Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Şirvan təchizat bazasında prezidentin sərəncamı ilə ayrılan vəsait hesabına alınmış yeni taxılyığan kombaynlara baxış keçirib. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Hazırda bazaya 106 ədəd Finlandiya istehsalı olan “Sampo” markalı yeni kombayn gətirilib və qısa zamanda sahibkarlara veriləcək. Nazir eyni zamanda Qusar və Qobustan rayonlarından gəlmiş sahibkarlara lizinq yolu ilə taxılyığan kombaynları, onların sənədlərini və kombaynların idarə edilməsi bərədə məlumat kitabçası təqdim edib.
Sonra nazir Heydər Əsədov nazirliyin mütəxəssislərinin, bölgə fermerlərinin, texniki nəzarət müfəttişliyinin iştirakı ilə səyyar müşavirə keçirib, texnikalardan səmərəli istifadə olunması barədə məsləhət və tövsiyələrini verib. Bildirib ki, dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğısı sayəsində taxıl biçini mövsümünə qədər ən müasir texnikalar gətirilərək sahibkarlara veriləcək.
Nazir daha sonra Şirvan şəhər Baytarlıq İdarəsinə və Rayonlararası Bitki karantin Məntəqəsinin inzibati binalarına baxış keçirib və müvafiq tapşırıqlar verib.