Kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinasörü qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a verilən məlumata görə, H. Əsədov Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində hökumət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsində FAO layihələrinin rolunu qeyd edərək bu dəstəyə görə təşkilatın nümayəndəsinə təşəkkürünü bildirib.
Nazir, həmçinin FAO-nun Azərbaycan Hökuməti ilə birgə hazırladığı Ölkə Proqram Çərçivəsi sənədində aqrar sahənin ehtiyaclarının öz əksinin tapmasının vacib olduğunu qeyd edib.
M. Sinasör FAO-nun Azərbaycan üzrə yardım strategiyasının ölkənin kənd təsərrüfatı sahəsindəki ehtiyacları ilə uzlaşdığını diqqətə çatdırıb. Sinasör Ölkə Proqram Çərçivəsinin yekun layihəsinin tezliklə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacağını bildirib.