İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bölgələrdə ilk vətəndaş qəbulu Salyan rayonunda təşkil edilib. Bu barədə Lent.az-a Nazirlikdən məlumat verilib.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından 50-yə yaxın vətəndaş iştirak edib.
Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, əkin sahələrinin su təchizatı, məktəblərin istilik təminatı, sosial və s. məsələlərlə bağlı müraciət edib, təkliflərini bildiriblər. Vətəndaş müraciətləri diqqətlə dinlənilmiş, nazir İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı sahibkarların bir sıra təklifləri müzakirə edilib, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, istixanaların yaradılması, ət kəsimi və emalı müəssisəsinin təşkili və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.