“Metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin yalnız 10 faizi alternativ yerlərdə yerləşdirilib”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyev deyib.
R.Hacıyev sözügedən ticarət obyektləri sahiblərinin böyük əksəriyyətinin quruma müraciət etmədiyini bildirib. Onun sözlərinə görə, həmin sahibkarlar özlərinin başqa yerlərdə olan obyektlərində fəaliyyət göstərirlər: “Bizə boş yerlərlə bağlı təklif verən ticarət mərkəzlərinin bir qismində sahibkarlar yerləşdirilib. Lakin ticarətçilərdən 90 faizi təklif olunan yerlərə getmədilər. Bizə məlumdur ki, həmin sahibkarların metrodakı obyektlərindən başqa, digər yerlərdə bir neçə obyekti olub və onlar əllərində qalan malları həmin obyektlərə daşıyaraq, orada fəaliyyət göstərirlər. Amma bizimlə əlaqə saxlayanlara xidmət göstəririk”.
Xatırladaq ki, ticarətçilərin böyük əksəriyyəti yeni yaradılan “Metro” ticarət mərkəzində fəaliyyət göstərir.