiyyətli, əmək bazarının tələblərinəcavab verən şəxsiyyət və səriştəyönümlü kadr hazırlığının təmin edilməsi üçün bütün gücümüzü səfərbər edəcəyik” deyə əlavə edib.
Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsildəki inkişafdan söz açıb. İlk dəfə ADİU-da yaradılmış İnnovativ Biznes-İnkubatoru haqda danışan nazir vurğulayıb ki, belə bir layihənin İqtisad Universitetində yaradılması təsadüfi deyil. “Çünki bura iqtisadi təfəkkürü, iqtisadi elmi, gələcəyin iqtisadçı və sahibkarlarını yetişdirən təhsil ocağıdır. Layihə həmçinin tələbələrin asudə vaxtlarının təhsil aldıqları ixtisaslarına uyğun keçirilməsi, iş təcrübəsi əldə edilməsi və maddi rifahlarının yaxşılaşdırılması baxımından zamanın tələblərinə uyğundur. İBİ tələbələrin müştəri ilə ünsiyyətdə olmaq və nəzəri biliklərini bazar iqtisadiyyatına tətbiq etmək baxımından səmərəli olacaq. Hesab edirəm ki, İBİ-dən digər ali təhsil müəssilərində təhsil alan tələbələr də yararlanacaqlar”.
Daha sonra çıxış edən gənclər və idman naziri İnnovativ Biznes-İnkubatorunun gələcək perspektivlərindən danışıb: “İnnovativ Biznes-İnkubatoru əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasına xidmət edəcək, onların sahibkarlıq və biznes bacarıqlarına yiyələnməsinə dəstək olacaq. Ali təhsil müəssisələrində belə layihələrin həyat keçirilməsi təqdirəlayiqdir. Eyni zamanda bu layihə gənclərin sahibkarlıq fəaliyyətlərinin önə çıxmasına kömək edəcək”.
Sonra İBİ startaplarının - “Peşəkar mühasibat” mərkəzi, “LingvOmondo” tərcümə mərkəzi, “Perfect Pictures” videoreklam studiyası, “UniWeb" veb dizayn studiyasının təqdimatı olub.